Sorma nədən Vətən yaxşı...

post-img

“Şair, sorma nədən Vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü” deyən şəhid Xudayar Yusifzadə 44 günlük Vətən müharibəsində özü də dastana döndü.

Xudayar ölümündən 2 gün əvvəl, 2020-ci il oktyabrın 20-də döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılan eyniadlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Mahnının sözlərində dediyi kimi,

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xiymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.

Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrildi. Onun şəhid olmasından sonra isə həmin video daha geniş yayıldı və Xudayar həmin mahnı ilə daha çox tanındı. Xudayarın ifasında məşhurlaşan təsnif xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşdı.Təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təşəbbüsü ilə "Xudayar təsnifi" adlandırılmışdır. Hələ o vaxtlar sağ ikən Əlibaba müəllim Xudayarın ifası haqqında deyirdi: “Mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. O təsnifi böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!”.

Xudayar kiçik yaşlarından Ağdamın sənət adamlarının ifasını dinləməyi xoşlayarmış. Bəzən Səxavət Məmmədovun “Azad bir quşdum” mahnısını özünəməxsus bir şəkildə ifa edirmiş. Səsinin məlahətli və çəkici olduğunu görən hər kəs onun gələcəkdə məşhur bir xanəndə olacağını deyirmiş. Elə ailə üzvləri də bu niyyətlə onu Bərdə şəhər 1 saylı musiqi məktəbində xanəndəlik sinfinə aparır. Məktəbə qəbul üçün seçim turlarında uşaqların hamısına “Şuşanın dağları” mahnısını öyrənmək tapşırılır. Bir neçə gün sonra seçimə qatılan Xudayar “Azad bir quşdum”, ardınca isə “Şuşanın dağları” mahnısını ifa edir. Xudayarın ifasından sonra müəllimlər ondan niyə tapşırılmayan “Azad bir quşdum” mahnısını ifa etdiyini soruşurlar. O, hazırcavablığı ilə “Müəllim, Şuşanın başı dumanlı dağlarını görmək üçün azad bir quş olmaq lazımdır. Amma o da gənc yaşında torpağa düşür” cavabını verir.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstü qoyulub.

Təəssüf ki, müharibə Xudayarın arzularını ürəyində qoydu. Özündən geriyə yadigarı qalmasa da, bütün Azərbaycan onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşü ilə yaddaşlara həkk olundu. Adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad edildi, 30 illik həsrətə son qoyuldu.

Xudayar Yusifzadə daim yaddaşlarda yaşayacaq. Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Xudayar Yusifzadəyə məxsus Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi və fotoşəkilləri qorunur. Materiallar şəhidin anası Radə Qurbanova tərəfindən təhvil verilib.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat