Şirvan şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması məqsədilə mütəmadi işlər görülür. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, son 5 ildə ümumilikdə əkilən 31 min 764 ağaca, 59 min 179 gül kollarına daim qulluq göstərilir və yaşıllıq sahələri genişləndirilir.
Şəhərdə əhalinin daim istirahət etdiyi məkanlardan biri olan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında şəhidlərin xatirəsinə ucaldılmış “Zəfər” abidəsinin ətrafında ağaclar əkilib. Parkın ərazisini gəzən vaxt bir lövhə diqqətimizi cəlb etdi: “Bu ağac şəhid atası Hümbətov Tərlan Sahib oğlu və nəvəsi Abbasova Azra Amil qızı tərəfindən əkilmişdir”.
Öyrəndim ki, şəhid Hümbətov Emil Tərlan oğlu 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub və şəhər 16 saylı tam orta məktəbdə oxuyub. Şirvan şəhər Peşə Liseyinin məzunu olub. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.11 oktyabr 2020-ci ildə şəhid olub, Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.
Şəhidin atası Tərlan kişi ilə xeyli söhbət etdik. O, igid oğlu ilə qürur duyduğunu dedi:
– Şəhid oğlumun xatirəsini yaşadan bu ağaca nəvəmlə birlikdə mütəmadi qulluq edirəm. Sevindirici haldır ki, qonşular da bu təşəbbüsü dəstəkləyir, yaşıllıqlara qulluq etməyi mənəvi borc hesab edirlər. “Heydər Əliyev İli”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Yaşıl marafon”, Xocalı soyqırımı, 8 noyabr – Zəfər Günü, Dövlət Bayrağı Günü və digər tarixi günlərlə bağlı şəhərdə yaşıllaşdırma aksiyaları keçirildi, burada müxtəlif növ ağac və gül kolları əkildi.
Telman kişi asudə vaxtlarında 8 yaşlı nəvəsi Azra və digər uşaqlarla birlikdə parkda yaşıllıqlara qulluq edir və bunu şəhidə ehtiramın rəmzi olaraq mənəvi rahatlıq kimi dəyərləndirir. Şəhid atası qeyd etdi ki, yerli sakinlərin “Zəfər ağacları” adlandırdıqları bu parkda ona ağır döyüşlərdə iştirak etmiş müharibə veteranı Elvin Abbasov da kömək edir.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

