Naxçıvana zərbə – qonşuluq prinsiplərinə xəyanət

post-img

İranın İslam həmrəyliyinə dönüklüyü onun regionda təklənməsinə xidmət edir

Qəzetimizin dünənki sayının manşetində Prezident İlham Əliyevin İranın Azərbaycandakı səfirliyinə baş çəkməsi, ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə dair xəbər yer almışdı. Bu o demək idi ki, Azərbaycan İranın dərdini, üzüntüsünü bölüşür. Görəsən, başqa nə etməli idik ki, cənub qonşumuz Naxçıvanı həfədə almasın? Yaxşı, nə etdik ki, hədəfə gəldik? Axı, İsrail və ABŞ-ın İrana qarşı hücumlarının trayektoriyasından coğrafi baxımdan uzağıq. Məsələyə qayıdacağıq.

İran həmişə özünü regionun böyük dövləti kimi təqdim etmiş, yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın zəif və müharibə şəraitində olması fonunda bəlağətli siyasi ritorikaya üstünlük vermişdi. Nəzərə alaq ki, o dövrdə Qarabağda savaş gedirdi, Ermənistan torpaqlarımıza diş qıcamışdı. Həmçinin Azərbaycanda siyasi hakimiyyətin möhkəm olmaması, Tehrana bundan yararlanaraq, öz təsir dairəsini möhkəmləndirmək üçün şans qazandırmışdı. Lakin...

Əlbəttə, Rusiya ilə yanaşı, İranın da təsir dairəsinə düşmək istəməməyimizin, bir növ, cəzasını çəkdik. Ərazilərimiz işğala məruz qaldı, bir milyona yaxın soydaşımız məcburi köçkün durumuna düşdü və bu məşəqqət 30 ilə yaxın davam etdi. Onu da deyək ki, din qardaşımız olan İran təcavüzün gerçəkləşməsində az rol oynamadı. Axı molla rejimi təmsilçilərinin baxışları üçün müstəqil, suveren Azərbaycan amili yad idi.

Üstəlik, müstəqillik illərində dəfələrlə cənub qonşumuzun psixoloji basqıları və demarşları ilə üzləşdik. Ötən müddətdə nələr görmədik, nələr?! Sərsəm bəyanatlardan tutmuş, Azərbaycan səmasında qırıcı təyyarə oyununa, Tehrandakı səfirliyimizə hücumadək hər şeyi. Fəqət dözdük və İran dünyaya münasibətdəki balanslı siyasət xəttimiz prizmasından kənar düşmədi. Hesab etdik ki, eyni coğrafiyada yaşamağa məhkumuqsa, deməli, loru dildə desək, dil tapmalıyıq. Tam şəkildə dil tapdığımız məqamlar da oldu ki, İrandakı hansısa əyalət mollasının üstümüzə söz raketi tuşladığının şahidinə çevrildik.

Heç şübhəsiz, dünən Naxçıvana PUA hücumunun başında da hansısa molla dayanır. Axı illərdir mollalar, onlar kimi eyni şovinist libasa bürünmüş SEPAH komandanları ağızlarını açanda Azərbaycanı özlərinə təhlükə kimi gördüklərini dilə gətirirlər. Görünür, İrandan ölkəmizə ilk atəş açanlar kimi tarixə düşmək istədilər. Tarixin həm də nankorların və riyakarların zibillikləri ilə dolu olmasını unutdular.

Prezident İlham Əliyevin dünən Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi bu fikirlər həm sərtliyi ilə seçilir, həm də hadisəyə mahiyyəti üzrə adekvat qiymət verilməsi baxımından fərqlənir: “Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”.

Bəli, saqqallı nankorlar, çirkin və eybəcər simalılar Azərbaycanın daim qonşuluq prinsiplərinə sadiq qaldığının fərqinə varmırlar. Yaxın keçmişi yaddan çıxarırlar. Ərazilərimizdən İrana, ümumən hansısa digər ölkəyə heç vaxt təhlükə yaranmadığını da həmçinin. Axı rəsmi Bakı bu mövqeyini həmişə açıq bildirir. Yayda 12 günlük müharibə zamanı da bildirdi, indi İsrail və ABŞ qüvvələrinin birgə kampaniyası zamanı da. Daha nə etməli idik?!

Militarist və terrorçu siyasəti ilə ölkəsini dünya imperializminin hədəfinə çevirmiş, ABŞ–İsrail cütlüyünün irimiqyaslı hücumuna məruz qalmış İranın dini rəhbərliyi məqbul çıxış yolu tapmaq əvəzinə, aldığı ağır zərbələrin heyfini qonşu İslam ölkələrindən almaq qəsdindədir. Ardıcıl olaraq özünü İslam həmrəyliyinə qarşı qoymuş bu rejimin Azərbaycanın İranla dostluq və qonşuluq siyasətinə sadiq qalmasını dəyərləndirməməsi, hələ də blokada şəraitində olan Naxçıvana hava zərbəsi endirməsi beynəlxalq aləmdə təəccüblə qarşılandı və kəskin rəylər doğurdu. Bunu dost ölkələrin liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənglərində səsləndirdikləri ittihamlar və ifadə edilən siyasi dəstək də təsdiq edir.

Region ölkərinin XİN rəhbərləri də ötən gün ərzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışıqlarında İranın Azərbaycanın xoşməramlı münasibətinə zidd olaraq, ölkəmizi dron hücumu ilə hədəfə almasının başadüşülən olmadığını bildirdilər, hərbi təxribatı kəskin pislədilər. İranın İslam dünyasına belə düşmən münasibəti həmin ölkələrin hamısında qəzəblə qarşılanıb və Tehranın bu ağır günlərdə tamamilə təklənməsinə xidmət edir.

...Azərbaycan indi müharibə ilə əlaqədar İrana humanitar yardım göndərməyi planlaşdırırdı. Bu, ölkəmizin dar gündə qonşularına kömək dəst-xəttinin göstəricisidir. Bir halda ki, Naxçıvan ərazisində mülki obyekt, mülki vətəndaşların istifadə etdiyi hava limanı hədəfə götürülür, nankorluqla yanaşı, həm də terror aktı törədilir, biz necə öz dəst-xəttimizə sadiq qalaq? Nəhayət, sadiqlik, etimad mühitini qorumaq, münasibətlərin həssaslıq fazasını qiymətləndirmək yalnız bizəmi qalıb?

Hələ İranda bəziləri Naxçıvanda yaşananları düşmənin atəş nöqtələrinin susdurulması kimi qiymətləndirirlər. Qəribə vəziyyət yaranıb: başqa ölkənin ərazisinə PUA hücumu edilir, İranın Xarici İşlər Nazirliyi, sanki muxtar respublikamızın hədəfə alınmasından xəbərsizdir. SEPAH-dan gələn açıqlamalar isə hücumların davamlı olacağını düşünməyə əsas verir.

Görəsən, söhbət hansı atəş nöqtələrindən gedir. Əgər belə bir sübut varsa, nəyə görə İranın rəsmi qurumları məsələ barədə Azərbaycanı xəbərdar etməyiblər? Aydındır ki, sübut filan heç nə yoxdur. Sadəcə, molla rejiminin bir düşüncəsi var: Biz zərər görürüksə, dünyada hər kəs eyni aqibətlə üzləşməlidir. Yəni, söhbət bu qədər amansız və qəddar yanaşmadan gedir. Acizlik və qorxaqlıq dolu yanaşmadan. Hər halda, Azərbaycanın İsrail və ABŞ-ın İrana hücum trayektoriyasından uzaqlığı şəraitində başqa cür düşünməyə əsas qalmır. Heç şübhəsiz, Naxçıvana hücum çəkənlər rəsmi Bakının Təl-Əviv və Vaşinqtonla münasibətlərinin rəvanlığını nəzərə alırlar. İran onlarla düşməndirsə, bizdəmi eyni münasibətdə olmalı idik? Bu, nə yanaşmadır?

Yaxşı olar ki, İranda kimlərsə murdar ağızlarında bəslədikləri və ara-sıra dilə gətirdikləri sərsəmlikləri raketlərə dəyişmək eşqinə düşməsinlər. Onlar nəzərə alsınlar ki, Azərbaycana hücum edənlər həmişə peşman olurlar. Bu barədə düşünmək istəmirlərsə, onlara yerlərini göstərmək üçün hər cür gücümüzün və qüvvəmizin mövcudluğunu xatırlada bilərik. Əslində, ölkəmizin Müdafiə Nazirliyi də xatırlatdı və əlavə şərhə ehtiyac duymuruq.

Ə.RÜSTƏMOV
XQ

Siyasət