Gəncənin “lələ” həsrəti

post-img

Hər şəhərin öz nəfəsi, öz danışıq melodiyası var. Gəncənin nəfəsi isə çox vaxt bircə sözün içində gizlənib - “lələ” xitabında. Bu müraciət təkcə çağırış deyildi, o, bir şəhərin ruhunu daşıyırdı. Onunla danışıq doğmalaşır, münasibət istiləşir, yadlıq aradan qalxırdı.

Bir vaxtlar Gəncənin hər məhəlləsində, hər küçəsində bu söz səslənirdi. Qonşu qonşuya “ay lələ, bura gəl” deyir, bazarda satıcı alıcıya “lələ, götür, təzə maldı” söyləyirdi. Uşaqlar topun dalınca qaçanda bir-birinə “ötür, lələ” qışqırırdılar. Hər dəfə bu söz deyiləndə küçələrin səsi şirinləşirdi, danışığın içində sanki bir musiqi yaranırdı.

Məhəllədə uşaq ikən oyunun qızğın vaxtında qışqıran bir səs yadımda qalıb: – “Ay lələ, topu tut!”. Top havadan yerə düşməmiş sanki hamının çöhrəsi gülürdü. Bu bircə kəlmə oyunun da, uşaqlığın da, dostluğun da dadını dəyişirdi.

“Lələ” sadəcə müraciət deyildi, o, könül qapılarını açan sehrli açar idi. Küskün adamı yumşaldır, yad adamı yaxınlaşdırırdı. Bu sözlə insan bir anda özünü doğma hiss edirdi. Çünki onun içində həm qədim türk nəfəsi vardı, həm də Gəncənin təmiz ruhu.

Bazar səhnələri də yadımdan çıxmır: satıcı əli ilə meyvələrə işarə edib deyirdi: “Lələ, al, bu gün dərmişəm”. Alıcı da tərəddüdsüz gülümsəyib cavab verirdi: “Sağ ol ay lələ, yaxşı, bir az da çək”. Bu cür sadə bir dialoq bazarda yadlığı yox, qardaşlığı, doğmalığı yaradırdı.

İndi bu söz az eşidilir. Küçələrin səsi dəyişib, çağırışların ruhu başqa olub, yerini yad ifadələr titub.

“Lələ” – Gəncənin öz ahəngidir. O ahəng ki, səmimiyyətin, dostluğun, sadəliyin səsi ilə birləşib. Hərdən insan darıxır, çünki bu bircə kəlmədə uşaqlığın oyunu, gəncliyin zarafatı, böyüklərin qayğısı, Gəncənin təmiz nəfəsi yaşayır.

Ona görə də, kiminsə dilindən təsadüfən “lələ” eşidəndə adamın ürəyi işıqla dolur. Sanki keçmiş qayıdır, sanki şəhərin daş küçələri yenidən danışmağa başlayır, çinarların yarpaqları da köhnə günlərin xatirəsinə pıçıldayır. O bircə səs yetir ki, uşaq gülüşləri, gənclik zarafatları, böyüklərin qayğıkeş söhbətləri yada düşsün. Yəni Gəncənin “lələsi” itməkdə olan bir söz yox, əbədi bir yaddaşdır.

“Lələ” sözü təkcə danışıqda deyil, Gəncə folklorunda da yaşayıb. Aşıqlar dastan söyləyərkən igid obrazlarını çox vaxt “lələ” deyə çağırırdılar: “İgid lələ, atını çap, meydana gəl!”

El şənliklərində isə gənclər bir-birini məhz bu sözlə səsləyirdi: “Lələ, sazı ötür, bu havanı da mən çalım”. Belə müraciət sadəcə yaxınlıq yox, həm də hörmət, dostluq, yoldaşlıq rəmzi idi.

“Lələ” sözü türkdilli xalqların dilində çox qədimdən işlənib. Əvvəlcə bu söz “dayə”, “tərbiyəçi”, “böyük qardaş” mənasında işlənirdi. Orta əsrlərdə şahzadələrin müəllim və ya himayədarlarına da “lələ” deyilirdi. Məsələn, Səfəvilər dövründə Şah İsmayıl Xətainin məşhur tərbiyəçilərindən biri “Lələ Hüseyn bəy” idi.

Zaman keçdikcə sözün mənası genişləndi, sadə xalq dilində “yaxın dost”, “qardaş”, “sirdaş” mənasında işlənməyə başladı. Gəncədə isə bu müraciət o qədər şirin və doğma tələffüz olundu ki, şəhərin danışıq üslubunun ayrılmaz hissəsinə çevrildi.

Son illər gənclərin dilində yeni bir söz dolaşır – “Ağəli”. Gülüş xatirinə deyilən bu müraciətin nə tarixi var, nə də mənası. O, təsadüfi uydurmadır. Halbuki “lələ” minillərin yaddaşından süzülüb gəlir, Gəncənin ruhunu daşıyır. “Lələ” doğmalıq gətirir, “Ağəli” isə boş səsdir. Gərək bizim yaddaşımızı yaşadan sözləri saxlayaq, uydurmaları, boş sözləri yox.

Əgər “lələ” unudularsa, Gəncənin səsi də bir az kasıblaşacaq. Çünki bu sözün içində sadəliyimiz, səmimiyyətimiz, doğmalığımız yaşayır. Biz danışığımıza bu kəlməni qaytarmasaq, şəhərimizin dilindəki nəğmələr də itəcək.

“Lələ” – itməkdə olan bir söz yox, əbədi bir yaddaşdır. Biz onu yaşatsaq, Gəncə yenə öz şirin ahəngi ilə nəfəs alacaq. Hər dəfə “lələ” deyiləndə şəhərin daş divarları da, çinarların kökləri də, insanların qəlbi də işıqlanacaq. Ona görə də bu sözü qorumaq, övladlarımıza ötürmək bizim borcumuzdur. Qoy sabah küçədə bir uşaq dostuna “lələ, gəl bura” desin, bazarda satıcı alıcıya “lələ, götür təzədi” söyləsin. Çünki “lələ”ni yaşatmaq Gəncənin öz ruhunu yaşatmaq deməkdir.

Lələ deyən səsin vardı,
Küçələrdə nəfəs vardı,
Bir kəlmədə qardaşlıq,
Bir sözündə həvəs vardı.

Kim yazıb, harda yazıb, necə yazıb, zəifdr, güclüdür, deyə bilmərəm. Amma o misrada “lələ” həsrəti varsa, demək o, güclü şeirdir. Çünki orada həyat var, sadəlik, şirinlik var, nəhayət, Gəncə var!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sosial həyat