Tibb və sağlamlığa həsr olunmuş beynəlxalq konqres

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə hibrid formatda “8-ci Beynəlxalq Tibb və Sağlamlıq Elmləri” mövzusunda beynəlxalq elmi-praktik konqres öz işinə başlayıb.

Ümumilikdə konqresdə 20 ölkədən - Türkiyə, Pakistan, Qazaxıstan, Albaniya, Anqola, Braziliya, Bolqarıstan, Çin, Çexiya, Hindistan, İran, Monteneqro, Mərakeş, Nigeriya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya və s. 200-dən çox nümayəndə iştirak edir.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bildirib ki, konqres ölkəmiz üçün əlamətdar hadisəyə - Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunub. Natiq diqqətə çatdırıb ki, beynəlxalq konqres Azərbaycanda keçirilmiş COP29 kimi dünya nüfuzlu konfrans və “Yaşıl dünya naminə həmrəylik ili” kimi tədbirlərin davamı olaraq ölkəmizdə iqlimə, yaşıl dünyaya, tibbə, sağlamlığa verilən dəyərin elmi təzahürüdür. AMEA rəhbəri vurğulayıb ki, belə konqreslər yaşıl iqtisadiyyat, yaşıl iqtisadi zonanın daha da genişlənməsinə, sağlamlığımızın rifahına xidmət edir. Diqqətə çatdırılıb ki, müalicəvi Naftalan nefti, 1.500 növ müalicəvi bitki resursları, mineral suları, Duzdağ kimi zəngin təbii resurslara malik olan Azərbaycan üçün bu faktorların tibbdə istifadəsinin elmi əsaslarının işlənməsi ölkəmiz üçün prioritet təşkil edir.

Daha sonra tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi İltifat İbrahimov, İKSAD-ın Azərbaycan üzrə baş direktoru Dr. Əlvan Cəfərov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Türkiyənin İnönü Universitetinin Əczaçılıq fakültəsinin professor Dr. İsmet Yılmaz, Çin Xalq Respublikasından “Lingren Group”un sədri Dr. Li Zhang, onlayn formatda Pekin Universitetindən Dr. Liu Tingfang çıxış edərək konqresin əhəmiyyətindən danışıblar.

Konqresin əsas təşkilatçılarından olan ETN Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru professor Ulduz Həşimova bildirib ki, Azərbaycan təbii bitkilərlə zəngin bir ölkədir. Bu bitkilərdən istifadə etmək, onun müalicəvi əhəmiyyətini daha dərindən araşdırmaq, tədqiq etmək alimlərin üzərinə böyük məsuliyyət qoyur: “Bu gün bizdə olan müalicəvi bitkilərin, Naftalan neftinin, duzların istifadəsi üçün onların hüceyrə səviyyəsində təsirlərini öyrənməli, fiziki və kimyəvi  xüsusiyyətlərini dərindən araşdırmalı, fayda və ziyanlarını müəyyənləşdirməliyik”

Beynəlxalq  elmi-praktik konqres 20 bölmə iclasında öz işini davam etdirib. Xərçəngin erkən diaqnostikası, biotibbi materialların inkişafı, neyrodegenerativ xəstəliklər, ictimai səhiyyə modelləri və süni intellektin tibb sahəsinə tətbiqinə dair geniş müzakirələr aparılıb.

Qabil YUSİFOĞLU
XQ

 





Sosial həyat