İsmayıl Mərcanlı İMANZADƏ
Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,
Yadlara göz dağıdır, qazandığın Zəfərin.
Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın –
Əbədi yolçususan nur saçan sabahların!
Gur səsinlə “Qarabağ-Azərbaycandır!”-dedin,
Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!
Nəqş elədin imzanı torpağa al qanınla –
Tanındın hər tərəfdə isminlə, ünvanınla!
Uğrunda can verdiyin bu ana torpaq sənin,
Döyüş günü səsini əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli bayraq sənin,
Şəhid ucalığında vətən daşına döndün –
Azadlıq nəğməsinə, Zəfər marşına döndün!
Ünyetməyən məkana qalxıb ölümsüz oldun,
Andında, peymanında, ilqarında düz oldun.
Qarı düşmən önündə hər an yenilməz oldun,
Məzarın and yeridir, adın hər qəlbdə naxış –
Şəhidim, əhsən sənə, hünərinə min alqış!