Çinli alimlər ilk dəfə olaraq simsiz implantasiya edilə bilən beyin-kompüter interfeysini kosmosda sınaqdan keçiriblər. Şimal-Qərb Politexnik Universitetinin hazırladığı cihaz ötən ilin dekabrında eksperimental platforma ilə orbitə göndərilib. Sınaq göstərib ki, beyin siqnallarını oxuyan sistem kosmosun çətin şəraitində sabit işləyir və sıradan çıxmır.
Eksperimentin məqsədi cihazın orbitdə nə qədər davamlı olduğunu yoxlamaq olub. Orqanizmdəki mayeləri təqlid edən mühitdə yerləşdirilən cihaz elektroensefaloqramma (EEQ) siqnallarını stabil şəkildə toplayıb. Bu isə göstərir ki, belə həssas texnologiya Yer atmosferindən kənarda da etibarlı işləyə bilər.
Tədqiqat həm də beynin çəkisizlik şəraitində necə dəyişdiyini daha yaxşı anlamağa kömək edir. Mikroqravitasiya zamanı bədəndə mayelərin yerdəyişməsi beyində müəyyən dəyişikliklər yaradır. Yeni texnologiya bu dəyişiklikləri real vaxtda izləməyə imkan verə bilər. Bu da uzun kosmik missiyalar zamanı, məsələn, Marsa uçuşlarda, kosmonavtların psixoloji və beyin sağlamlığını qorumağa kömək edə bilər.
Layihəyə professorlar Çan Hunlun və Tszi Boven rəhbərlik edib. Onların komandası beynin səthinə uyğunlaşan elastik elektrodlar hazırlayıb. Bu “yumşaq” elektrodlar toxumaya zərər vermir və uzun müddət stabil siqnal verir. Heyvanlar üzərində aparılan sınaqlarda bu sistem ənənəvi metal elektrodlarla müqayisədə daha yaxşı nəticə göstərib. Layihə beynəlxalq mikroelektromexaniki sistemlər konfransında mükafat da qazanıb.
Çin bu sahəni strateji istiqamət kimi müəyyən edib. Planlara görə, 2027-ci ilə qədər texnologiyanın səhiyyə və sənayedə tətbiqi genişləndiriləcək, 2030-cu ilə qədər isə ölkə bu sahədə dünya liderlərindən birinə çevrilməyi hədəfləyir. Bu texnologiya həm tibdə neyroreabilitasiyanın inkişafına kömək edə, həm də gələcək kosmik missiyalarda insan beyninin sağlamlığını qorumaqda mühüm rol oynaya bilər.
XQ

