ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə keçirilən danışıqlar iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın yeni formatının başlanğıcı kimi qiymətləndirilir. Görüşün ən mühüm nəticələrindən biri “Boeing” şirkəti ilə imzalanmış çoxmilyardlıq müqavilə olub. ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrak da jurnalistlərə verdiyi açıqlamada sazişin imzalandığını təsdiqləyib.
“Bloomberg” agentliyinin məlumatına görə, Türkiyə 200-dən çox sərnişin təyyarəsinin alınmasını nəzərdə tutan bu razılaşma ilə həm mülki aviasiya sektorunu daha da müasirləşdirəcək, həm də beynəlxalq daşımalar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu saziş ölkəyə həm turizm, həm də tranzit daşımalar baxımından əlavə üstünlüklər qazandıracaq, Türkiyənin regional qovşaq rolunu gücləndirəcək.
ABŞ üçün isə bu müqavilə yalnız iqtisadi mənfəət deyil, həm də strateji tərəfdaşlığın gücləndirilməsi baxımından önəm daşıyır. Belə böyükhəcmli iqtisadi əlaqələr siyasi münasibətlərin istiləşməsinə zəmin yaradır və müttəfiqlik əlaqələrini dərinləşdirir. Mütəxəssislərin qənaətinə görə, iqtisadi müstəvidə əldə olunan razılaşmalar çox zaman siyasi və hərbi əməkdaşlığa da təkan verir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və ABŞ üçün Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz regionlarında əsas müttəfiq olaraq qalır. “Boeing” müqaviləsi kimi yüksəksəviyyəli sazişin imzalanması tərəflər arasında qarşılıqlı etimadın bərpasına xidmət etməklə yanaşı, müdafiə sənayesi, texnoloji mübadilə və regional təhlükəsizlik sahəsində yeni təşəbbüslərə zəmin yarada bilər. Bu, xüsusilə Suriya və İraqdakı təhlükəsizlik problemləri, eləcə də Aralıq dənizindəki gərginlik fonunda koordinasiyanın artırılması üçün kritik əhəmiyyət daşıyır.
Türkiyənin xarici siyasətində diqqətçəkən balanslı yanaşma bu səfərin nəticələrində öz əksini tapır. Ankara bir tərəfdən Rusiya və regional qonşularla əməkdaşlıq əlaqələrini saxlayır, digər tərəfdən isə NATO və ABŞ ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır. Cənab Ərdoğanın bu səfəri Türkiyə üçün ABŞ-la yaxınlaşmanın, xüsusilə regional təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Türkiyə liderinin ABŞ səfəri və “Boeing” müqaviləsi iki ölkə arasında münasibətlərin inkişafında yeni, daha konstruktiv mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu addım yalnız iqtisadi deyil, həm də strateji xarakter daşıyır. Mövcud razılaşma ABŞ-Türkiyə tərəfdaşlığının gələcəkdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik sahəsində də genişlənəcəyinə dair nikbin proqnozları gücləndirir və bölgədəki geosiyasi dinamikaya təsir göstərmək potensialına malikdir.
Səbuhi MƏMMƏDOV
XQ