Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması təkcə qanunların və dövlətçiliyimizin hüquqi əsaslarının deyil, eyni zamanda, xalqın yaddaşının, milli-mənəvi dayaqlarımızın yenidən dəyərləndirilməsinə xidmət edən mühüm çağırışdır. Bu çağırışın ruhuna uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı çərçivəsində keçirilən hər bir görüş məzmun və dəyər baxımından çox faydalı olur, uzun müddət unudulmur.
Bu mənada Ağstafa şəhərinin Səməd Vurğun adına istirahət parkında təşkil olunan növbəti görüş də maraq doğururdu.
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun ağsaqqallarla səmimi və ürəkdən gələn bu görüşü bir daha təsdiqlədi ki, ölkədə yaşlı nəslə, ağsaqqallara ehtiram dövlət siyasətinin dəyişməz sütunlarından biridir. Giriş nitqində RİH başçısı qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi dərin hörmət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Cəmiyyətin mənəvi dayağı olan bu insanlar həm dünənin, həm bu günün, həm də sabahın ruhunu yaşadırlar.
Seymur Orucov çıxışı zamanı vurğuladı ki, ölkə rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq Ağstafada həyata keçirilən sosial infrastruktur layihələri, abadlıq və quruculuq işləri, əhalinin rifahına xidmət edən proqramlar bu gün real nəticələr verməkdədir. O, ağsaqqallardan bu sahələrdə görülən işlərə dair fikir və tövsiyələrini bildirməyi xahiş etdi və dedi ki, “Ağstafanı addım-addım tanıyan insanlar elə siz özünüzsünüz”.
Görüşün ən dəyərli anları isə sözsüz ki, ağsaqqalların ürək sözləri idi.
Ağstafa Rayon Ağsaqqallar Şurası sədrinin müavini Sənan Mustafayev, ağsaqqallar – Şaiq Qurbanov, Qurban Nəbiyev, Musa Dəmirçiyev, Məmməd Məmmədov, Cəmaləddin Rzayev və Tavad Aslanov çıxışlarında təkcə təşəkkür etməklə kifayətlənmədilər. Onlar, eyni zamanda, xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin zəruriliyini bir daha səsləndirdilər. Onların səsində həm keçmişin müdrikliyi, bugünün aydın baxışı, həm də sabahın ümid işığı duyulurdu.
Onlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yaşlı nəslə, eləcə də Ağstafaya göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşdə həmçinin rayonun ictimai-siyasi və sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər ətrafında səmimi fikir mübadiləsi aparıldı, ağsaqqalların təklif və müraciətləri dinlənildi.
Sonda xatirə şəkli çəkdirildi. Amma bu görüşün əsl xatirəsi ağsaqqal səsi, ağsaqqal sözü idi...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Ağstafa