Şəmkir rayonunun şəhid övladları bu gün bir ürək, bir nəfəs olaraq ölkəmizin futbol qüruru “Qarabağ” Futbol Klubunu dəstəkləmək üçün Bakı şəhərinə yola düşüblər. Onlar bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq təmsilçimizə tribunadan güc verəcəklər.
Bu mənalı səfərin təşkilinə görə Şəmkir Rayon İcra Hakimiyyətinə, Rəşad Tağıyevə xüsusi təşəkkür düşür. Belə təşəbbüslər bir daha sübut edir ki, şəhid ailələri, onların övladları tək deyillər, dövlət daim onların yanındadır. Bu səfər sadəcə futbola baxış deyil, həm də vətənə bağlılığın, vətən yolunda canından keçənlərin əmanətlərinə olan ehtiramın göstəricisidir.
Səfər çərçivəsində şəhid övladları Bakının ən simvolik və mənəvi dəyəri olan yerlərini də ziyarət edəcəklər. Onlar əvvəlcə Şəhidlər Xiyabanına baş çəkəcək, Azərbaycan tarixinin ən qəhrəman səhifələrinin yazıldığı o uca məkanı gəzəcəklər. Daha sonra Zəfər Parkında qələbənin nəfəsini hiss edəcək, Dənizkənarı Bulvar boyu paytaxtın gözəllikləri ilə tanış olacaqlar.
Bu ziyarətlər, gəzintilər və “Qarabağ” oyununda iştirak uşaqlar üçün sadəcə əyləncə deyil, bu, onlara verilən mənəvi dayaq, vətən sevgisinin yeni, canlı dərsidir.
Unutmayaq: bu ölkənin azadlığı üçün canını fəda edən şəhidlərimizin övladları bu gün “Qarabağ”ın qələbə uğrunda savaşına şahidlik edəcək. Onların alqışında, dualarında atalarının ruhu, Vətənə olan sevgi var.
Bu münasibətlə ailələri ilə birlikdə Bakıya yola düşən bütün şəhid övladlarına “Yaxşı yol!” deyirik. Onlar təkcə bu oyunun deyil, bu Vətənin ən uca azarkeşləridir.
Və əlbəttə, bu axşam bütün ürəklər bir döyünür: “İrəli, “Qarabağ”! Qələbə Səninlə Olsun!”
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir