Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

post-img

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin pedoqoji heyəti üçün maarifləndirici görüşlərə start verilib.Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşdırılan görüş 163 nömrəli tam orta məktəbdə keçirilib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən görüşdə "Əməkdaşlıq müasir təlim konsepsiyası kimi" və "Müəllim-şagird-valideyn münasibətiləri - təhsildə uğurun üç güşəsi" mövzuları ətrafında geniş söhbətlər aparılıb. İştirakçılara əməkdaşlığın prinsipləri, təlim prosesinin effektivliyində rolu və tətbiqinin zəruriliyi, müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsirləri barədə məlumat verilib.

XQ-yə Bakı şəhəri üzrə Təhsil İdarəsi Media və İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, görüşdə müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulan görüşlərin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafına dəstək vermək, şagirdlərdə liderlik bacarıqlarının inkişafı üçün təhsilverənləri müasir metodlarla tanış etməkdən ibarətdir.

Müşfiq Mirzə
XQ



Sosial həyat