Suverenlik xalqımızın qiymətli sərvətidir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Əlbəttə, bu, heç də təsadüfi deyildir. 

2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu dəyərli, yüksək siyasi əhəmiyyətə malik Sərəncam ölkəmizdə dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, müasir dövlətçiliyin əsasını təşkil edən Konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Böyük fəxr, qürur duyduğumuz müstəqil, suveren və güclü Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi irsinin, onu ardıcıl şəkildə, qətiyyətlə zənginləşdirən, inkişaf etdirən Prezident İlham Əliyev siyasətinin təntənəsi, zirvəsidir. Sağlam təməl üzərində davam etdirilən, milli maraqlara əsaslanan, müasir dövrün çağırışlarına cavab verən bu siyasət əldə etdiyimiz bütün uğurların əsasını təşkil edir.

Konstitusiya və suverenlik anlayışları ölkəmizin müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir.

1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilsə də, müstəqilliyin ilk illərində ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və müstəqilliyini itirmək qorxusu ilə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi çətinliklər və təhlükələr yaratdı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində ölkəmizin dövlət müstəqilliyi qorundu, onun suveren dövlət kimi formalaşmasında həlledici mərhələnin əsası qoyuldu.

Ulu öndərin müdrik rəhbərlyilə ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu səhəsində ən mühüm addımlardan biri atıldı. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə ilk milli Konstitusiyasını qəbul etdi. 

Bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin etmək, vətəndaş hüquq və azadlıqlarını qorumaq kimi ülvi məqsədləri təsbit etdi. 

44 günlük Vətən müharibəsində 30 ilə yaxın əsarətdə, düşmən tapdağında qalan toraqlarımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Milli Ordumuzun rəşadəti, əsgər və zabitlərimizin fədakarlığı, hünəri, qəhrəmanlığı sayəsində işğaldan azad edildi. 

Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edildi. Ölkəmiz bir daha dünyada qalib dövlət, xalqımız qalib xalq kimi tanındı. 

Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında söz sahibidir. Möhtərəm Prezidentimizin dediyi kimi: “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi.”

Müstəqil, suveren Azərbaycanın qazandığı möhtəşəm Qələbələr, tarixi Zəfərlər, ölkəmizin hərtərəfli inkişafı, uğurları və davamlı yüksəlişi Prezident İlham Əliyevin yorulmaz, titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində Azərbaycanın öz tarixinin ən güclü dövlətinə çevrilməsi, dünyada söz sahibi olması məhz Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və müdrik siyasətinin nəticəsidir.

Bu gün şanlı üçrəngli Dövlət Bayrağımız Qarabağda, Şərqi Zəngəzurda, Azərbaycanın hər yerində əzəmətlə, vuqarla dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti, quruculuq, bərpa işləri görülür, soydaşlarımızın ata-baba yurdlarına böyük qayıdışı davam edir.

Ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” müdrik kəlamı reallığa çevrilir. Müstəqil, suveren respublikamızın möhtəşəm uğurları, qazandığı qələbələr, zəfərlər hər birimizin sevinc, qürur mənbəyidir. 

Ağaddin  Şahverdiyev,
Lənkəran Şəhər Statistika İdarəsinin rəis müavini



Sosial həyat