Yaxın Şərqdə gərginlik, Avropada narahatlıq

post-img

ABŞ–İsrail–İran qarşıdurmasının qlobal əks-sədası

Tarix göstərir ki, istənilən regionda başlayan hərbi və ya siyasi qarşıdurmalar qısa müddət ərzində qlobal sistemə yayılır. ABŞ–İsrail–İran xəttində formalaşan hazırkı qarşıdurmanın da hərbi ölçülərindən daha çox diqqət çəkən tərəfi onun siyasi və iqtisadi rezonansının Avropaya qədər uzanmasıdır.

İlk baxışdan Yaxın Şərqdə baş verən hadisələrin Avropa üçün dolayı siyasi əhəmiyyət daşıdığı düşünülə bilər. Coğrafi məsafə sanki təhlükəsizlik buferi yaradır. Lakin müasir qlobal iqtisadi və enerji sistemi belə “coğrafi rahatlıq” illüziyasını artıq çoxdan aradan qaldırıb. Bu gün dünya bazarları bir-birinə o qədər bağlıdır ki, Fars körfəzində artan gərginliyin təsiri qısa müddət ərzində Avropa birjalarında, enerji bazarlarında və hətta siyasi gündəmində hiss olunur.

Burada əsas amillərdən biri enerji geosiyasətidir. Avropa iqtisadiyyatı uzun illər ərzində sənaye istehsalı, nəqliyyat və sosial rifah modelini sabit və proqnozlaşdırıla bilən enerji təchizatı üzərində qurub. Amma son illər göstərdi ki, enerji bazarlarında sabitlik əslində siyasi sabitlikdən asılıdır. Ukrayna müharibəsindən sonra Rusiyadan qaz tədarükünün azalması Avropa üçün ciddi strateji sarsıntı yaratdı. Bir çox Avropa ölkəsi qısa müddətdə enerji siyasətini yenidən qurmaq məcburiyyətində qaldı. Məhz bu kontekstdə İranın və bütövlükdə Fars körfəzi regionunun əhəmiyyəti daha aydın görünür. İran qlobal enerji daşımalarının keçdiyi ən kritik geosiyasi məkanlardan birinin – Hörmüz boğazının yaxınlığında yerləşir və bu boğaz dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi strateji arteriya hesab olunur.

Gərginlik strateji marşrutların təhlükəsizliyini təsir edir

Əgər ABŞ–İsrail–İran xəttində qarşıdurma daha geniş miqyaslı təhlükəsizlik risklərinə çevrilərsə, bu, ilk növbədə, enerji daşımalarının təhlükəsizliyinə dair narahatlıqları artıracaq. Bəzən real hərbi toqquşmadan daha güclü təsir məhz risk ehtimalının özü yaradır. Enerji bazarları siyasi siqnallara son dərəcə həssasdır. Hər hansı eskalasiya ehtimalı belə investorların və treyderlərin davranışını dəyişir, nəticədə, qiymətlərdə sürətli dalğalanmalar müşahidə olunur. Belə vəziyyət isə inflyasiya ilə mübarizə aparan Avropa iqtisadiyyatına yeni təzyiq yarada bilər. Enerji böhranları Avropada sosial və siyasi sabitlik faktoru kimi qəbul olunur. Qiymətlərin artması seçici davranışına, hökumətlərin reytinqlərinə və ümumi siyasi mühitə təsir göstərən amilə çevrilir.

Məhz buna görə də Avropa paytaxtlarında Yaxın Şərqdə baş verən hadisələr qlobal iqtisadi sabitliyə təsir edə biləcək strateji faktor kimi qiymətləndirilir. Başqa sözlə desək, məsələ yalnız İran və ya İsrail ilə bağlı deyil. Məsələ Avropa iqtisadi modelinin nə dərəcədə sabit qalacağı ilə bağlıdır.

Avropa bu qarşıdurmada hansı mövqedə dayanır – tərəf, yoxsa vasitəçi?

Bu sual əslində Avropanın qlobal siyasətdəki rolunun mahiyyətinə də işıq salır. Çünki son onilliklərdə Avropa İttifaqı özünü daha çox diplomatik və normativ güc kimi təqdim etməyə çalışıb. Yəni Avropa münaqişələrin həllində hərbi alətlərdən çox diplomatik mexanizmlərə, hüquqi çərçivələrə və çoxtərəfli institutlara üstünlük verir. Məhz buna görə də ABŞ–İsrail–İran xəttində formalaşan gərginlikdə Brüsselin mövqeyi daha çox balanslaşdırılmış görünür. Vaşinqton İsrailin təhlükəsizlik arqumentlərini açıq şəkildə müdafiə edir və regiondakı müttəfiqlik münasibətlərinə əsaslanan sərt siyasi mövqe nümayiş etdirir, Avropada isə ritorika ehtiyatlıdır.

“Qoca qitə” niyə bu qədər ehtiyatlı davranır?

Avropa üçün İran Yaxın Şərqin geosiyasi balansında mühüm aktor və potensial iqtisadi tərəfdaşdır. İran böyük enerji ehtiyatlarına malikdir və uzunmüddətli perspektivdə Avropa enerji strategiyasında alternativ mənbələrdən biri kimi nəzərdən keçirilə bilər. Bu səbəbdən Avropa dövlətləri İranla münasibətlərin tamamilə konfrontasiya müstəvisinə keçməsini istəmir. Çünki belə bir ssenari həm diplomatik dialoq imkanlarını məhdudlaşdırar, həm də regionda daha geniş miqyaslı sabitlik problemləri yarada bilər.

Bu kontekstdə İranın nüvə proqramı ətrafında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. 2015-ci ildə əldə olunan bu razılaşma Avropa diplomatiyasının ən mühüm uğurlarından biri hesab edilirdi. Saziş İranın nüvə proqramına məhdudiyyətlər qoyur, əvəzində isə sanksiyaların tədricən yumşaldılmasını nəzərdə tuturdu. ABŞ-ın 2018-ci ildə sazişdən çıxması bu diplomatik arxitekturanı zəiflətdi. Lakin maraqlıdır ki, Avropa paytaxtlarında bu saziş ideyası tamamilə gündəmdən silinmiş hesab olunmur. Diplomatik kanallarda hələ də belə bir sual müzakirə olunur: gərginliyin azaldılması üçün nüvə sazişi modelinə qayıdış mümkündürmü? Sualın qısa cavabı hələlik qeyri-müəyyəndir. Lakin bir məqam aydındır: Avropa dövlətləri ABŞ və İran arasında diplomatik körpülərin tamamilə dağılmasını istəmir. Çünki diplomatik mexanizmlərin itməsi regionda hərbi ssenarilərin daha real görünməsinə səbəb olur.

Məhz buna görə Brüssel və Avropanın əsas paytaxtları gərginliyin açıq müharibə mərhələsinə keçməsinin qarşısını almağa çalışır. Başqa sözlə, Avropa bu qarşıdurmada açıq tərəf rolundan daha çox siyasi balans axtaran aktor kimi çıxış edir. Lakin beynəlxalq siyasətin paradoksu ondadır ki, bəzən balansı qorumaq ən çətin strategiyaya çevrilir. Yaxın Şərqdə hər yeni eskalasiya isə Avropanın bu incə diplomatik xətti nə qədər davam etdirə biləcəyini sual altında qoyur.

Gərginliyin təhlükəsizlik arxitekturasına inteqrasiya edilməsi

Son illər Avropa təhlükəsizlik düşüncəsi əsasən bir istiqamətə – Şərqə yönəlmişdi. Ukrayna müharibəsi qitənin təhlükəsizlik gündəmini köklü şəkildə dəyişdi və Avropa dövlətlərinin strateji planlaşdırması əsasən Rusiya faktoruna fokuslandı. Müdafiə xərclərinin artırılması, NATO-nun şərq cinahının gücləndirilməsi, yeni hərbi doktrinaların hazırlanması – bütün bu proseslər Avropanın təhlükəsizlik sisteminin yenidən qurulduğunu göstərirdi.

Lakin beynəlxalq siyasətin dinamikası nadir hallarda bir böhranla məhdudlaşır. Yaxın Şərqdə artan gərginlik Avropanın təhlükəsizlik düşüncəsini yenidən daha geniş geosiyasi perspektivə qaytarır. Çünki ABŞ–İsrail–İran xəttində eskalasiya ehtimalı Avropanın paralel təhlükəsizlik böhranları ilə üzləşməsi deməkdir.

Bəs Avropa eyni vaxtda bir neçə strateji istiqamətdə təhlükəsizlik risklərini idarə edə biləcəkmi? Bu halda NATO daxilində strateji planlaşdırma yalnız Şərqi Avropa ilə məhdudlaşa bilməz. Əgər Yaxın Şərqdə vəziyyət daha da gərginləşərsə, alyansın diqqəti, eyni zamanda, cənub istiqamətinə də yönəlməli olacaq. Digər tərəfdən, Yaxın Şərqdə eskalasiyanın Avropa üçün yaratdığı gərginliyin humanitar və sosial nəticələri də siyasi gündəmi birbaşa təsir altına ala bilər.

Yeni qarşıdurma dalğası və miqrasiya siyasəti

Son onillikdə Aİ üçün ən həssas daxili siyasi mövzulardan biri məhz miqrasiya məsələsi olub. Suriya müharibəsi dövründə yaranan qaçqın axını Avropa daxilində ciddi siyasi debatlara səbəb olmuş, bəzi ölkələrdə populist və radikal siyasi qüvvələrin güclənməsinə gətirib çıxarmışdı. Əgər Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənərsə və regionda humanitar vəziyyət pisləşərsə, yeni miqrasiya dalğalarının yaranması ehtimalı da artır. Belə bir inkişaf isə Avropa daxilində artıq həssas olan siyasi balansı yenidən sınağa çəkə bilər. Çünki miqrasiya məsələsi təhlükəsizlik, sosial inteqrasiya və siyasi identitet müzakirələri ilə sıx bağlıdır.

Bütün bu faktorlar göstərir ki, ABŞ–İsrail–İran qarşıdurması qlobal siyasi sistemdə geniş dalğalar yaradan prosesə çevrilmək potensialına malikdir. Avropa üçün əsas strateji məsələ balansı qorumaqdır: gərginliyin yaratdığı təhlükəsizlik, iqtisadi və sosial riskləri minimuma endirmək, eyni zamanda, diplomatik manevr imkanlarını itirməmək.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət