Bu yaxınlarda “Xalq qəzeti”ndə bir maraqlı yazı diqqətimi cəlb etdi. Tanınmış ictimai xadim, şair, dramaturq, nasir, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Hidayət Orucovun “Əziz Əliyevin heykəli hardadır?” adlı məqaləsini birnəfəsə oxuyandan sonra yüksək təəssüratımı qələmə almağa, müəllifin nəcib təşəbbüsünü dəstəkləməyi və düşüncələrimi qəzetin oxucuları ilə bölüşməyi qərara aldım.
Öncə qeyd edim ki, Hidayət Orucov gənc yaşlarından etibarən yüksək vəzifələrdə çalışıb və ona tapşırılan bütün işləri böyük məsuliyyətlə, vicdanla yerinə yetirib, xalqa, dövlətə, dövlətçiliyə ləyaqətlə xidmət edib. Hidayət müəllim 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiyası və soyqırımı siyasəti başlayanda etiraz əlaməti olaraq Ermənistan SSR-in Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib. Dəyərli ziyalımız həmişə vətəndaş mövqeyini ortaya qoyub, xalqı narahat edən problemlərə heç vaxt müşahidəçi, seyrçi mövqeyində qalmayıb.
Adını çəkdiyim məqaləsi də sözlərimin haqlı olduğunu bir daha sübut edir. Məqalədə irəli sürülən Əziz Əliyevə abidə qoyulması ilə bağlı təklifini mən də ürəkdən dəstəkləyirəm.
Azərbaycan tarixində nadir insanlardan, böyük şəxsiyyətlərdən biri də Əziz Əliyevdir. Müasirləri onu “cəmiyyətin təbibi” adlandırırdılar. Necə də dəqiq və yerində deyilmiş sözlərdir. Aristotel yazırdı ki, kim yüksək vəzifə tutmaq istəyirsə, üç keyfiyyətə malik olmalıdır: əvvəla, müvafiq dövlət quruluşuna ürəyi yanmalı; sonra vəzifəyə aid olan öhdəlikləri yerinə yetirmək üçün böyük qabiliyyətə malik olmalı; üçüncüsü, hər bir dövlət quruluşuna müvafiq olan yaxşılıq və ədalətliliyi ilə seçilməlidir. Qədim filosofun həmişə aktual olan kəlamları haqqında söhbət açmaq istədiyimiz Əziz Əliyevə də şamil edilə bilər.
Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının unudulmaz oğlu, görkəmli dövlət xadimi və ictimai xadim, alim, tədqiqatçı, XX əsr tariximizdə silinməz izlər qoyan böyük şəxsiyyətlərdən biridir.
Əziz Məmmədkərim oğlu 1 yanvar 1897-ci ildə İrəvan quberniyasında doğulub. 1917-ci ildə gimnaziyanı qızıl medalla bitirib, sonradan Sankt-Peterburq Hərbi Tibb Akademiyasında təhsil alıb. İrəvanda erməni qırğınlarından sonra ailəsi ilə Naxçıvan və Bakı şəhərlərinə köçməli olub. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlayıb, qabaqcıl tibb kadrlarının hazırlanmasına böyük töhfələr verib.
Gənc yaşlarından yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti göstərən Əziz müəllim 1929-cu ildə Kliniki İnstitutun direktoru təyin edilib, sonradan Bakı Səhiyyə İdarəsində, Azərbaycan Tibb Universitetində rektor kimi çalışıb. Ötən əsrin 20–30-cu illərində Azərbaycan və Dağıstan ərazisində malyariya tüğyan edirdi. Yoluxucu xəstəlik nəticəsində insanlar şikəst olur, bir çoxları həyatlarını itirirdi. Əziz Əliyevin Azərbaycan SSR-in xalq səhiyyə komissarı işlədiyi illərdə respublikada və Dağıstanın onunla qonşu olan rayonlarında, xüsusən Dərbənd rayonunda qısa müddətdə malyariya əleyhinə stansiyalar və dispanserlər tikildi, avadanlıqla təchiz olundu. Samur-Dəvəçi kanalının keçdiyi yüz kilometrlik ərazidə dava-dərman və tibb işçiləri ilə təmin olunmuş 11 tibb məntəqəsi yaradıldı.
Azərbaycanda milli tibb elminin inkişafı, respublikada səhiyyənin köklü transformasiyası Əziz Əliyevin hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə onun diqqətində olub. Bunu statistika da sübut edir: o, tibb elmi və səhiyyə sahəsində 67 elmi əsərin müəllifidir.
Əziz Əliyev 1938-ci ildə Ali Sovetin Rəyasət Heyətinin katibi, sonra xalq səhiyyə komissarı olub. Bu illərdə onun rəhbərliyi ilə respublikanın səhiyyə sistemi yenidən qurulub və xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilib. Səhiyyə komissarı kimi Əziz Əliyev yerlərdə problemlərin həlli istiqamətində ardıcıl işlər gördü. O, özünəməxsus əzmkarlığı ilə əhaliyə tibbi xidmətin yaxşılaşdırılması yollarının axtarılmasına böyük diqqət yetirirdi. Əziz müəllimin təşəbbüsü ilə bir çox kənd yerlərində tibb məntəqələri, xəstəxanalar açıldı. Respublika Xalq Səhiyyə Komissarlığının nümayəndələri əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin təhlili məqsədilə tez-tez regionlara səfər edir, bu zaman aşkarladıqları problemlər Komissarlığın kollegiyasında müzakirə edilir və yerli səhiyyə orqanlarının işi haqqında toplanmış məlumatlar əsasında müvafiq qərarlar qəbul edilirdi.
1941-ci ilin avqustunda Əziz Məmmədkərim oğlu polkovnik rütbəsində siyasi rəhbər kimi İranın Təbriz şəhərinə – cənub sərhədlərini qorumaq məqsədilə, SSRİ ilə İran arasındakı müqaviləyə uyğun olaraq, oraya yeridilmiş sovet qoşunlarının qərargahına ezam olunur. Əziz Əliyevin rəhbərlik etdiyi siyasi şöbə sərhədyanı rayonların əhalisi arasında böyük təşviqat-təbliğat işi aparır, sovet qoşunlarının İranda müvəqqəti yerləşməsinin məqsəd və vəzifələrini izah edirdi, bu da əhali ilə döyüşçülər və komandirlər arasında sıx dostluq münasibətlərinin yaranmasına səbəb olurdu.
Ə.Əliyevin işgüzarlığı, peşəkarlığı, vətənpərvərliyi, insanlarla ünsiyyət qurma bacarığı və bütün sahələrdə yüksək məharət göstərməsi həmin vaxtlar İ.Stalinin diqqətindən kənarda qalmır. SSRİ rəhbərinin təqdimatı ilə faşist Almaniyası ilə şiddətli döyüşlər zamanı – 16 sentyabr 1942-ci ildə Əziz Əliyev Dağıstan MSSR-in Vilayət Partiya Komitəsinin birinci katibi seçilir. 1942-ci ilin avqustuna qədər Şimali Qafqazda olduqca çətin vəziyyət yaranmışdı.
Mahaçqala ön cəbhəyə yaxın şəhər kimi gərgin və narahat həyat yaşayırdı. Bəzi müəssisələr təxliyə olunmuş, respublikada qalanlar isə fəaliyyətini dayandırmışdı. Ordudan yayınma, banditizm və xidmətdən boyunqaçırma hallarına rast gəlinirdi, Dağıstan ərazisinə düşmən hücumunun gerçəkləşməsi ehtimalı böyük idi.
1942-ci ilin sentyabrında bu vəziyyət SSRİ Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə olundu və nəticədə Əziz Əliyev Mahaçqala Müdafiə Komitəsinin də sədri seçildi.
Əziz Əliyev rəhbərliyə gəldikdən sonra Dağıstanın siyasi, təsərrüfat və mənəvi həyatında köklü dəyişikliklər baş verdi. O, ilk növbədə, rayonlara səlahiyyətli nümayəndələr göndərdi, yerlərdə mövcud vəziyyətin dərindən öyrənilməsi və lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verdi. Birinci katib özü də tez-tez bölgələrə səfər edir, yerlərdə vəziyyəti şəxsən yoxlayır, əhali ilə birbaşa ünsiyyətə girirdi.
Yeni rəhbər dərhal vəziyyətə dair ətraflı hesabat hazırladı. Bu sənəddə həm ümumi ölkənin durumu, həm də müharibə şəraitində məhz Qafqazın vəziyyəti təhlil olunmuşdu. Dağıstan cəbhə bölgəsi kimi qiymətləndirilirdi – çünki alman-faşist ordusu artıq Stalinqrad divarları önündə idi və cənuba – Qroznı və Bakı neft yataqlarına doğru irəliləməyə çalışırdı.
Əziz Əliyev respublikadakı partiya və sovet kadrlarının fəaliyyətini qiymətləndirərkən məsuliyyətin olmaması, laqeydlik və arxayınlıq hallarını sərt şəkildə tənqid etdi. Respublikada antisovet elementlər fəallaşmışdı, faşist kəşfiyyatının agentləri regionlara göndərilirdi, bəzi rayonlarda əhalinin siyasi-mənəvi durumu qənaətbəxş deyildi. Dezertirlik, banditizm halları artır, müəssisə rəhbərlərinə, kolxoz fəallarına qarşı terror aktları törədilirdi. Bəzi bölgələrdə banditlər kolxozları qarət edir, müdafiə qurğularının tikintisinə gedən insanlara hücum edir, rabitə xətlərini sıradan çıxarır, məktəbləri yandırırdılar.
Bu mürəkkəb şəraitdə respublikanın partiya və sovet təşkilatlarından sənaye və nəqliyyat resurslarının cəbhənin ehtiyaclarına yönəldilməsi üçün təxirəsalınmaz və effektiv tədbirlərin görülməsi tələb olunurdu. Ərzaq istehsalı artırılmalı, əməkçi xalq müdafiə qurğularının inşasına səfərbər edilməli, Dağıstanda formalaşdırılan hərbi hissələr hərtərəfli təmin olunmalı idi. Xəstəxanaların şəbəkəsinin genişləndirilməsi, ağır yaralıların yerləşdirilməsi, işğal olunmuş ərazilərdən köçürülən insanlara yardım göstərilməsi də prioritet məsələlər sırasında idi.
Əziz Əliyevin rəhbərliyi ilə Dağıstanın bütün potensialı cəbhənin və arxa cəbhənin təminatına yönəldildi. Əkin sahələri genişləndirildi, kənd təsərrüfatı məhsullarının plan üzrə yığılması təmin edildi, ərzaq və geyim məhsulları cəbhəyə göndərildi. Onun təşəbbüsü ilə qadınlar və gənclər arasında xüsusi hərəkata başlanıldı – qadınlar arxa cəbhədə kişiləri əvəz edir, gənclər isə təlimlərə cəlb olunurdular.
İnsanları mənəvi baxımdan yaxşı tanıyan, onlara obyektiv qiymət verməyi bacaran ümummilli lider Heydər Əliyev Əziz Əliyevin həyat və fəaliyyətinə yüksək dəyər verərək demişdir: “Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi. Bütün bu keyfiyyətlər qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirməkdə, bu respublikanın xalqını Qafqazın müdafiəsi üçün birləşdirməkdə ona kömək etdi. Dağıstanlılar Əziz Əliyev başda olmaqla və bizim ordumuzla, ovaxtkı sovet ordusu ilə birlikdə çox böyük vəzifəni yerinə yetirdilər. Onlar Qafqazı müdafiə etdilər, faşist qoşunlarını irəliləməyə qoymadılar, Bakı neftini xilas etdilər”.
Bir neçə fakta da müraciət edək. Əziz Əliyev 1942-ci ildə Mahaçqala Müdafiə Komitəsinə rəhbərlik etmiş, 13 partizan dəstəsi, bir neçə istehkam batalyonu və 700 xalq müqaviməti birliyi yaratmışdı. Bu fəaliyyətlərdə təxminən 10 min nəfər insan iştirak etmişdir. 150 mindən çox dağıstanlı müdafiə tikintilərində – Sulak və Terek çaylarının sahillərində, Mahaçqala və Dərbənd ətrafında fəal iştirak etmişdir. Bu əməyə görə 30 min insana orden və medallar təqdim edilmişdi. Əziz Əliyev burada işlədiyi müddətdə Dağıstanın cəbhədən təxliyə edilmiş əhalisinə dəstək vermiş, yüz minlərlə insan üçün yemək, geyim, tibbi xidmət təşkil etmişdi. Qadınlara, uşaqlara, uşaqlı ailələrə xüsusi qayğı göstərilirdi.
Birinci katib hərbi qulluqçuların və cəbhədə olanların ailələrinə daim diqqət göstərirdi. Hərbi qulluqçuların ailələrinin 5 mindən çox üzvü işlə təmin olunmuşdu. 2 minədək ailəyə fərdi bostan yeri verilmiş, 30 min ailəyə maddi kömək göstərilmişdi.
Əziz Əliyevin təşəbbüsü ilə 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası yaradıldı və 1944-cü ilin yanvarından fəaliyyətə başladı. 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan bazasının yaradılması respublikanın həyatında mühüm hadisə oldu. İndi o, iri elmi ocağa - Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinə çevrilmişdir. Dağıstanda qadınlardan milli kadrlar hazırlamaq üçün Əziz Əliyevin bilavasitə iştirakı ilə Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi, habelə Məktəblər İnstitutu, Uşaq Kitab Nəşriyyatı açılmışdı. Müharibə illərində dağıstanlıların göstərdikləri əmək rəşadətinə görə respublikaya ilk dəfə Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağı verilmişdi.
Tanınmış səhiyyə təşkilatçısı kimi o, özünün zəngin təcrübəsini Dağıstanda da tətbiq edərək, təxliyə-hospital sisteminin fəaliyyətini yaxşılaşdırmağa nail oldu. Onun tövsiyəsi ilə partiya komitələri hospital sistemində növbətçilik təşkil etdi, onların qida, dərman və yanacaqla fasiləsiz təminatına nəzarət gücləndirildi. Respublika ərazisində 15-dən artıq belə hospital fəaliyyət göstərirdi. Müharibə illərində bu hospitallarda 135 min yaralı müalicə olunmuşdu, onlardan 100 mini sağalıb döyüşə qayıtmışdı.
Əziz Əliyevin təşəbbüsü ilə respublikada, həmçinin düşməndən azad olunmuş şəhər və rayonlara yardım Fondu yaradılmışdı. Bu fond vasitəsilə Şimali Qafqaz və Ukrayna SSR-in müxtəlif bölgələrinə ərzaq, geyim və sənaye malları göndərilirdi. Dövlət Müdafiə Komitəsinin 1943-cü il 16 fevral tarixli qərarına əsasən, Dağıstanda yerləşən müəssisələrin avadanlıqları Donbasdakı metallurgiya müəssisələrinin bərpası üçün göndərilməli idi və bu işi şəxsən Əziz Əliyevin rəhbərlik etdiyi xüsusi komissiya həyata keçirirdi.
Həmin dövrdə Dağıstanın sənaye və kənd təsərrüfatı potensialının artırılması istiqamətində də ciddi addımlar atıldı. Müharibə şəraitində bütün SSRİ üzrə olduğu kimi, Dağıstanda da əsas prioritet arxa cəbhənin gücləndirilməsi idi. Əziz Əliyev bu prosesi hərtərəfli şəkildə təşkil edərək, sənaye müəssisələrinin, xüsusən də qida və yüngül sənaye sahələrinin fəaliyyətinin fasiləsiz davam etməsini təmin etdi. Onun təşəbbüsü ilə Dağıstanda konserv zavodları, tikiş fabrikləri, çörəkbişirmə müəssisələri yaradıldı. Müəssisələrə qadınlar və yeniyetmələr cəlb olunurdu, əmək bölgüsü yenidən qurulurdu.
Kənd təsərrüfatında isə əsas diqqət ərzaq istehsalının artırılmasına yönəldilmişdi. Həmin dövrdə Dağıstanın çətin təbii-coğrafi şəraitinə baxmayaraq, əkin sahələri genişləndirilmiş, yeni suvarma sistemləri qurulmuşdu. Əziz Əliyevin göstərişi ilə kolxoz və sovxozlar arasında təşəbbüskarlığı və əmək məhsuldarlığını artırmaq üçün sosialist yarışları təşkil olunurdu. Nəticədə, Dağıstan müharibə illərində SSRİ üzrə taxıl, tərəvəz və meyvə məhsullarının əsas təchizatçılarından birinə çevrilmişdi.
Əziz Əliyevin fəaliyyətinin mühüm bir sahəsi də milli kadrların hazırlanması və respublikada təhsilin inkişaf etdirilməsi olmuşdur. Onun təşəbbüsü ilə Dağıstan Pedaqoji İnstitutunun fəaliyyəti genişləndirildi, müəllim hazırlığı sahəsində yeni ixtisaslar açıldı. Məktəblərdə tədrisin fasiləsizliyi təmin olundu. İbtidai və orta məktəblərdə tədris dili kimi yerli xalqların dilləri ilə yanaşı, rus dilinin tədrisi də təkmilləşdirildi. Əziz Əliyev yerli ziyalıların, alimlərin və müəllimlərin fəaliyyətinə böyük önəm verir, onların təşviqi və qorunması üçün tədbirlər görürdü.
Xalq yaradıcılığına, mədəniyyətə və ədəbiyyata olan münasibət də onun siyasətində mühüm yer tuturdu. 1943-cü ildə Dağıstanın bir sıra yazıçı və şairlərinin Moskvada, Leninqradda və digər şəhərlərdə çıxış etməsi, onların əsərlərinin çap olunması və təbliği məhz Əziz Əliyevin dəstəyi ilə həyata keçirilmişdi. O, çoxmillətli Dağıstanın mədəni birliyinin qorunmasına və inkişafına çalışır, etnik qruplar arasında qarşılıqlı anlaşmanı təşviq edirdi.
Əziz Əliyev həm də antifaşist ideologiyanın təbliğində fəal rol oynayırdı. O, müntəzəm olaraq partiya təşkilatlarında, sovet idarələrində və kütləvi tədbirlərdə çıxış edir, müharibə dövründə əhalini səfərbər edən, vətənpərvərlik ruhunu gücləndirən nitqlər söyləyirdi. O, Dağıstan xalqlarının Sovet dövlətinə və onun rəhbərliyinə sədaqətini dəstəkləyir, ölkədəki milli həmrəyliyin nümunəsini bu respublikada formalaşdırmağa çalışırdı.
1942-ci ildə Krım tatarlarının deportasiyasından sonra müharibənin qızğın vaxtında, Moskvadakı müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qoymağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Əziz Əliyevin fədakarlığı sayəsində müharibə illərində və sonra bu respublikada heç bir neqativ fakt meydana çıxmadı. Beləliklə, Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmadı.
1944-cü ilin sonlarına yaxın Əziz Əliyev artıq bütün SSRİ rəhbərliyi tərəfindən tanınan və hörmət edilən bir dövlət və partiya xadiminə çevrilmişdi. Onun rəhbərliyi ilə Dağıstan yalnız müharibə sınağından çıxmadı, eyni zamanda, gələcək inkişaf üçün möhkəm bünövrə qazandı. Artıq Dağıstan həm müharibədən qorunmuş, həm də inkişaf etmiş bir regiona çevrilmişdi. Onun modeli yalnız o dövr üçün deyil, bu gün də nümunəvi olaraq qiymətləndirilir.
Dağıstanın Xalq şairi Rəsul Həmzətov şahidi olduğu bir hadisədən bəhs edirdi. O, ucqar Qunibdə ezamiyyətdə olanda Mahaçqalaya qayıtmaq vaxtı çatır. Həmin səfərdə onunla birgə bir dağlı qadın da xidməti ezamiyyətdən qayıdırmış. Çətin illərin sərt qış günü imiş. Yük maşınının kuzovuna xeyli adam doluşur. Bir-birilərinə sığınıb maşının tərpənməsini gözləyirlər. Dağlı qadını isə hörmət əlaməti olaraq kuzova deyil, kabinəyə mindirirlər.
Bu vaxt məsul vəzifəli bir şəxs də onlarla Mahaçqalaya gedir. Həmin şəxs məmura yaraşmayan kobud əda ilə qadından kabinədən düşməyi tələb edir. Qadın etiraz edərək düşməyəcəyini bildirir. Məmur maşını saxlatdırıb, gözlənilmədən qadının paltosunu və çamadanını kənara atır. Çünki kuzovda getməyi özü üçün aşağılıq sayır. Hamı bu vəziyyətdən pərt olur. Maşın artıq yola düşür. Rəsul Həmzətov öz paltosunu çıxarıb qadına verir. Onlar Mahaçqalaya çatırlar.
Qadının yazdığı məktub əsasında Əziz Əliyev əhvalatdan xəbər tutur. O, Rəsul Həmzətovu yanına çağırtdırıb, bərk danlayır: “Öz paltonu qadına verdiyinə görə çox sağ ol! Amma bir şair və dağlı kimi nə üçün о şəxsin qabalığının qarşısını vaxtında almamısan! Bu biabırçılıqdır!”.
Şair isə özünə haqq qazandırmağa çalışır ki, gəncəm, üstəlik də... o, məsul vəzifəli şəxsdir...
Əziz Əliyev zəng edib prokuroru yanına çağırtdıraraq əmr edir:
− Cəzalandırın!!!
− Axı, o... prokuror kəkələyir...
− Onun üçün daha pis! Bu, lovğalıq və vicdansızlıqdır! Əgər məsul vəzifəlilər dağlı qadınlara bu cür yanaşsalar, işimiz irəli getməz!
Bu əhvalat Rəsul Həmzətovun yaddaşına həmişəlik həkk olundu. Əziz Əliyevin bu hərəkəti ibrətamiz idi və onun yüksək insani keyfiyyətlərindən, prinsipiallığından xəbər verirdi.
Əziz Əliyev dəfələrlə SSRİ, Azərbaycan SSR və Dağıstan MSSR ali sovetlərinin deputatı seçilmiş, ölkənin ən yüksək mükafatları ilə təltif edilmişdir. Amma onun qazandığı ən böyük mükafat xalqın dərin hörməti və məhəbbəti oldu. Əziz Əliyev harada olursa-olsun, hansı vəzifəni tutursa-tutsun, onun bir məqsədi, bir amalı vardı - Vətənə, xalqa sədaqətlə xidmət göstərmək, öz yüksək vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək. Əziz müəllim həyatının sonuna qədər bu amalına, bu məsləkinə sadiq qaldı, heç bir çətinlik, heç bir repressiya onu saf niyyətindən, işgüzar fəaliyyətindən, doğru yoldan sapdıra bilmədi.
14 may 1998-ci ildə Bakıda Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “Bugünkü təntənə, Əziz Əliyevin 100 illiyinə həsr olunmuş, Dağıstanda və Azərbaycanda keçirilmiş yubiley tədbirləri xalqlarımız, ölkələrimiz, dövlətlərimiz arasında, insanlar arasında olan səmimi, dostluq münasibətlərini bir daha nümayiş etdirir. Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir”.
Bütün bunlar Əziz Əliyevin tarixdən bugünümüzə boylanan əzəmətli heykəli deyilmi? Dağıstanda bu heykəl ürəklərdən meydana köçüb. Bəs onun öz vətənində belə bir heykəlini niyə görmürük?
Sonda bir daha hörmətli Hidayət Orucovun "Xalq qəzeti"ndə çap olunmuş "Əziz Əliyevin heykəli hardadır?" məqaləsinə öz münasibətimi bildirərək, Bakı şəhərində Əziz Əliyevin abidəsinin ucaldılması təklifini dəstəklədiyimi bildirirəm. Bu görkəmli dövlət və ictimai xadimin, xalqın sevimlisinin, ürəklərdə, qəlblərdə və xatirələrdə özünə şərəfli yer tutmuş soydaşımızın abidəsinin paytaxtımızda ucaldılması bütün ziyalılarımızın arzusudur.
İnanırıq ki, məqalədə irəli sürülən, zamanın tələbini ifadə edən həmin təklif Azərbaycan ictimaiyyətinin ümumi dəstəyi və ölkə rəhbərliyinin xoş məramı ilə tezliklə gerçəkləşəcək!
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor,
Əməkdar müəllim