Xeyli vaxtdır ki, Goranboy rayonunda vətəndaşlarla yerli icra hakimiyyəti arasında maraqlı və səmimi bir dialoqun əsası qoyulub. Artıq insanların müraciətləri təkcə kabinetlərdə deyil, bəzən elə yerindəcə, ayaqüstü, hətta inzibati binanın dəhlizlərində dinlənilir. Kimisi birbaşa rayon İcra Hakimiyyətinin başçısına yaxınlaşıb fikrini bildirir, kimisi müavinlə, bəziləri isə şöbə müdirləri ilə danışaraq problemini çatdırır. Belə şərait vətəndaşların müraciətlərinə operativ və şəffaf yanaşmanı təmin edir, problemlər dərhal araşdırılır, vətəndaşlara yerində izah verilir və ya məsələ operativ şəkildə həll olunur. Bu prosesdə müxtəlif dövlət qurumlarının rəhbərlərinin də iştirakı işin effektivliyini daha da artırır. Yeri gəlmişkən, qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin iş üslubunda rəsmiyyətçilik, inzibatçılıq heç vaxt olmayıb. İstər səyyar qəbulların şəhid evlərinə salınması, istərsə də bu cür qeyri-adi qəbullar da rayon rəhbərinin təşəbbüsüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və çevik baxılması, vətəndaş məmnunluğunun artırılması ilə bağlı verdiyi tapşırıqların Goranboy rayon İcra hakimiyyəti tərəfindən məhz müxtəlif üsullarla həyata keçirilməsi sakinlərin də böyük razılığına səbəb olur.
…Bu dəfəki qəbul da rayon İcra Hakimiyyətinin inzibati binasında, icra başçısı və onun aparatının məsul əməkdaşlarının, xidmət sahələrinin rəhbərlərinin, ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə baş tutub.
Görüş zamanı vətəndaşlar müxtəlif sosial, məişət və infrastruktur məsələləri ilə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, digərlərinin araşdırılması və icrası üçün aidiyyəti qurumlara tapşırıqlar və tövsiyələr verilib.
Bəzi məsələlər üzrə isə mövcud qanunvericiliyə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin hazırlanması məqsədəuyğun sayılıb.
Belə qəbullar Goranboyda vətəndaşlarla dövlət qurumları arasında etimadın və qarşılıqlı əlaqənin möhkəmlənməsinə xidmət edir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri







