Yaxud: “Türkün dili tək sevgili istəkli dil olmaz”
Gənclərin danışığında zaman-zaman müşahidə olunan “qarışıq” ifadələr, yəni ana dilinə türk, rus və ingilis sözlərinin qatılması son dövrdə geniş ictimai və elmi müzakirə mövzusuna çevrilib. Bu, bir tərəfdən qloballaşma, texnoloji inkişaf və müxtəlif dillərdə mənbələrdən gündəlik istifadənin nəticəsi kimi qiymətləndirilir. Digər tərəfdən isə, dilə naşı, məsuliyyətsiz yanaşmanı, söz ehtiyatının azlığını göstərir.
Yeni nəslin dünyaya baxışı və informasiya mənbələrinə çıxışı da dəyişib. İnternet, sosial şəbəkələr, video platformalar və oyunlar vasitəsilə gənclər müxtəlif dillərdə hazırlanan materiallarla tanış olurlar. Bu, təbii olaraq, gündəlik həyatımıza, hətta nitqimizə də sirayət edir, beynin informasiya emaletmə mexanizmi daha qısa və səmərəli ünsiyyət yolları axtarır. Lakin prosesin zərərli və qəbuledilməz tərəfləri daha çoxdur. Bu, ilk növbədə, dilin təmizliyini pozur, onu kasadlaşdırır.
Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirdi ki, nitqdəki problemlər onun zənginliyindən və imkanlarından düzgün istifadə etməməkdən, savadsızlıqdan irəli gəlir:
– Azərbaycan dilinin inkişafı və qorunması məsələsi yalnız dilçilərin deyil, bütün cəmiyyətin diqqət mərkəzindədir. Gənclərin danışığında müşahidə olunan yad söz və cümlə dəyişiklikləri, alınma sözlərdən və müasir terminlərdən geniş istifadə dilin sosial maliyyətinə birbaşa təsir göstərir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, ümumi yaddaşın və yerli mədəniyyətin daşıyıcısıdır.
Gənclərin oxu vərdişlərinin olmaması onların nitqlərinin səlistliyinə mənfi təsir göstərir. Mütaliə leksik zənginliyin formalaşması ilə yanaşı, analitik və tənqidi düşüncənin inkişafına da xidmət edir. Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən, ali təhsil müəssisələrində nitq mədəniyyəti fənninin tədris olunması gənclərin peşəsindən və ixtisasından asılı olmayaraq, yüksək nitq mədəniyyətinə yiyələnmələrini təmin etmək məqsədi daşıyır. Bu yanaşma həm fərdi bacarıqları, həm də vətəndaşlıq məsuliyyətini ön plana çıxarır.
Dilimizin zəngin söz tərkibi və ahəngli quruluşu ilə digər dillərlə müqayisədə nadir üstünlükləri var. Tarixi inkişaf prosesində, xüsusilə sovet dövründə ana dilimiz müxtəlif xarici təsirlərə məruz qalsa da, öz ifadə imkanlarını qoruyub saxlayıb. Klassik ədəbiyyat nümunələrindən bəhrələnən müasir yazarlar da dilin zənginliyini əsərlərində uğurla nümayiş etdirmişlər.
Nitq mədəniyyəti öncə ailədə formalaşır. Valideynlərin milli mədəniyyətə, vətənə və dilə münasibəti uşaqlarda ana dilinə hörmət hissi yaradır. Məktəb və müəllimlər bu prosesin növbəti mərhələsidir. Orta məktəb müəllimlərinin nitq mədəniyyəti şagirdlərin dil vərdişlərinin formalaşmasına birbaşa təsir göstərir. Müəllimlərin dili sevməsi və düzgün istifadə etməsi şagirdlərdə də adekvat münasibət yaradır. KİV-lər, televiyada aparıcıların nitqi, təqdimat tərzi və üslubu gənclərin danışıq vərdişlərini formalaşdırır. Eləcə də, filmlərdə istifadə olunan tərz gənclər arasında tez yayılır.
Bədii ədəbiyyatda müəlliflər tez-tez sərbəst, yaradıcı üslubdan istifadə edirlər, bəzən qrammatik və ya dil normalarından kənara çıxaraq ifadələri daha təsirli, poetik və ya emosional formada yazırlar ki, bu da oxucuların dil qaydalarını düzgün öyrənməsinə və istifadə etməsinə təsir göstərir.
Qloballaşan dünyada dillər qarşılıqlı təsirdədir. Xalqlar siyasi, iqtisadi və mədəni əməkdaşlıq çərçivəsində sözləri paylaşa və götürə bilərlər. Cənab Prezident, Dövlət Dil Komissiyasının sədri İlham Əliyevin AMEA-nın 70 illik yubileyində vurğuladığı kimi, dilimizdə qarşılığı ola-ola yersiz alınmalardan istifadə etmək olmaz. Yəni, Azərbaycan dilində eyni mənanı verən uyğun söz yoxdursa, alınma sözlərin istifadəsi məqbul hesab edilə bilər. Ümummilli lider Heydər Əliyev təbirincə desək, Azərbaycan dili bütün hisslərimizi, anlayış və məfhumlarımızı ifadə etməyə qadirdir. Dilimiz son dərəcə zəngin lüğət tərkibinə malikdir. Burada əsas məsələ onun təbliği və xüsusilə gənclər arasında düzgün tətbiqidir.
Əslində, dil özü toxunulmaz və sabit sistemdir, dəyişkən isə danışıqdır. Nitq fərdidir, daim dəyişir və bu dəyişiklik çox vaxt dilimizin zənginliyinə bələd olmamaqdan, söz ehtiyatından düzgün istifadə etməməkdən qaynaqlanır.
Bəzi mütəxəssislər bu prosesi müasir dövrün qaçılmaz dil təkamülü kimi qəbul edirlər. Axı dil cəmiyyətin düşüncə tərzinə, texnoloji səviyyəsinə və sosial mühitə əsasən formalaşır. Sual yaranır: bu dəyişikliklər harada başa çatmalı, hansı məqamda dili qoruma mexanizmləri işə düşməlidir?
Bu sualı Əməkdar jurnalist, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli cavablandırdı:
– Əcnəbi və alınma sözlərin, eləcə də texnologiya, iqtisadiyyat və gündəlik həyatın müxtəlif sahələrindən gələn yeni terminlərin istifadəsi müasir dil proseslərinin təbii göstəricisidir. Dilin inkişafı və dəyişkənliyi, ictimai gerçəklik, texnoloji yeniliklər və qlobal əlaqələrlə sıx bağlıdır. Bu baxımdan, dilin təbii yenilənməsinə qarşı çıxmaq əksər hallarda mənasızdır. Lakin hər bir dilin özünü qoruma mexanizmləri, norma və qaydaları var. Bu da dilin həm istifadə, həm də mədəni davamlılığını təmin edir.
Azərbaycan dilinin sosial və mədəni anlamda yüksək “qonaqpərvərlik” xüsusiyyəti var. Cəmiyyətdə isə yad sözlərin qarşısını almağa yönəlmiş ümumi düşüncə və ya dil siyasəti formalaşmayıb. Başqa sözlə, insanlar və institutlar (məsələn, media, təhsil, dövlət qurumları) yad sözlərin işlədilməsinə qarşı sistemli şəkildə çıxış etmirlər. Məhz buna görə də gənclərin nitqində tez-tez rus, ingilis və ya türk dillərindən gələn sözlərə rast gəlinir, çünki cəmiyyətdə bu məsələyə qarşı “dil təmizliyi” baxımından vahid mövqe və maarifləndirici mexanizm yoxdur.
Əgər bir dildə yeni yaranan anlayışları ifadə etmək üçün uyğun, dəqiq sözlər və terminlər mövcud deyilsə, o zaman başqa dillərdən sözlərin götürülməsi qaçılmaz olur. Buna görə də prosesi mənfi yox, təbii sayırlar. Çünki dil bu yolla özünü yeni şəraitə uyğunlaşdırır, daha funksional olur. Elmi dildə buna “leksik transfer” (yəni sözlərin bir dildən digərinə keçməsi) deyilir və bu hadisə dilçilikdə normal, təbii inkişaf mərhələsi kimi öyrənilir.
Bununla belə, gənclərin ifadə üslubu müəyyən narahatlıq doğurur. Müşahidələr göstərir ki, gənclərin yazışmaları bəzən çox məhdud söz ehtiyatı ilə həyata keçirilir, dialoqlar səthidir və dilin potensial imkanları tam şəkildə istifadə olunmur. Bu, onların oxu vərdişlərinin yetərincə inkişaf etməməsi ilə əlaqələndirilə bilər. Oxu fəaliyyəti fərdin leksik bazasının, ifadə zənginliyinin və analitik düşüncəsinin formalaşmasında həlledici rol oynayır.
Dil həm funksional, həm də mədəni vahid kimi milli kimliyin, kollektiv yaddaşın və sosial identifikasiyanın daşıyıcısıdır. Ana dilinin qorunması yalnız fərdi dil bacarıqlarının inkişafı ilə məhdudlaşmır; bu, eyni zamanda, cəmiyyətin mədəni və sosial tarazlığının, eləcə də milli kimlik strategiyalarının mühüm komponentidir. Akademik və ictimai diskursda vurğulandığı kimi, dilin qorunması və inkişafı yalnız formal təhsil sisteminə deyil, media, televiziya, jurnalistika və populyar onlayn platformalara da məsuliyyət qoyur. İnstitutlaşmış media qurumları və məşhur blogerlər milli yaddaş, ana dili və mədəni identiklik məsələlərində passiv qala bilməzlər, çünki onların ictimai təsiri genişdir və sosial leksikonun formalaşmasına təsir göstərir.
Bu kontekstdə gənclərin texnoloji yeniliklərə və qlobal təcrübəyə açıq olmaları təqdirəlayiqdir. Lakin bu, ana dilinin zənginliyini, normativ strukturunu və milli rəmzlərə hörməti təhlükəyə atmamalıdır. Dilin inkişafı və davamlılığı həm fərdi səviyyədə oxu, təhlil və yaradıcılıq fəaliyyəti, həm də kollektiv səviyyədə ictimai məsuliyyət və mədəni siyasətlə təmin olunur. Bu baxımdan, dilçilik və sosial humanitar tədqiqatlar gənclərin dildən istifadə vərdişlərinin monitorinqi, terminoloji bazanın inkişafı və mədəni identikliyin qorunması istiqamətində əsas strateji tövsiyələr təqdim edə bilər.
Filologiya elmləri doktoru, dosent Elçin İbrahimov qeyd etdi ki, dil xalqın milli varlığını, mədəni irsini qoruyan əsas mənəvi saxlancdır:
– Azərbaycan dili uzun illər boyu müxtəlif siyasi və mədəni təsirlərə məruz qalıb, təxminən, 70 il ərzində rus dili dövlət, elm, təhsil və ictimai həyatın bütün sahələrində dominant mövqe tutub. Mətbuat, rəsmi sənədlər, elmi ədəbiyyat və təhsil sistemi əsasən rus dilində olub. Belə bir şəraitdə Azərbaycan dilinin sıxışdırılması, onun sosial nüfuzunun zəifləməsi təhlükəsi real idi. Buna baxmayaraq, dil xalqın gündəlik həyatında, ailə və mədəni mühitdə yaşadı. Ədəbiyyat, teatr, folklor və musiqi vasitəsilə milli identikliyin əsas dayağı kimi qorundu. Bir çox ziyalılar, müəllimlər və yazıçılar o dövrdə dilin unudulmaması, tədrisdə və mətbuatda yaşadılması üçün ciddi səylər göstərdilər.
Bu tarixi fakt bir daha sübut edir ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mənəvi müqavimətin və mədəni dirənişin simvoludur. Elə buna görə də bu gün qloballaşmanın gətirdiyi xarici təsirlər sovet dövrünün dil siyasəti ilə müqayisədə artıq təhlükə yox, daha çox çağırış kimi qiymətləndirilə bilər. Bu baxımdan, bugünkü xarici təsirlər dilimiz üçün təhlükə sayılmamalıdır. Əlbəttə ki, dilə yanaşarkən yalnız leksik və sintaktik aspektlər yox, milli kimlik baxımından da həssas olmaq vacibdir. Bu baxımdan, dilə qarşı həssaslıq həm də vətəndaşlıq borcumuzdur.
Bu baxımdan, məktəblərdə və universitetlərdə gənclərə yalnız qrammatika deyil, həm də üslub və söz seçimi nümunələri göstərilməli, ictimai media və sosial şəbəkələrdə isə düzgün dil nümunələri təşviq edilməlidir. Əgər yad sözlər Azərbaycan dilinin sintaksis və leksik strukturuna uyğun istifadə olunarsa, dilin zənginləşməsi və yenilənməsi üçün stimul yarada bilər. Burada əsas məsələ balansdır: gənclərin danışığında dilin əsas norma və prinsipləri qorunmalı, eyni zamanda yeniliklərə açıqlıq saxlanılmalıdır.
Böyük şair Məhəmmədhüseyn Şəhriyar isə yuxarıda deyilənləri aydın poetik düstura belə çevirib:
Türkün dili tək sevgili,
istəkli dil olmaz,
Özgə dilə qatsan,
bu əsl dil əsl olmaz.
Fidan ƏLİYEVA
XQ

