Asiman övladlarını Vətənə əmanət etdi

post-img

Ömrünün 33 payızında canı qədər sevdiyi vətənin azadlığı uğrunda döyüşlərə qatılanlardan biri də Azərbaycan ordusunun mayoru Asiman Əliyevdir. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan mayoru Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində dünyaya göz açıb. Orta məktəbi doğulub boya-başa çatdığı kənddə alıb, hərbiyə olan həvəsi onu 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseyə aparıb.

Arzularının ardınca hərbi sirlərini daha dərindən öyrənmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. Ali təhsilini burada motoatıcı tağım komandiri ixtisası üzrə alan Asiman 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb.

Asiman Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn edilib.

Atası Vaqif Əliyev qeyd edir ki, Vətən müharibəsi başlayanadək əvvəl Mingəçevirdə, daha sonra Tərtərdə xidmətdə və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı idi. Aprel döyüşləri zamanı yanına iki dəfə minomyot mərmisi düşsə də, heç nə olmamışdı Asimana. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kurs rəisi idi. Müharibənin qurtarmasına az qalmışdı, döyüş bölgəsinə ezam olundu. Noyabr ayının 3-ü cəbhəyə yollanan oğlum noyabrın 7-də şəhid oldu. Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Ölümündən 3 gün sonra da Vətən müharibəsi qurtardı. Asiman elə bil şəhid olacağını duymuşdu.

Asiman əvvəlcə rayonda çalışan atasını, sonra isə anasını yanına gətirir. Ailəsini bir araya toplayır. Kursantlarını da övladı qədər istədiyindən peşəsinə olan sevgisindən böyük zövqlə danışarmış: “Kaş hər zaman dövlətimizin bayrağı uca olsun”.

Asimanın 40 mərasimi günü anası oğlunun yoxluğuna tab gətirə bilmir, dünyasını dəyişir. Bacısı İmmi Əliyeva o günləri yada salaraq kövrəlir: “Anamı heç nə ilə ovuda bilmədik. Nə mən, nə də digər qardaşım anama təsəlli ola bilmədik. Deyirdi ki, Asiman mənim tək oğlum deyil, qardaşım, dostum, bir sözlə, həyatım idi. O acı ilə yalnız 40 gün yaşadı. Asiman mənim də güvənc yerim idi. Lap uşaq yaşlarımızdan məni qoruyardı. Asimanın yerini heç kim verə bilməzdi”.

Həyat yoldaşı Aysellə 11 il ömür-gün yoldaşı olub Asiman. Bir kənddə böyüyüb, eyni məktəbi bitiriblər. Tale onları Bakıda ali təhsil aldıqları müddətdə yenidən qarşılaşdırıb və bu sevgidən 3 övlad dünyaya gəlib: “Qayğıkeş ata idi. Əsl komandir idi. Vətən müharibəsi başlayan gündən hər gün bir neçə dəfə deyirdi ki, “Bakıda qala bilmirəm, utanıram. Elə hey deyirdi yoldaşlarım cəbhədədir, onlar şəhid oldu. Mən qala bilmirəm”. Beləcə əmri gəldi. Noyabrın 3-dən getdi. Ayın 7-si səhər tezdən danışdıq. Hər şey yaxşıdır dedi, anamgilə de nigaran qalmasın. Bu, bizim son danışığımız oldu. Aprel döyüşləri zamanı bir il onun yanında olmuşuq. Bir ildə həftədə üzünü bir dəfə, bir saat görmüşük”.

Aysel xanım deyir ki, Asiman müharibəyə qatılmaq, cəbhə bölgəsinə getmək üçün tələsirdi. Sonuncu dəfə etdiyi zəngdə “övladlarım sənə əmanət” deyib. İndi Aysel xanımın ən böyük arzusu Asimandan yadigar qalan övladlarının uğuru ilə onun ruhunu sevindirməkdir. Üç övladı Vətənə əmanətdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Asiman Vaqif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Xidməti dövründə həmçinin III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə mükafatlandırılıb.

Müşfiq MİRZƏ
XQ



Sosial həyat