Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, elm xadimləri, ziyalılar Birinci Fəxri xiyabanda görkəmli Xalq yazıçısı İlyas Əfəndiyevin anım günündə ədibin və oğlu, Xalq yazıçısı Elçinin məzarını ziyarət ediblər.
Sonra Yazıçılar Birliyinin Natəvan klubunda anım günü ilə bağlı mərasim keçirilib. Xalq yazıçısı Anar hər iki yazıçının milli ədəbiyyatımızın inkişafında xidmətlərini vurğulayıb. O, “İlyas Əfəndiyev” mükafatına bu il filologiya elmləri doktoru, dosent Gülxani Pənahın və professor İlham Rəhimlinin layiq görüldüklərini söyləyib.
Yazıçı-publisist Gülxani Pənah və Əməkdar incəsənət xadimi İlham Rəhimli yüksək mükafata görə təşəkkürlərini bildiriblər. İlham Rəhimli ötən əsrin 70-ci illərində onun Yazıçılar Birliyi üzvlüyünə qəbul olunmasına zəmanət verənlərdən birinin İlyas Əfəndiyev olduğunu qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli ata-oğul Əfəndiyevlərin çağdaş ədəbiyyat tarixində xüsusi yerləri olduğunu vurğulayıb. Bildirib ki, İlyas Əfəndiyev və Elçin sovet dövründə yazıb-yaratsalar da, sovet ideologiyasının təbliğatçısı olmayıblar.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov,
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatına verdikləri töhfələrdən söz açıblar.
Sonda Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev atası və qardaşı ilə bağlı xatirələrini bölüşüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva babasının və atasının xatirələrinə göstərilən ehtirama görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirib.
Qabil YUSİFOĞLU
XQ