Çalxanqalanın “Dərələyəz” nişanlı məhsulları

post-img

Çalxanqala kəndi Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kəngərli rayonunun inzibati ərazi dairəsinə aid olan bu kənd Dərələyəz silsiləsində, dağətəyi zonada yerləşir. Sakinlərin çoxu Dərələyəz mahalının Naxçıvanla həmsərhəd olan yaşayış məntəqələrindən buraya pənah gətiriblər.

Çalxanqala həm əkinçilik, həm də heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Kənd camaatı zəhmətsevər insanlardır. Onlardan biri də nəinki Kəngərli rayonunda, eləcə də muxtar respublikada yaxşı tanınan Mətləb Dünyamalıyevdir. O deyir ki, buraya gələndə 27 yaşı var idi, indi isə 61 yaşında olub. Həyatı boyu təsərrüfatla məşğul olub. Necə deyərlər, çörəyi bundan çıxır.

Qeyd edək ki, Çalxanqalada üzüm tinglərini qışda torpağa basdırmağa ehtiyac olmur. Belə ki, kəndin sıx dağlarla əhatə olunması sərt küləyin, çovğunun qarşısını alır. Kənddə ən çox becərilən üzüm sortları “Qara mələyi”, “Xindoqnı” və müəyyən qədər Bayanşirədir. Bu da onunla əlaqədardır ki, kənddə üzüm sahələri olan insanların çoxu ondan şərab istehsal edirlər.

Mətləb Dünyamalıyev uzun illərdir bu işlə məşğuldur. Həm də işinin peşəkarı olduğundan hazırladığı məhsullar da çox yerdə tanınır. Mətləb kişi bu sahə ilə bir neçə il bundan əvvəl ailə təsərrüfatı qurmaqla başlayıb. Yetişdirdiyi üzümdən bir neçə növ şərab məhsulları hazırlayaraq yaxşı təcrübə qazanıb. Alıcılar onun istehsal etdiyi məhsulların (qırmızı və ağ şərab, konyak, xum çaxırı) keyfiyyətindən razı qalıblar. Sahibkar muxtar respublikada 2023-cü ildə keçirilmiş festivallarda mükafatlara layiq görülüb. Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əmək” ordeni ilə təltif olunub.

Mətləb Dünyamalıyev kənddə yaşadığı həyətin bir hissəsində şərab sexi də yaradıb. Məlumat verdi ki, bu istehsal sahəsi 124 kvadratmetrdir. Girişdə emal çənləri ilə qarşılaşırıq. Bu çənlərdən ikisi 3 tonluq, biri 2 tonluq, biri isə 1 tonluqdur. Üzüm isti havalarda 6-7 gün, soyuq günlərdə isə 10 gün bu çənlərdə saxlanılır. Sonra isə fərqli üzüm sortlarından sıxılaraq alınmış üzüm suyu xumlara – müxtəlifölçülü saxsı küpələrə doldurularaq “vegetasiya” dövrünə buraxılır.

Öyrənirik ki, təbii gil məhsulun təbii dadının saxlanılmasına müsbət təsir göstərir. 60 gün müddətində hazır olan xum çaxırı müxtəlif ölçülərdə qablaşdırılaraq etiketlənir və satışa çıxarılır. Bununla yanaşı, şərab məhsulları buradakı 30 və 250 litrlik palıddan hazırlanmış ağac çəlləklərdə də saxlanılır. Burada istehsal olunan məhsullar “Dərələyəz” əmtəə nişanı ilə satışa təqdim olunur.

Mətləb Dünyamalıyevin uğur hekayəti göstərir ki, zəhmət, inam və dövlət dəstəyi bir araya gələndə, kiçik bir ailə təsərrüfatı belə yaxşı nailiyyətlərə imza ata bilir. Belə insanların fəaliyyəti bir daha sübut edir ki, zəhmətə sevgi və əməyə hörmət varsa, uğur da gec-tez qapını döyəcək.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat