Qarabağın baş qapısının xilas edilməsindən 5 il ötür
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu qərarın siyasi, tarixi və mənəvi əhəmiyyəti təkcə bir şəhərin adının təqvimə salınması ilə məhdudlaşmır. Əslində, Ağdamın azad olunması, onun yenidən Azərbaycanın bütövlüyünə qovuşması və bu tarixi hadisənin ildönümünün rəsmiləşdirilməsi müasir dövlətçilik salnaməmizin önəmli səhifələrindən birini təşkil edir. Bu gün Ağdamın 20 noyabr 2020-ci ildə düşmən tapdağından xilas olunmasının 5-ci ildönümü tamam olur. 5 il öncə baş vermiş həmin tarixi hadisə Azərbaycanın Vətən müharibəsində qazandığı daha bir qələbə – həm də döyüşsüz əldə edilmiş zəfər idi.
27 il ərzində işğalda qalan Ağdam Ermənistan silahlı qüvvələrinin təcavüzkar siyasətinin qurbanlarından biri idi. Şəhər sistemli şəkildə dağıdılmış, infrastruktur məhv edilmiş, mədəniyyət abidələri talan olunmuş, bu qədim yaşayış məskəninin həyat izləri tamamilə silinmişdi. İşğal dövründə Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfi deyildi, bu, şəhərin üzləşdiyi həmin amansızlığın mahiyyətini özündə əks etdirirdi.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərirdi. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir”.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdu, 128 min sakin məcburi köçkün həyatını yaşamağa məcbur edilmişdi. İşğal nəticəsində rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi respublikamızın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənilir, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış səsləndirilirdi. Ermənistan tərəfi isə beynəlxalq qərarlara tabe olmaqdan yayınırdı.
İşğal dövründə düşmən ölkə Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi qəsbkarın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirdi.
Yeri gəlmişkən, Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar apararaq tapılan artefaktları Ermənistana daşıyıb. Düşmən Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparıb. Çörək, Tarix Ölkəşünaslıq muzeyləri və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu türbəsi, Kəngərli yaşayış sahəsindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. İşğalçının bu vəhşilikləri ilə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələbləri pozulub.
Lakin Azərbaycan xalqı heç vaxt bu şəhərdən imtina etmədi və dövlət səviyyəsində aparılan prinsipial siyasət nəticəsində “Qayıdış günü” hər zaman yaxınlaşdırılırdı. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi bu gözləntini reallığa çevirdi. Azərbaycan Ordusunun gücü, döyüş hazırlığı və Ali Baş Komandanın dəmir iradəsi qarşısında Ermənistan tərəfi həm canlı qüvvə, həm də hərbi texnika sarıdan ciddi itkilərə məruz qaldı. Müharibədə Azərbaycan Silahlı Qüvvələri elə bir üstünlük qazandı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi davamlı müqavimət göstərməyin mümkünsüzlüyünü qəbul etməyə məcbur oldu.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat bölgənin taleyini dəyişən sənədlərdən biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan bu Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Sənəddə nəzərdə tutulan şərtlərə əsasən, Ermənistan ordusu Ağdam rayonunu noyabrın 20-də tam şəkildə tərk etməli idi.
Nəticədə Ağdam rayonu bir güllə belə atılmadan, döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu, həm Azərbaycan Ordusunun strateji üstünlüyünün, həm də dövlətimizin başçısının siyasi-diplomatik manevr qabiliyyətinin parlaq göstəricisi, həmin gün Ağdamda Azərbaycan bayrağının dalğalanması isə yalnız işğaldan azadolma aktı deyil, həm də milli ləyaqətin, ədalətin və tarixi yaddaşın bərpası idi. Eyni zamanda, bu, xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazılan bir səhifəyə çevrildi. Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində bu barədə demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdamın qaytarılmasından üç gün sonra – 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərə səfər etdilər. Bu səfər sadəcə rəsmi protokol xarakterli tədbir deyildi. Prezidentin dağıdılmış Ağdamın mərkəzində üçrəngli bayrağı qaldırması, Azərbaycanın Qarabağda yeni dövrə qədəm qoyduğunu ifadə edirdi. Həmin səfərdə dövlət başçısı Ağdamın məhv edilmiş mənzərəsini təsvir edərək, işğalın miqyasını dünya ictimaiyyətinə çatdırdı və eyni zamanda bərpa işlərinin ən yüksək səviyyədə həyata keçiriləcəyinə dair qətiyyətini diqqətə çatdırdı. Bu, “Böyük Qayıdış” proqramının başlanğıc nöqtəsi kimi tarixə düşdü.
Ağdamda son 5 ildə həyata keçirilən bərpa-quruculuq layihələri Azərbaycanın dövlətçilik iradəsinin və ölkə rəhbərliyinin strateji baxışının real təcəssümüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonuna səfərlər edərək layihələrin gedişatı ilə yaxından tanış olublar. Bu səfərlər həm bərpa prosesinə nəzarətin yüksək səviyyəsini, həm də Ağdama verilən xüsusi siyasi və mənəvi önəmi göstərir.
Ötən müddətdə Ağdam şəhərinin Baş planı təsdiq edilib və sistemli şəkildə icrasına başlanılıb, yol-nəqliyyat infrastrukturu yenidən qurulub, 110 kV-luq yarımstansiyalar, içməli su və kanalizasiya şəbəkələri inşa edilib. “Ağdam Sənaye Parkı”nın təməli qoyulub və burada onlarla layihə üzrə fəaliyyətə start verilib. Bütün bunlarla bərabər, yaşayış məhəllələrinin salınmasına başlanılıb, ilk pilot məhəllələrdə tikinti sürətlə həyata keçirilib. Ağdam Dram Teatrı, İmarət kompleksi, məscidlər və digər tarixi-mədəni abidələrin bərpası üçün mühüm addımlar atılıb.
Ağdam bu gün iqtisadi potensialı, şəhərsalma modeli və strateji coğrafi əhəmiyyəti baxımından Qarabağ regionunun əsas inkişaf mərkəzlərindən birinə çevrilir. Xalqımız 2023-cü ildən etibarən Ağdam Şəhəri Gününün təsis edilməsini isə tarixi hadisənin anılması ilə bərabər, həm də dövlətin Qarabağla bağlı uzunmüddətli siyasi iradəsinin təsdiqi kimi dəyərləndirir. Bu günün rəsmi şəkildə qeyd edilməsi bir neçə mühüm məna daşıyır:
– 2020-ci il noyabrın 20-si Ağdamın siyasi-diplomatik üstünlük nəticəsində döyüşsüz alınması qazanılan tarixi qələbənin məntiqi sonluğu olduğunu xatırladır;
– şəhərin azad olunması xalqın həmrəyliyinin və dövlətin gücünün birgə təzahürü idi;
– Ağdam Şəhəri Gününün qeyd edilməsi Qarabağın bərpası prosesinə həm mənəvi, həm də ictimai diqqəti gücləndirir;
– bu, qələbə gələcək nəsillər üçün öyünclü bir mesajdır, təkcə tarix deyil, həm də yeni reallığın təqvimdə qeyd olunmasıdır.
Beləliklə, Ağdam artıq təkcə keçmişin dağıntıları ilə xatırlanan şəhər deyil. O, Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutan, modern, “ağıllı” və “yaşıl” şəhər modelini özündə birləşdirən yeni başlanğıcdır. Prezident İlham Əliyevin iradəsi, dövlətin güclü planlaşdırma siyasəti və xalqın birlik ruhu Ağdamı yenidən canlı həyatın mərkəzinə çevirir.
Noyabrın 20-si Ağdamın azad olunmasının beşilliyi olsa da, əslində bu, Azərbaycanın dövlətçilik qələbəsinin, milli dirçəlişinin və tarixi ədalətin bərpasının rəmzidir. Qarabağda baş verən hər bir yenilik kimi, Ağdamın dirçəlişi də ölkənin bütövlüyünün, gücünün və gələcəyinin rəmzi olaraq tarixdə öz layiqli yerini tutmaqdadır.
Vətən müharibəsindən sonra düşməndən alınan tarixi torpaqlarımızda bərpa-quruculuq layihələrinin icrasına başlanılıb. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Sənəddə 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılıb və geniş tikinti-quruculuq işlərinə başlanılıb. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailənin, 3318 nəfərin öz doğma torpaqlarına köçürülməsi başa çatdırılıb.
Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Sənaye müəssisəsinin yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Park rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Burada hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.
Noyabrın 20-si – bu əlamətdar gün Ağdamın zəngin mədəni irsini, tarixi yaddaşını və xalqımızın yenilməz əzmini xatırladaraq, şəhərin bərpası və gələcək inkişafı üçün bütün cəmiyyətin birgə fəaliyyətinin zəruriliyinin önəmini diqqətə çatdırır. Ağdamın yenidən qurulması prosesi təkcə bir şəhərin fiziki bərpası deyil, həm də respublikamızın postmünaqişə dövründə gerçəkləşdirdiyi regional inkişaf modelinin mühüm tərkib hissəsidir.
Şübhəsiz ki, davamlı şəkildə reallaşdırılan infrastruktur layihələri, müasir şəhərsalma yanaşmaları və dövlətin siyasi iradəsi Ağdamı yaxın illərdə Cənubi Qafqazın innovasiya və iqtisadi fəallıq mərkəzlərindən birinə çevirəcək. Bu proses həm ölkənin iqtisadi potensialının genişlənməsinə, həm də illərlə doğma yurdlarına qayıtmağı gözləyən keçmiş məcburi köçkünlərin Ağdama qayıdış prosesinin daha sürətlənməsinə mühüm təsir göstərəcək.
Vaqif BAYRAMOV
XQ


