Almanı atdım xarala...

post-img

Qubalı bağbanların bar sevinci nəğməyə dönür

Bu günlərdə Qubanın meyvə bağlarında məhsul yığımının ən qızğın çağıdır. Bağbanlar ilboyu min bir zəhmət hesabına yetişdirdikləri meyvəni mümkün qədər tez toplamağa çalışırlar. Sentyabrda havalar əlverişli olmayıb, ayın əvvəlində aramsız yağışlar yağıb. Sonrakı günlər də yağmurlu keçib. Bu da meyvə bağlarında dərimin sürətinin yavaşımasına səbəb olub.  

Amma meyvəçiliklə məşğul olan torpaq pay mülkiyyətçiləri və fermerlər hər dəfə yağış kəsilər-kəsilməz bağlara tələsiblər, ağacların bəhərini, bərəkətini yığıb yeşiklərə doldurublar. Meyvənin bir hissəsi yerli və paytaxt bazarlarına çıxarılıb, qalan hissəsi iri soyuducu anbarlara yığılıb. 

Rayonun Birinci Nügədi kəndində yaşayan təcrübəli bağban Aslan Yusifov ailəsinə məxsus olan 2  hektara yaxın bağ sahəsində müxtəlif meyvə növləri becərərək  onların tədarükü ilə məşğul olur. Onun sözlərinə görə, bu il yayda çəyirdəkli meyvələrin – gilas, ərik və şaftalının toplanması üçün hava insafən əlverişli keçib. Payız “şıltaqlıq” etsə də, giley etməyə dəyməz. 

Aslan sonra dedi:

– İndi əsas məqsədim qohum-qonşu, yəni hamılıqla, əl-ələ verib bağların bol məhsulunu toplamaqdır. Məhsulu nə qədər soyuducu anbarlara çatdıra bilsək, zəhmətimiz hədər getməz, itkimiz az olar. 

Qeyd edək ki, meyvə dərimində Aslan Yusifova həyat  yoldaşı Zümrüd, Bakıda yaşayan, amma ilin payız fəslində ezamiyyət götürüb meyvə yığımında iştirak etmək üçün kəndə gələn oğlu Rəşid və eləcə də qonşuları çox kömək edirlər. 

Belə bir el deyimi var: torpaqda izi olanın, süfrədə payı olar. Aslan deyir ki, torpaq əmək itirən deyil. Şəxsən o, indi öz halal zəhmətilə ailəsini dolandıra bilir. Üstəlik, yeri düşəndə qohum-qonşuya, imkansızlara əl tutur. 

Birinci Nügədi kəndində Aslan Yusifov kimi torpağın dilini tapan bağbanlar çoxdur. Belələrindən biri də Mirzə İsayevdir. Vaxtilə Rusiyada xırda ticarətlə məşğul olurdu. İşləri də pis getmirdi. Amma hiss edirdi ki, əsl rahatlığını, xoşbəxtliyini doğma yurdunda tapa bilər. Belə də etdi. Kəndə qayıdıb həyətyanı və pay torpaq sahələrində bağ-bostan saldı. 

İndi, şükür Allaha, pis yaşamırlar. Əvvəlki bir tikə çörək dalınca yaxın-uzaq ölkələrə getməyə ehtiyac da yoxdur. Mirzə İsayevin övladları da böyüyüb. Hərəsi bir işin qulpundan yapışır. Mirzə İsayev dedi: 

–İndi süfrəmdə öz inəyimin südündən alınan təmiz yağın, qaymağın, pendirin   əvəzi yoxdur. Qarşıdan qış gəlir. Mal-qara üçün yay-payız aylarında kifayət qədər ot-ələf toplamışam.     

Qubanın digər kəndlərində də fermerlə meyvə yığımı ilə məşğuldurlar. Rayonun Amsar, Pirvahid, Rustov, Təngəaltı və başqa kəndlərindəki bağlarda bu il meyvə boldur. 

Mənbəyini ulu Babadağın qarlı zirvələrindən alan bolsulu Qaraçayın sol sahilində Birinci Nügədi, sahilində isə İkinci Nügədi kəndləri yerləşir. Hər iki kəndin torpaqları bərəkətli, insanları əməksevərdirlər. 

İkinci Nügədi kəndində illər öncəsi tanıdığım fermer Xıdır Cabbaroğlu dedi ki, son günlər kənddə bekar adam tapa bilməzsən. Hamı meyvə bağlarında, iş başındadır. 

–Axı, bu il bizim bağlar öz bəhərini əsirgəməyib. Almanı, armudu, qozu, fındığı nə qədər tez tədarük etsək, qazancımız da bir o qədər çox olar. 

Son illər Quba rayonunda soyuducu anbarların sayı artıb. Daha dəqiq desək, hazırda rayonda 55 min tondan çox meyvə tutumu olan soyuducu anbarlar mövcuddur. Orada məhsulun qışın sonuna, yazın əvvəllərinə qədər saxlanması üçün  normal şərait yaradılıb. Xidmət haqqı da münasibdir. 

Ata-babalarımız yaxşı deyiblər:

“Almanı atdım xarala, 
Qaldı sarala-sarala...”

Göründüyü kimi, çağdaş dönəmdə xurcunları soyuducu anbarları əvəz edir. Nə etmək olar, həyat inkişaf edir. Bir də ki, bol məhsulu xurcunlara yerləşdirmək qeyri-mümkündür. 

Dünya rəngkarlığının ən uzman sənətkarlarından biri olan Səttar Bəhlulzadə Qubaya daha çox payızda gələrmiş. Deyərmiş ki, Quba bütün fəsillərdə gözəldir, amma son baharın yeri başqadır. Birinci və İkinci Nügədi kəndlərindən Qubaya tərəf qayıdanda Amsar kəndi ərazisindən keçəndə yadıma düşdü böyük Səttar. Axı, onun “Amsar bağları” tablosu ən çox sevdiyim rəsmlərindəndir. 

Qubaya çatanda yolumu Dövlət Aqrar İnkişaf Mərkəzinə saldım. Orada belə bir faktı da fəxrlə bildirdilər ki, rayondakı 17 min hektara yaxın meyvə bağından ötən il 107 min ton meyvə toplanıbsa, bu il hədəf daha yüksəkdir. İşiniz uğurlu olsun, qubalı dostlar! 

Məsaim ABDULLAYEV
XQ 

 

Sosial həyat