Məhsul artımı aşağıdır, keyfiyyət isə yüksək deyil
Azərbaycanda həyata keçirilən məqsədyönlü aqrar siyasət nəticəsində son illər ölkənin kənd təsərrüfatında müəyyən uğurlar əldə edilib. Yeni təsərrüfatçılıq modelləri tətbiq edilməklə heyvanların cins tərkibi yaxşılaşdırılıb, məhsuldarlıq artırılıb, heyvan mənşəli məhsulların istehsal həcmi çoxalıb, yem ehtiyatlarının yaradılması istiqamətində müəyyən layihələr reallaşdırılıb, örüş və otlaq sahələrindən səmərəli istifadəyə nəzarət gücləndirilib.
Bütün bunlar heyvandarlıq və süd istehsalında müsbət trendlərin mövcud olmasını deməyə əsas verir. Statistik göstəricilərdə istehsalda nəzərəçarpan artımı – illik və qısamüddətli dövrlərdə süd hasilatında canlanma təsdiqləyir. Lakin yerli istehsal hələ daxili bazarı tam təmin etmir, idxal həcmində artım, istehlak normativlərinin aşağı düşməsi, emalda azalma, satış problemləri kimi amillər qarşıya qoyulan vəzifələrin gerçəkləşdirilməsini çətinləşdirir.
Mütəxəssislərin fikrincə, sadalanan çətinlikləri aradan qaldırmaq üçün strateji investisiyalar, infrastruktur, emal sahələrində yenilikçi yanaşmalar zəruridir. Fermerlər üçün əlverişli şəraitin yaxşılaşdırılması, otlaq və yem resursları istifadəsinin optimallaşdırılması, emal sənayesinə dəstək və bazar yönümlü keyfiyyət siyasəti respublikamızda süd sektorunu yeni səviyyəyə qaldıra bilər.
Süd istehsalında yaranmış mənzərə statistik göstəricilərdə də aydın nəzərə çarpır. Məsələn, kənd təsərrüfatında ümumi istehsal 2024-cü ildə 1,5 faiz artaraq 13 milyard manata yüksəlib. Bu dövrdə heyvandarlıq məhsullarında 1,7 faiz, bitkiçilikdə 1,1 faiz artım qeydə alınıb. Süd istehsalı isə 2,3 milyon ton (2023-cü illə müqayisədə 0,6 faiz çox) olub. Eyni zamanda, hər inəkdə orta süd hasilatı cins tərkibin yaxşılaşması və məhsuldarlığın artımı hesabına 2023-cü ildə 1746 kiloqramdan 2024-cü ildə 1834 kiloqrama yüksəlib.
Aparılan araşdırmalara əsaslanıb qeyd edək ki, respublikamızda gündəlik istehlak edilən məhsullar sırasında süd istehsalı xüsusi yer tutur. Marketlərdə satılan müxtəlif şirkətlərin qablaşdırılmış və pasterizə olunmuş süd məhsullarının həcmi davamlı şəkildə artır. Lakin heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlər isə istehsal etdikləri südü satmaqda hələ də böyük çətinliklə üzləşir. Eyni zamanda, yerli istehsal həcmi daxili tələbi tam ödəməyə imkan vermir.
Ümumiyyətlə, yerli istehsal artımına baxmayaraq, bazar hələ də idxal asılılığını tam aradan qaldıra bilməyib. 2023-cü ilin ərzaq balansı məlumatlarına görə, ölkənin ümumi süd məhsulları ehtiyatı 2,8 milyon ton təşkil edib. Bunun yalnız 2,3 milyon tonu daxili istehsal, 475 min tonu idxal, qalan hissə əvvəlki ilin ehtiyatı hesabına reallaşıb. Özünütəminetmə səviyyəsi isə 2014-cü ildəki 76 faizdən 2023-cü ildə 84 faizə qədər yüksəlib. Lakin bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik istehlak normasından (360 kiloqrama nisbətdə cəmi 61 faiz) geri qalıb. Yeri gəlmişkən, 2023-cü ildə adambaşına süd və süd məhsulları istehlakı isə 258 kiloqram (ÜST normasında nəzərdə tutulan 405 kiloqramın 63,9 faizi) olub. Başqa sözlə, yerli istehsal istehlak normasına çata bilməyib.
Dövlət Statistika Komitəsinin açıqladığı “Ev təsərrüfatları tədqiqatlarının yekunları” adlı məcmudə isə bildirilir ki, 2024-cü ildə Azərbaycanda adambaşına ən çox istehlak edilən qida süd və süd məhsulları olub. Sənədə əsasən hesabat dövründə ölkədə adambaşına 244,9 kiloqram (əvvəlki illə müqayisədə 1,5 faiz az) süd və süd məhsulları istehlak edilib.
Qeyd edək ki, yerli süd istehsalının idxal ilə rəqabətində keyfiyyət amili də zəifdir. Ağır iş şəraiti, resurs çatışmazlığı və infrastrukturun məhdud olması fermerlər üçün ciddi çətinliklər yaradır. Örüş və yem problem də ciddi narahatlıq doğurur. Bu məsələdə diqqətçəkən maneələrdən biri örüş və otlaq sahələrinin çatışmazlığıdır. İnsanların yaşayış yerlərindən köçü, infrastruktur çatışmazlığı və dağlıq relyef heyvandarlığı məhdudlaşdırır və süd istehsalına mənfi təsir göstərir.
Süd emalının nəzərdə tutulan səviyyədə təşkil edilməməsi də problemlər sırasında yer alır. Emal sənayesində azalma (məsələn, pendir istehsalının aşağı düşməsi) yerli fermerlər üçün satış kanallarının zəifliyini, istehsal olunan südün bazara tam çıxarılmamasını göstərir. Ümumiyyətlə, fermerlər istehsal etdikləri südü satmaqda çətinlik çəkir. Eyni zamanda, ölkə tələbatı yerli istehsalla tam qarşılanmır. İdxalın artması isə daxili istehsal gücünün tam istifadə edilmədiyini, yerli bazarda hələ də istifadə olunmayan imkanların gerçəkləşdirilmədiyini göstərir. Bu paradiqmanın yaranması sadəcə istehsalçının problemlərindən deyil, bazarın resurs dəstəyi, emal və paylama infrastrukturundakı vəziyyətdən irəli gəlir.
İstehsalda “düyün”
Azərbaycanda süd istehsalının artırılması sahəsində əsas məsələlərdən biri, məhsuldarlığın yüksəldilməsidir. Son illərdə hər inəkdən əldə olunan süd miqdarı artmaqdadır, lakin bu göstərici hələ də digər inkişaf etmiş ölkələrlə müqayisədə aşağı qalır. Azərbaycanda süd istehsalının artırılması üçün mal-qaranın cins tərkibinin dəyişdirilməsi, yüksək məhsuldar cinslərin istifadəsi vacibdir. Bu, həm də kənd təsərrüfatında daha çox rentabellik və yüksək gəlir əldə etməyə imkan yaradır.
Müasir mərhələdə süd istehsalını artırmaq və emalını təkmilləşdirmək üçün sahələrarası əlaqələrin gücləndirilməsi vacibdir. Klasterlərin (istehsal güclərinin birləşməsi) yaradılması süd istehsalı və emalı sahəsində bazar iştirakçıları üçün iqtisadi cəhətdən sərfəlidir, çünki onlar məhsul istehsalının həcmini artırmağa, istehsal münasibətlərini təkmilləşdirməyə və gəlirlərin düzgün bölüşdürülməsinə şərait yaradır. Bununla yanaşı, aqrar sığorta mexanizminin tətbiqi və heyvanların sığortalanması məsələləri də bu sahənin inkişafı üçün önəmlidir.
Ümumiyyətlə, ölkədə süd və süd məhsullarının istehsalını artırmaq mümkündür, lakin bu, təkcə yüksək məhsuldar inəklərin cins tərkibinin dəyişdirilməsi və müasir aqrar texnologiyaların tətbiqi ilə bağlı deyil. Bu məsələdə süd istehsalı və emalı klasterlərinin yaradılması da sözügedən sahədəki problemlərin aradan qaldırılmasına töhfə verə bilər. Azərbaycanda bu sahədəki imkanlardan düzgün istifadə olunması ölkənin ərzaq təhlükəsizliyini gerçəkləşdirmək və iqtisadiyyatı gücləndirmək baxımından mühüm addım olacaq.
Kənd təsərrüfatı elmləri namizədi Esmira Lətifovanın sözlərinə görə, heyvandarlıqda, daha konkret ifadə edilsə, südçülükdə damazlığın diqqətdə saxlanılması da əsas şərtlərdən biridir. Belə ki, ölkədə yüksək məhsuldar heyvanların yetişdirilməsi, mövcud cinslərin yaxşılaşdırılması, yeni və daha səmərəli cinslərin yaradılması ilə süd istehsalını artırmaq olar. Bu zaman damazlıq cins heyvanların sənaye üsulu ilə saxlanılması üçün onlar yüksək adaptasiya xüsusiyyətlərinə malik olmalı, süd və ət istehsalında tətbiq edilən avtomatlaşdırılma, eləcə də mexanikləşdirilmə sənaye texnologiyasının tələblərinə cavab verməlidir.
Alimin fikrincə, damazlıq işi hər bir ölkənin milli qanunvericiliyinə müvafiq olaraq hüquqi-normativ sənədlərə əsasən, dövlətin nəzarəti ilə çoxşaxəli damazlıq təsərrüfat və qurumları tərəfindən həyata keçirilir. Çoxlu sayda südlük – damazlıq təsərrüfatlarının mövcudluğuna baxmayaraq dövlət dəstəyi olmadan bu istiqamətdə fəaliyyət göstərən qurumların heç də hamısı seleksiya işlərinin aparılmasında maraqlı deyil. Seleksiyanın aparılmasında yalnız o təsərrüfatlar maraqlıdır ki, onlar damazlıq heyvan satmaq və bu yolla daha çox gəlir əldə etmək imkanına malikdir.
Bu sahədə dövlətin rolu əsasən bazarda mövcud olan bütün iştirakçıların (istehsalçılar, emalçılar) fəaliyyətini koordinasiya etmək, onların səmərəli fəaliyyətini gerçəkləşdirmək, eləcə də südlük – heyvandarlıq sektorunun əsas iştirakçıları sayılan süd istehsalçılarına kömək göstərməkdən ibarətdir. Müxtəlif ölkələrdə dövlət tənzimlənməsi özünəməxsus şəkildə həyata keçirilir və inkişaf strategiyası, eyni zamanda milli maraqları nəzərə alınmaqla fərqli yanaşma tətbiq edilir.
Azərbaycanda damazlıq işi 1990-cı ilədək, yəni sosialist sistemi dağılana qədər SSRİ-nin digər respublikalarında olduğu kimi, kollektiv təsərrüfatlarda və dövlət damazlıq müəssisələrində həyata keçirilirdi. Respublikada mövcud olan təsərrüfatların cins mal-qara ilə təmin edilməsi əsasən Rusiyanın müxtəlif regionlarından, Ukrayna və Pribaltika respublikalarından yüksək məhsuldar damazlıq cins heyvanların gətirilərək zootexniki fəaliyyətə uyğun şəkildə təmizlikdə yetişdirilməsi yolu ilə reallaşdırılırdı.
Kənardan gətirilən damazlıq heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin qorunub saxlanması və sonrakı nəsillərə ötürülməsi üçün onlar əsasən yem bazası və saxlanma şəraiti daha yaxşı olan kolxoz və sovxozlara, eləcə də dövlət damazlıq müəssisələrinə verilirdi və bu təsərrüfatlarda həmin heyvanlardan yüksək göstəricilər əldə olunurdu. Dövlət damazlıq müəssisələrində yetişdirilən cins heyvanlar, eyni zamanda, əhaliyə satılmaq üçün istifadə edilirdi.
Müstəqillik dövründə isə damazlıq işi Azərbaycan Prezidentinin 2008-ci il 21 avqust tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Sərəncamı ilə yeni mərhələyə daxil olub. Bundan sonra tətbiq edilən qaydalara əsasən ölkəyə yenidən digər ölkələrdən, xüsusilə də Avropadan məhsuldar cins inəklərin idxalına başlanıb. Eyni zamanda, dövlət damazlıq müəssisələri ilə yanaşı, respublikaya gətirilən məhsuldar cins heyvanlar hesabına yeni özəl südçülük təsərrüfatları yaradılıb. Bu istiqamətdə digər önəmli layihələr də gerçəkləşdirilib.
Mütəxəssislər bildirirlər ki, südlük maldarlıqda damazlıq məsələləri daim diqqətdə saxlanılmalı, beynəlxalq təcrübədən yararlanmağa üstünlük verilməlidir. Eyni zamanda, inkişaf etmiş ölkələrdən fərqli olaraq respublikamızda fərdi, ailə – kəndli və ev təsərrüfatlarında damazlıq – seleksiya işləri aparılmalıdır.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Süd istehsalında yüksək nəticə əldə etmək üçün məhsuldar cins heyvanların yemləndirilməsi, xüsusi qaydada bəslənilməsi və saxlanılması bu sahədə prioritet istiqamətdir. Amma fərdi təsərrüfatlarda bu məsələ, eləcə də heyvanların identifikasiyası, məhsuldarlıq göstəricilərinin uçotu kağız formatında belə aparılmır. Digər heyvanlardan daha yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən südlük inəklərin ən azından sadə seleksiya üsulu ilə seçilməsi, onlardan alınan balaların ayrıca və daha yaxşı şəraitdə saxlanması yolu ilə damazlıq xəttin yaradılması da diqqətdən kənarda qalır. Yalnız son illərdə dövlət tərəfindən geniş tətbiq edilən subsidiyalar nəticəsində heyvanların süni mayalandırılmasına əhalinin marağının artması bu sahədə müəyyən nikbinlik yaratsa da, yerli heyvan sahiblərinin maarifləndirilməsi istiqamətində təbliğat və təşviqat işlərinin aparılmasına ciddi ehtiyac duyulur.
Fikrimcə, mövcud iri təsərrüfatlarda sözügedən sahədə müəyyən işlər görülsə də, ölkədə südlük maldarlıqda vahid damazlıq sisteminin qurulması, damazlıq işinin müasir qaydada təşkili və dayanıqlı inkişaf etdirilməsi üçün həm iri, həm də fərdi təsərrüfatlarda əsaslı tədbirlərin həyata keçirilməsi zəruridir.
Son illərdə fermerlərin məhsul satışında üzləşdiyi problemlərdən biri də südün kənardan gətirilməsi ilə bağlıdır. Belə ki, əvvəllər mövcud süd idxalı bazarı hazırda, necə deyərlər, bağlanıb. Azərbaycana bu məhsulun gətirildiyi ölkələrdən, məsələn, Rusiya, Ukrayna və Belarusdan idxal prosesi dayanıb. Əslində belə şəraitdə yerli südə və süd məhsullarına tələbat artmalı idi. Amma bizə məlum olmayan səbəbdən bazarda elə bir ciddi dəyişiklik nəzərə çarpmır və məhsul istənilən səviyyədə satılmır. Bu, hardansa bazara ucuz məhsulların daxil olması ilə bağlıdır. Amma iş burasındadır ki, həmin südün keyfiyyətindən də danışmaq mümkün deyil.
Belə şəraitdə fermerlər əlacsız qalıb südü maya dəyərindən də aşağı qiymətə təklif edir, amma müəssisələri razı sala bilmir. Alıcı müəssisələrdə bilməlidirlər ki, südün maya dəyəri getdikcə artır. Respublikada heyvan yemi əsasən idxal yolu ilə reallaşır. Xaricdə yem bahalaşırsa, deməli, ölkəmizdə də qiymət qalxır və bu məhsulun maya dəyərinin artması ilə nəticələnir. Amma fermerlər satış qiymətini artırmırlar və əvvəlki qiymətlə zavodlara təklif edirlər. Bununla belə alış yenə də zəifdir.
Burada narahatlıq doğuran digər bir məqam odur ki, Azərbaycanda istehsal olunan süd məhsullarının böyük hissəsi xaricdən gətirilən quru süddən əldə olunur. Bu isə yerli istehsalın mühüm bir hissəsinin də əslində idxal məhsulu olduğunu deməyə əsas verir. Amma burada təəccüb və təəssüf doğuran hal odur ki, ölkəyə gətirilən quru südə ucuz yağlar qatılmaqla keyfiyyətsiz məhsul əldə edilir. Başqa sözlə, quru südü yenidən südə çevirən zaman onun tərkibinə keyfiyyətli süfrə yağı əvəzinə marqarin vurulur. Belə süd isə insan oqranizmi üçün çox təhlükəlidir.
Düzdür, Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida, eləcə də süd məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlayır. Müəyyənləşdirilən konkret faktlar üzrə agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan süd məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Lakin təkcə bu halla süd bazarında üzləşilən çətinlikləri aradan qaldırmaq olmur.
Vaqif BAYRAMOV
XQ