Göygöl rayonunda müqəddəs Ramazan ayının mənəvi ab-havasını əks etdirən duyğulu bir iftar süfrəsi təşkil olundu. Rayon icra hakimiyyətinin təşkil etdiyi axşam məclisində şəhid ailələri və qazilərlə yanaşı, nüfuzlu ağsaqqallar, rayonun və Gəncəbasarın dini qurum təmsilçiləri iştirak edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov məclisin əvvəlində dövlətimizin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğıdan danışdı. O bildirdi ki, ölkəmizdə dinlər və məzhəblər arasında tolerantlıq və həmrəylik mühiti yüksək səviyyədə qorunur. Vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq torpaqlarımızı azad edib, şəhidlərimizin qisası alınıb.
Şəhid ailələri və qazilər adından çıxış edənlər onlara göstərilən ictimai diqqətdən və dövlət qayğısından şükranlıqla söz açdılar. Din xadimləri Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd edərək, bu müqəddəs günlərin insanları birliyə, paylaşmağa və xeyirxahlığa səslədiyini vurğuladılar.
Süfrə arxasında müqəddəs “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi. İftar mərasimi müqəddəs dəyərlərə ehtiram, birlik və mənəvi həmrəylik əlaməti altında keçdi.
H.ZEYNALOĞLU,
XQ-nin Gəncəbasar müxbiri

