Saatlı rayonunda inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta məktəbin binasının açılışı olub.
Heydər Əliyev Fondu hədiyyəsi olan yeni binanın açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Astanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, Nabatkənd tam orta məktəbin binası 1937-ci ildə inşa edilib. Ötən müddət ərzində bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa olunub.
624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Məktəbin müəllimi Vüqar Hüseynov bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük hədiyyədir. "Bu, biz müəllimləri və şagirdləri çox sevindirir. Məktəb kollektivi və kəndimiz adından Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk".
XQ