Şəhid hərbi həkim

post-img

Adil Qədir oğlu Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-ci ildə şəhərdəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi bitirib. 2018-ci ildə isə Azərbaycan Tibb Universitetinin məzunu olaraq təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda hərbi həkim kimi xidmətə başlayıb.

“N” saylı hərbi hissədə tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 2020-ci il oktyabrın 22-də Füzuli–Cəbrayıl–Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 25 yaşında əbədiyyət zirvəsinə yüksələn tibb xidməti leytenantının döyüş meydanında göstərdiyi igidlik yüksək qiymətləndirilib. O, ölümündən sonra ölkə Prezidentin sərəncamlarına əsasən, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidin anası Afət xanım deyir ki, oğlunun gələcəklə bağlı çoxlu arzuları var idi: “Rezidenturaya hazırlaşırdı. Deyirdi, evlənmək hələ tezdir, təhsili davam etdirmək zəruridir... Sonuncu dəfə 2019-cu ilin dekabr ayında məzuniyyətə gəlmişdi. 2020-ci ilin avqustunda isə məzuniyyət götürsə də, pandemiya səbəbindən gələ bilmədi. Görüş üçün gün sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı...”.

Ana oğlunun müharibəyə getdiyindən xəbərsiz olub. Afət xanım nigaran qalmasın deyə, Adil cəbhəyə aparıldığını təkcə atasına bildirib və bu barədə anasına heç nə deməməsini dönə-dönə tapşırıb.

Afət xanım söyləyir ki, oktyabr ayının 18-nə kimi telefonla danışırdıq, sonra əlaqə kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, ana, dağa çıxırıq yenə, zəng çatmasa, narahat olma. Mən də ağladım. Dedi ki, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcəyəm. Sonra öyrəndim ki, atası onun müharibədə olduğunu bilirmiş.

Müşfiq CƏFƏROV
XQ

Sosial həyat