Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər. Aksiya zamanı Şəmkir Şəhər Parkında rayonun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar, kollar və yeni növ iynəyarpaqlı bitkilər əkilib.
RİH-in təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində park ərazisində abadlıq və təmizləmə işləri aparılıb, yeni salınan yaşıllıqların suvarılması və mütəmadi qulluq göstərilməsi üçün zəruri tədbirlər müəyyən edilib.
Zəfər Günü münasibətilə keçirilən bu aksiya ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıqların artırılması məqsədi daşıyır.
Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq bu gün Şəmkir rayonunda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri









