“C6” və digər platformalarda əməkdaşlıq isə ölkəmizin qlobal logistika qovşağına çevrilməsini sürətləndirir
Ənənəvi olaraq Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanı birləşdirən regional koordinasiya mexanizmi ölkəmizi da əhatə edən daha geniş geosiyasi çərçivəyə doğru inkişaf edir. Məhz bu kontekstdə martın 4-də ABŞ-də fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi (XSM) tərəfindən Vaşinqtonda təşkil edilən “Yeni və genişlənmiş Mərkəzi Asiya: Trans-Xəzər dəhlizinin inkişafı üçün növbəti addımlar” mövzusunda konfransda səsləndirilən tezislər regionun gələcək geosiyasi inkişaf trayektoriyası baxımından xüsusi diqqət çəkir.
Tədbirdə XSM-nin baş eksperti Erik Rudenşioldun moderatorluğu ilə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, Qazaxıstanın səfiri Maqjan İlyasov və Özbəkistanın səfiri Furqat Sidiqov regionun yeni geosiyasi mənzərəsini müzakirə ediblər. XSM-nin prezidenti Əfqan Nifti çıxışında regional əməkdaşlığın sistemli xarakter aldığını və Azərbaycanın Mərkəzi Asiya platformasına inteqrasiyası ilə "C5" formatının artıq "C6" formatına çevrildiyini vurğulayıb. Səfirlər bu tərəfdaşlığın və Orta Dəhliz layihəsinin həm region xalqlarının maraqlarına cavab verdiyini, həm də ABŞ investorları üçün logistika və kritik minerallar sahəsində yeni imkanlar açdığını qeyd ediblər.
* * *
Mərkəzi Asiya ilə Azərbaycan arasında formalaşan strateji əməkdaşlıq artıq regional çərçivəni aşaraq Qərb dövlətlərinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının xarici siyasət prioritetlərinin mərkəzinə çevrilib. Son illər Vaşinqtonun regiona münasibətdə formalaşdırdığı yeni strategiya bir neçə həlledici məqama söykənir ki, bunların başında qlobal texnoloji rəqabətdə mühüm əhəmiyyət kəsb edən mənbələr dayanır. Mərkəzi Asiya ölkələrinin litium, uran və nadir torpaq elementləri kimi strateji xammal ehtiyatlarına malik olması ABŞ-ın bu regiona marağını iqtisadi müstəvidən milli təhlükəsizlik müstəvisinə daşıyıb. Eyni zamanda, mövcud geosiyasi gərginliklər fonunda Rusiya və İran üzərindən keçən ənənəvi nəqliyyat dəhlizlərinə etibarlı və effektiv logistik alternativlərin tapılması zərurəti Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən marşrutların strateji çəkisini artırmışdır.
Prosesin ən mühüm siyasi məqamı ötən ilin noyabrında baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü oldu. Prezident İlham Əliyevin bu formatda iştirakı Azərbaycanın de-fakto altıncı üzv statusunu möhkəmləndirdi. Daşkənd Sammiti zamanı imzalanan strateji sənədlər Xəzər dənizinin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsi və rəqəmsal tranzit qovşağının yaradılması kimi layihələri yeni mərhələyə daşıdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq vahid geoiqtisadi məkan kimi çıxış edir və bu birliyin Orta Dəhliz üzərindəki qlobal rəqabətqabiliyyətliliyi hər ötən il daha da artır. Vaşinqton hazırda bu reallığı nəzərə alaraq “C5+1” mexanizmini Azərbaycanın strateji imkanları ilə sinxronlaşdırmağa, regionun bütövlükdə strateji dayanıqlılığını dəstəkləyən yeni tərəfdaşlıq arxitekturası qurmağa çalışır.
Regionda diqqətçəkən digər tendensiya Mərkəzi Asiya əməkdaşlıq platformasının genişlənməsidir. Azərbaycanın regional dialoq mexanizmlərinə inteqrasiyası, faktiki olaraq, Xəzər hövzəsi ətrafında yeni geosiyasi konfiqurasiya yaradır. Müasir geosiyasi konyuktura çərçivəsində formalaşan bu yeni əməkdaşlıq modeli şərti olaraq “C6” formatı kimi xarakterizə olunur və Azərbaycan ilə 5 Mərkəzi Asiya dövlətinin strateji koordinasiyasını özündə ehtiva edir. Bu formatın fəaliyyət trayektoriyası, ilk növbədə, Xəzər regionunda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə, xüsusilə Orta Dəhlizin keçid potensialının maksimallaşdırılmasına hədəflənib. Eyni zamanda, tərəflər arasında irimiqyaslı enerji və sənaye layihələrinin sıx koordinasiyası, habelə, regional təhlükəsizlik və iqtisadi sabitliyin kollektiv şəkildə gücləndirilməsi platformanın əsas prioritetləri kimi müəyyən edilib.
Bütün bu proseslər göstərir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq qlobal geosiyasətdə ikinci dərəcəli region kimi qiymətləndirilmir. Əksinə, Avrasiya ticarət və enerji sistemində yeni logistika mərkəzinin formalaşması prosesi gedir. Trans-Xəzər dəhlizi, Orta Dəhliz və “C6” əməkdaşlıq formatı bu transformasiyanın əsas elementləridir. Bu layihələrin uğurla həyata keçirilməsi regionu təkcə tranzit məkan deyil, həm də geoiqtisadi güc mərkəzlərindən birinə çevirə bilər. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycan arasında dərinləşən əməkdaşlıq yalnız regional layihə deyil, Avrasiyanın gələcək iqtisadi və siyasi arxitekturasını formalaşdıran mühüm geosiyasi proseslərdən biridir.
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, politoloq
Son dövrlər ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına yönəlmiş siyasi və institusional aktivliyin artması beynəlxalq münasibətlər sistemində baş verən yeni geosiyasi konfiqurasiyanın mühüm göstəricilərindən biri kimi diqqət çəkir. Vaşinqton həm birbaşa diplomatik kanallar vasitəsilə, həm də analitik mərkəzlər, beynəlxalq platformalar və iqtisadi institutlar üzərindən rəsmi Bakı ilə əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.
Bu kontekstdə Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunan “Yeni və genişlənmiş Mərkəzi Asiya: Trans-Xəzər dəhlizinin inkişafı üçün növbəti addımlar” mövzusunda konfrans xüsusi əhəmiyyət kəsb edir. Müzakirələrin məhz Trans-Xəzər nəqliyyat marşrutunun perspektivlərinə həsr olunması təsadüfi deyil. Çünki Avrasiya geoiqtisadi məkanında formalaşan yeni logistika xətləri içərisində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm geosiyasi, həm də iqtisadi baxımdan alternativ və strateji istiqamət kimi getdikcə daha çox diqqət cəlb edir. Bu marşrut Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya çıxışı təmin edən çoxşaxəli tranzit sistemidir və hazırkı beynəlxalq siyasi şəraitdə onun əhəmiyyəti daha da artmışdır. Ümumiyyətlə, Azərbaycanın son illərdə həyata keçirdiyi iri miqyaslı nəqliyyat layihələri, o cümlədən regional dəhlizlərin inkişafına yönəlmiş siyasəti ölkəni Avrasiyanın əsas tranzit qovşaqlarından birinə transformasiya edib. Bu isə ABŞ-ın regionla bağlı uzunmüddətli geoiqtisadi strategiyasında Bakının rolunu daha da aktuallaşdırır.
Milli Məclisin komitə sədri Səməd Seyidovun ABŞ-a səfəri çərçivəsində müxtəlif beynəlxalq platformalarda iştirakı isə Azərbaycanın parlament diplomatiyasının çoxşaxəli və institusional səviyyədə aparıldığını göstərir. Xüsusilə Suveren Millətlər Alyansı platformasının ilk zirvə toplantısında iştirak Azərbaycanın suverenlik, beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan mövqeyinin yeni müzakirə platformalarında da təqdim olunmasına imkan yaradır. Digər tərəfdən, ABŞ–Azərbaycan iqtisadi münasibətlərinin institusional tarixində mühüm rol oynayan ABŞ–Azərbaycan Ticarət Palatasının fəaliyyətinin 30 illiyinə həsr olunmuş konfrans da ikitərəfli əməkdaşlığın iqtisadi komponentinin davamlı inkişaf etdiyini göstərir. Bu qurum uzun illər ərzində enerji, investisiya, ticarət və sənaye sahələrində əməkdaşlığın inkişafına töhfə verən əsas platformalardan biri kimi çıxış edib. ABŞ şirkətlərinin Azərbaycanın enerji və infrastruktur layihələrində iştirakı, eyni zamanda, Azərbaycanın regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsi iki ölkə arasında iqtisadi tərəfdaşlığın strateji mahiyyət daşıdığını təsdiqləyir.
Tacir SADIQOV
XQ


