4 köçkünlüyün dördqat acısı

post-img

Yurda dönüşün sevinci bu ağrıları unutdurur

5 il əvvəl bu günlərdə Qarabağımızın, Şərqi Zəngəzurumuzun düşmən işğalından azad edilməsi uğrunda qanlı döyüşlər gedirdi. Qəhrəman oğullar bütün cəbhəboyu əzmlə, cəsarətlə irəliləyirdi.  Müdrik və qətiyyətli liderin ətrafında yumruq kimi birləşmiş xalqımız qələbə naminə əlindən gələni edirdi. 

Hamı bir nəfər kimi əmin idi ki, torpağımıza göz dikmiş mənfur yağı öz layiqli cəzasını alacaq, ata-babalarımızın minillər boyu yaşadıqları yurd yerlərimiz azadlığına qovuşacaq, ilahi ədalət bərqərar ediləcək! Zəfər dastanımızın 5-ci ildönümü günlərində isə azad Qarabağın sürətli dirçəlişinin, xarabalığa çevrilmiş şəhər və kəndlərimizin yenidən qurulmasının, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının şahidi olmaq hər bir Vətən övladı üçün şərəf və qürur deməkdir. Bu xoşbəxt anların ən böyük sevinc payını isə, sözsüz, vaxtilə öz ev-eşiklərindən min bir müsibətlə didərgin salınmış, illərlə Qarabağ həsrəti ilə qovrulmuş, şanlı qələbələrimiz sayəsində ən böyük arzuları reallığa çevrilən insanlar yaşayırlar. 

Belə insanlardan biri, taleyinə 4 dəfə məcburi köçkünlük yazılmış, iki ilə yaxındır ki, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işlərinin iştirakçısı olmaq üçün Vətənə qayıtmış Mustafa Hümbətovla azad Xocalıda görüşüb, həmsöhbət olduq. Onun məhrumiyyətlərlə dolu ömür yoluna nəzər saldıqca, erməni vəhşətinin, eyni zamanda, möhtəşəm zəfərimizin mahiyyəti bir daha aydın olur. 

Xocalı rayonunun gözəl mənzərəli Kosalar kəndində doğulmuş Mustafanın uşaq vaxtı heç ağlına da gəlməzdi ki, cəmi 20 yaşında əvvəlcə daimi yaşamaq üçün üz tutduğu Xankəndidən, sonra Kərkicahan qəsəbəsindən, daha sonra XX əsrin ən böyük insanlıq dramının yaşandığı Xocalıdan və nəhayət, sonuncu dəfə doğulduğu kənddən məcburi köçkün düşəcək. Hər dəfə də neçə-neçə müsibətlər, acılar yaşayaraq, ermənilərin Əsgəran üzərində gülləbaran etdikləri mülki helikopterdən təsadüf nəticəsində sağ çıxaraq, yenə təsadüfən xəstəxanada müalicə alan xəstə övladına baş çəkmək üçün getdiyi Şuşadan geri qayıda bilmədiyi üçün Xocalı faciəsindən xilas olaraq...

Mustafa o qanlı-qadalı günləri belə xatırladı:

– Xankəndidə çox yaşaya bilmədim. Erməni separatçılarının ölüm təhdidlərindən xilas olmaq üçün ailəmlə birlikdə yaxınlıqdakı Kərkicahana köçdük. Ancaq Xankəndiyə bitişik olan bu qəsəbə tezliklə işğal təhlükəsi ilə üzləşdi. Məcbur Şuşaya pənah apardıq, orada turist bazasında məskunlaşdıq. 1991-ci ildə bu dəfə daimi yaşamaq üçün Xocalıya köçdük, orada ikimərtəbəli ev tikdim. Nə bilərdim ki, orada ömür sürmək bizə qismət olmayacaq. 

Oğlum xəstələndiyi üçün Şuşada xəstəxanada yerləşdirmişdik. Yanına getmək istəyirdim, ancaq nəqliyyat yox idi. Ona görə, çox çətinliklə Xocalı aeroportundan dumanlı hava səbəbindən Ağdama geri qayıtmağa məcbur olan, içində hərbçilərə təminat aparan helikopterə mindim. Əsgəranın üstündə bizi gülləyə tutdular. Helikoperin alt hissəsi deşik-deşik olmuşdu, pilotların peşəkarlığı sayəsində Ağdama çata bildik. Bizi ölümdən ayaqlarımızın altındakı yük xilas etdi. Oradan çox çətinliklə Şuşaya gedə bilsəm də Xocalıya qayıtmaq mümkün olmadı...

Xocalı faciəsi zamanı Mustafanın əmisi Cəlil girov düşür, əmisinin həyat yoldaşı Firuzə, oğlu Muğan, 15 yaşlı qızı Simuzər və gəlinləri (Mustafanın bacısı – M.R.), 7 aylıq hamilə olan Südabə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir. Məcburən yenidən Kosalara, ata evinə qayıdan Mustafa 1992-ci ildə oradan da məcburi köçkün düşür və ailəsi ilə birlikdə Göyçayda məskunlaşır. Bir müddət sonra orada “Xocalı” adlı qaynaq sexi açır, yavaş-yavaş özünə gün-güzəran qurur.

Ordumuzun 2023-cü ildə Qarabağda erməni separatçılarına qarşı keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, Xankəndinin, Xocalının azad olunması ilə Mustafanın da yenidən doğma yurda qayıtmaq arzusu reallığa çevrilir. 

 O, Xocalıya həm də Qarabağın dirçəldilməsində pay sahibi olmaq üçün dönüb. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara yaradılmış əlverişli şəratin nəticəsi olaraq M.Hümbətov Xocalı rayonunun ərazisində “Rəşidoğlu inşaat” adlı istehsal və satış müəssisəsi yaradıb. Burada qaynaq sexi, plastik qapı-pəncərə sexi, seyf qapıların, həyət darvazalarının, dəmir barmaqlıqların istehsalı, tikinti materiallarının satışı həyata keçirələcək. Hazırda 5-i daimi olmaqla 10 nəfərin çalışdığı müəssisə tam işə düşdükdə 40-a yaxın yerli sakinin işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin qarşısında isə müqəddəs şəhidlərimizin xatirəsinə ehsan bulağı tikilib.

 Mustafa Xocalıya ilk ayaq basdığı gündən yaşadığı hissləri sözlə ifadə etməkdə acizlik çəkdiyini bildirdi:

– Bizim məcburi köçkün kimi nələr yaşadığımızı bir Allah bilir. Ancaq hər zaman dövlətimizin, möhtərəm Prezidentimizin qayğısını, diqqətini hiss etmişik. Elə doğma Xocalıya qayıtmağımız Müzəffər Ali Baş Komandanımız sayəsində reallığa çevrilib. Allah Prezidentimizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Mən bu gün öz torpağımda yaşamaqdan, işləməkdən qürur duyuram. Biz öz addımlarımızla bütün dünyaya göstəririk ki, Qarabağın, Şərqi Zəngəzurun əsl sahibləri geri qayıdıblar. Bu yerlərdə bundan sonra top-tüfəng səsi eşidilməyəcək, hər zaman quruculuğun, inkişafın sədası yayılacaq. Çünki bura bizim Vətənimizdir!

Mahir RƏSULOĞLU, 
XQ-nin Qarabağ müxbiri 

Xocalı

 

Sosial həyat