...İkinci Qarabağ müharibəsinin şəhid polkovnik-leytenantı Anar Şükürov 1977-ci ildə Sumqayıtda dünyaya göz açıb, Ağdərədə igidliklə həlak olub və Bakıdakı 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Qəhrəman şəhidlərimizin hamısı kimi, onun da adı ölkəmizin bütün guşələrində ehtiramla anılır.
Vətən müharibəsindən bir neçə il əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılmış Anar daha öncə uzun illər Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qrup və tabor komandiri vəzifələrini daşımışdı. 2020-ci ilin 27 sentyabrında davanın başlanması xəbərini eşidən kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət eləsə də, ona hələ gözləməli olduğu bildirilib. Amma Anar Şükürov gözləyə bilməyib, döyüşlərə atılmaq üçün səbirsizlik göstərərək, 1-ci Ordu Korpusunun rəhbərliyinə müraciət edib və istəyinə çatıb – tezlikə “Həmlə” taborunun komandiri olaraq döyüşlərə cəlb olunub.
Mayor Anar Şükürov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Oktyabrın 16-da Ağdərə istiqamətində “530” strateji nöqtəsi istiqamətində əsgərini xilas etmək üçün sinəsini sipər edərək şəhadətə ucalıb.
Onun yenidən hərbi xidmətə cəlb olunmasına kömək etmiş zabit dostlarının dediklərinə görə, həmin gün Ağdərəyə yol açılmalı idi və buna görə şiddətli döyüşlər gedir, necə deyərlər, yer-göy dağılırdı. Bölmələrimiz artıq yüksəkliyə qalxmışdı, 2 mərtəbə deyilən yerdə savaş davam edirdi. Ermənilərin, təqribən, 350-400 nəfərlik qruplaşması Göyarx kəndi istiqamətindən yüksəkliyi qaytarmaq üçün əks-həmləyə keçirdi.
Rabitəçinin qışqırıq səsi gəlirdi: “Düşmənin Ağdərə istiqamətindən 10 maşın şəxsi heyətlə dolu kolonu, 4 tank, 4 BMP-2-si Göyarxa doğru irəliləyir, təcili vurun, təcili vurun”. Artilleriya bölmələrimizin dəqiq atəşi ilə kolon yolda vuruldu, düşmənə məxsus texnikaya imkan verilmədi ki, döyüşə girsin, hamısı bir-bir sıradan çıxarıldı. Hər şey əla gedirdi, hərbçilərimiz sevincdən sanki uçurdular. Amma birdən rabitədə kimsə qışqırmağa başladı: “Kombat şəhid oldu, kombat şəhid oldu...” Beləliklə, o gün “530” yüksəkliyi alınsa da, Anar Şükürov böyük igidliklə həlak oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Anar Şükürova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ondan 1 həftə sonra “Vətən uğrunda”, daha 2 həftə sonra isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakının Binəqədi rayonu, 6-cı mikrorayondakı bir küçəyə və Sumqayıtda əla qiymətlərlə oxuduğu 25 nömrəli məktəbə onun adı verilib. Bu təhsil ocağında ötən ilin sentyabrında Anar Şükürovun büstünün və xatirə muzeyinin açılışı olub. Muzeydə şəhidin uşaqlıq və hərbi xidmət dövrünə aid eksponatlar, fotolar, sənədlərin surətləri toplanıb. Məzunu olduğu Azərbaycan Texniki Universitetində də onun xatirəsinə həsr olunan guşə yaradılıb.
Anar Şükürov İkinci Qarabağ savaşında qəhrəman adına layiq görülmüş 6 sumqayıtlıdan biridir. Onlardan öncə isə 4 sumqayıtlı ölümündən sonra Milli Qəhrəman adı ilə təltif olunub. Deməli, gənclik şəhərində vətənpərvərlik ruhu daim yüksək olub, qəhrəmanlıq ənənələri mənəvi miras kimi uca tutulub. Elə Anarın nümunəsi buna aşkar sübutdur.
Əli NƏCƏFXANLI
XQ