Bəhruz Quliyevin adı çəkiləndə ortaya qəribə bir sükut çökür. Hiss edirsən və görürsən ki, bu sükutun içində qürur da var, həsrət də, bir damla göz yaşı da, insanın daxilinə işləyən minnət də. Çünki Bəhruz təkcə bir ad deyil. Bu ad torpağa yazılmış anddır, bayrağa sarılmış qürurdur, azadlıq üçün susub can verməyin səsini ucaldan hekayədir.
O, Vətən deyəndə susanlardan idi. Çünki onun Vətənə sevgisi səs-küylə ölçülmürdü. Bu sevgi baxışlarında, davranışlarında, səssiz fədakarlığında gizlənmişdi. Bəhruz Quliyev Vətənin qəlbinə köçmüş igidlərdən biri idi. O, şəhidliyin nə olduğunu yalnız izah etmədi, onu yaşadı, yaşatdı, örnəyə çevirdi.
9 may 1990-cı il… Dünyanın faşizm üzərində qazandığı qələbənin ildönümü. Elə bil tarix özü ona bir yol çəkmişdi: dünyaya göz açan bu uşaq nə vaxtsa başqa bir qələbənin – milli azadlığın simvoluna çevriləcək. Beləcə Goranboyda doğuldu, Naftalanın səssiz küçələrində böyüdü, uşaqlığı da sakit keçdi. Həmişə gözləri danışırdı, dili yox idi sanki. Amma içindəki Vətən sevgisi bir gün fəryad kimi qopacaqdı.
2014-cü ildə o gün gəldi, hərbçi oldu… 2016-cı ilin Aprel döyüşlərində ön cəbhədəydi. Ölümün düz gözlərinin içinə baxdı, amma geri çəkilmədi. Döyüşdən qayıtdı, lakin içində bir hiss qaldı və düşündü ki, bu, son deyil. Bir gün yenə getməli olacaq. Vətən onu bir daha çağıracaq...
Müharibə başlamazdan bir neçə gün əvvəl bir səhər durub qızlarının da əllərindən tutaraq şəhərə çıxardı. O gün adi bir gün deyildi. O baxışlarda qəribə bir dərinlik vardı. Elə bil, o gün gözləriylə son dəfə onları əzbərləyirdi. Saçlarını tumarladı, bir şəkil də çəkdirdi. Gülümsəyirdi, amma gözləri susurdu. Bəlkə də bilirdi. Bu şəkil sadəcə xatirə deyildi, sanki gələcəyə miras idi…
O gün qızlarının əlindən tutan bir ata vardı, isti, qoruyucu, özünə əmin. Bu gün isə o əllərdən dövlət tutur, güvənlə, ehtiramla, sevgi ilə. Vətən indi o kiçik əlləri özü qədər əziz bilir. Çünki həmin əllər artıq yalnız ata əllərinin yox, bir xalqın ümidinin daşıyıcısıdır. O balalar bəlkə o günləri xatırlamırlar, amma o əlin verdiyi gücü, sevgini, inamı içlərində daşıyırlar.
Bəhruz Suqovuşanda döyüşürdü. Vətən uğrunda ən ağır məqamda belə geri dönmədi. Bir gün yaralı döyüş yoldaşlarını xilas etmək üçün ölümün içinə atıldı. Onları xilas etdi, amma özü minomyot partlayışına tuş gəldi. 7 gün boyunca yaralı vəziyyətdə, səssiz, köməksiz bir halda maşının içində qaldı. Amma tənhalığında belə tək deyildi. Qəlbində Vətənlə danışırdı bəlkə də. Susurdu, amma içində dua edirdi, balaları üçün, torpaq üçün, bayraq üçün... Anası deyir ki, “xəbər gələndə dünya başıma fırlandı, dağlar üstümə uçdu”.
Ananın dağ boyda oğlu indi səssiz torpaq altında yatır. Amma o torpaq artıq onun adı ilə müqəddəsləşib. Zaman keçir, amma bu ağrını sakitləşdirən dərman hələ tapılmayıb. Şəhid anası olmaq, bir tərəfdə qürurun ən uca zirvəsi, bir tərəfdə oğul dərdinin ən dərin acısı deməkdir…
Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olundu. Amma onun ən böyük mükafatı xalqın qəlbində qazandığı əbədi sevgidir. O, bizim üçün ordenli-medallı bir əsgər deyil. O, bizim yaddaşımızın, kimliyimizin bir parçasıdır.
İllər keçir və artıq 5 il olub. Qızlarının özləri də, əlləri də böyüyüb. Bəlkə o gün atalarının əlindən tutduqlarını xatırlamırlar, amma o əlin onlara verdiyi gücü, inamı və qorxmazlığı içlərində yaşadırlar. Onlara Bəhruzdan bir miras qalıb: başı dik, alnıaçıq yaşamaq.
Bu günlərdə Naftalan şəhərində Bəhruz Quliyevin evinin qapısı bir daha döyüldü. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş Bəhruz Quliyevin ailəsini ziyarət etdilər.
Ziyarət zamanı qeyd olundu ki, dövlətimiz şəhidlərimizin qəhrəmanlığını daim yüksək qiymətləndirir, xatirələri uca tutulur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə şəhidlərimizin qanı və xalqımızın birliyi ilə qazanılıb.
Qonaqlar Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından danışaraq, şəhidlərin fədakarlığının dünya yaddaşında sülhün zəmanəti kimi qalacağını vurğuladılar. Şəhidin valideynləri övladlarının döyüş yolundan bəhs edib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
…Bu torpağın hər azad qarışında Bəhruzun izi var. Onun kimi igidlər danışılmır, hiss olunur. Adı çəkiləndə ürək dayanır bir anlıq… sonra başlar əyilir, özü də qürurla, minnətlə, səssiz dua ilə.
“Vətən sağ olsun” deyib gedənlər əslində heç vaxt getmirlər. Onlar hər zaman buradadırlar: hər sabahın şəfəqində, hər uşaq gülüşündə, hər əsən küləkdə. Çünki onların izi torpağa deyil, qəlblərə yazılıb.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Naftalan şəhəri