Xalqa Zəfər qazandıranlara qayğı davamlıdır
44 günlük qısa bir dövr ərzində Azərbaycan müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi olaraq yazılan uğurlu hərbi əməliyyatlarla ərazilərini işğaldan azad etdi. Dövlət başçısının qeyd etdiyi kimi, bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir.
Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın, ilk növbədə, yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının təsdiqidir. Prezident hərbçilərlə görüşü zamanı demişdir: “Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm... Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək.
Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.
Qeyd edək ki, müstəqillik dövründə “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallları təsis olunub və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş, döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etmiş və s. şəxslərə verilib.
Azərbaycan Prezidenti daha sonra 2 orden və 15 medal da təsis edib. Təltiflərə “Vətən müharibəsi qəhrəmanı”, “Zəfər" və “Qarabağ” ordenləri də əlavə olundu. Medallara gəlincə isə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları da təsis edildi.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əməli göstəricisidir.
Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara hərtərəfli qayğı göstərilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması təqdirəlayiqdir.
Vətən müharibəsindən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sağlamlığının bərpası və sosial inteqrasiyası olmuşdur. Ümumiyyətlə, son illər yaradılan müasir reabilitasiya sistemi həm də Vətən müharibəsi qəhrəmanlarımızın keyfiyyətli və əlçatan reabilitasiya xidmətləri ilə əhatə olunmasına imkan yaratmışdır.
Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 5 min 600-dən çox Vətən müharibəsi iştirakçısına tibbi, sosial və psixoloji dəstək göstərilmişdir. Onlardan 1943 nəfər stasionar və ambulator reabilitasiya xidmətlərinə cəlb edilmiş, 2 min 371 şəxs isə 82 mindən artıq reabilitasiya vasitəsi ilə təmin olunmuşdur. Bu dövrdə 494 qazi Almaniyanın “Ottobock” və İslandiyanın “Össur” şirkətlərinin istehsalı olan 612 ədəd yüksək texnologiyalı protezlə təmin edilmişdir. Bu protezlər qazilərə gündəlik həyatda sərbəst hərəkət etməyə, hətta idman yarışlarında iştirak etməyə imkan verir. Eyni zamanda, Danimarkanın “Levitate” şirkəti ilə əməkdaşlıq nəticəsində 14 Vətən müharibəsi iştirakçısına (əlilliyi olan şəxsə) 15 ədəd qaçış üçün idman protezi təqdim olunmuşdur.
Həyata keçirilən kompleks reabilitasiya tədbirləri nəticəsində artıq 230-dan çox Vətən müharibəsi iştirakçısı sağlamlığını tam bərpa edərək əlillik statusunu aradan qaldırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti sosial ədalətin və şəffaflığın təmin olunmasına xidmət edir. Əlillik təyinatı prosesində obyektivliyin qorunması, reabilitasiya xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və postmüharibə dövründə qazilərə göstərilən qayğı bir daha sübut edir ki, Agentlik dövlətimizin sosial siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.
Bu gün Agentliyin fəaliyyəti nəticəsində həssas əhali kateqoriyasından olan minlərlə insan sosial müdafiə tədbirləri ilə əhatə olunur, tibbi-sosial və psixoloji reabilitasiya xidmətlərindən yararlanır, cəmiyyətə inteqrasiya olunur və həyata yeni ümidlərlə davam edirlər.
Mustafa KAMAL
XQ



