Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, bəzən piyadalar yaxınlıqda keçid olduğu halda, müəyyən edilməmiş yerlərdən yolu keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Bir anlıq tələskənlik və ya diqqətsizlik çox zaman geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.
XQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara növbəti çağırışında bildirilib.
“Unutmayaq ki, piyada keçidləri, işıqforlar və yol nişanları insan həyatını qorumaq üçün var. Onlara əməl etmək yalnız qanunun tələbi deyil, həm də öz həyatımıza və ətrafımızdakılara göstərdiyimiz dəyərin göstəricisidir. BDYPİ bir daha hər kəsi məsuliyyətli olmağa çağırır. Yalnız müəyyən olunmuş keçidlərdən istifadə edin və yolun hərəkət hissəsinə çıxmazdan əvvəl hər iki istiqamətə baxın. Ehtiyatı əldən verməyin. Unutmayın, təhlükəsizliyiniz sizin davranışınızdan asılıdır!”,- deyə çağırışda vurğulanıb.


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                    