Naxçıvan xanlarının maarifpərvər oğlu

post-img

Bir portretin öyünclü və kədərli tarixçəsi

Milli realist rəngkarlığımızın banisi Bəhruz Kəngərlinin yaratdığı bu portret Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu yaxınlarda ünlü sənət ocağında rəsmdə təsvir edilmiş nəcib pedaqoq və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün xeyiyyəçi maarif xadimi Mirzə Məhəmməd Zamanbəylinin 165 illik yubileyi qeyd edilib.

Xalqının maariflənməsi yolunda böyük xidmətlər göstərmiş Mirzə Məhəmməd Zamanbəylinin xatirəsi bu gün də yaddaşlarda əsl ziyalı, böyük maarif xadimi, mesenat kimi ehtiramla anılır. İndiki nəsillərin daha geniş tanımasına haqqı çatan bu insan kim olub?

Şərqin ilk demokratik siyasi qurumu Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq mövcudluğu dövründə yurdumuzun adlı-sanlı ziyalılarını, maarif xadimlərini, xeyriyyəçiləri milli dövlət quruculuğu uğrunda mübarizəyə səfərbər etmiş, cəmiyyətin formalaşmasında, xalqın ictimai şüur səviyyəsinin inkişafı yolunda böyük addımlar atmışdır. Belə işıqlı və əməlpərvər ziyalılarımızdan biri də Xalq Cümhuriyyətinin maarif xadimi, xeyriyyəçi-mesenant Mirzə Məhəmməd Zamanbəyli olmuşdur.

Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə Naxçıvanın Şahbuz rayonunun eyniadlı kəndində (Şahbuzkənddə) tanınmış sərkərdə, Rus–İran müharibələrinin iştirakçısı olmuş Zaman xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olmuşdur. O, Qori Müəllimlər Seminariyasında təhsil almış, maarifçilik fəaliyyəti dövründə həm də xeyriyyəçi kimi tanınmışdır. Mirzə Məhəmməd öz vəsaitini xalq yolunda xərcləyərək yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərmişdir.

Qori Seminariyasının ilk məzunlarından olan Məhəmməd Zamanbəyli bütün ömrünü xalqın maariflənməsinə həsr etmişdir. Dövrünün A.Çernyayevski kimi maarif və elm adamları ilə tanışlıq onun ziyalı kimi formalaşmasında, dünyəvi görüşlərə yiyələnməsində böyük rol oynamışdır. Sonralar o, xeyriyyə cəmiyyəti yaratmaqla doğulduğu Şahbuzkənddə məktəb tikdirmiş, öz vəsaiti hesabına uşaqları təhsilə cəlb etmiş, savadlı yetirmələrini Qori Seminariyasına təhsil almağa göndərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Mirzə Məhəmmədə maarif sahəsində məsul vəzifələr təklif etsə də o, bundan imtina edərək, ömrünü uşaqların təhsil almasına həsr etmişdir. Bununla Zamanbəyli Xalq Cümhuriyyətinin maarif siyasətinə fəal kömək göstərmişdir. O, Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi şurasının üzvü olmuş, milli hökumətin təhsil layihələrinə maddi dəstəyini əsirgəməmişdir.

Mirzə Məhəmməd bir çox vacib sənədləri dilimizə tərcümə etmiş, Qazaxa köçürülmüş Qori Müəllimlər Seminariyası Azərbaycan bölməsində dərslərin ana dilimizdə təşkilinə də yardımçı olmuşdur. Ölkəmizdə ali təhsil sisteminin yaradılmasına öz təcrübəsi ilə qoşulan pedaqoq 1919-cu ilin sentyabrında fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində də fəal iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra təqiblərə məruz qalmış Məhəmməd Zamanbəyli İran dövlətindən sığınacaq istəmiş, lakin onun müraciətləri cavabsız qalmışdır. Maarifə, mədəniyyətə, ölkənin inkişafına həsr edilmiş bir ömür yolu 63 il davam etmiş, görkəmli maarifçi 1923-cü ildə nisgil və diqqətsizlik şəraitində vəfat etmişdir.

Mirzə Məhəmməd Zamanbəylinin nəticəsi Anar Zamanbəyli babasının maarifçilik fəaliyyətindən danışarkən dedi ki, onun bu xidməti Naxçıvanda çox yüksək qiymətləndirilmişdir. Bu məşhurluğun və qədirbilənliyin göstəricisi kimi, Bəhruz Kəngərli 1907-ci ildə öz dövrünün böyük mütəfəkkir ziyalısı kimi onun da portretini yaratmışdır. Zamanbəylilər ailəsi bu nadir əsəri rəssamın və portret sahibinin xatirəsinə ehtiram olaraq və qorunub saxlanmaq üçün Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə etmişdir.

Mirzə Məhəmməd Zamanbəylinin ölümü ilə bağlı ailə üzvlərində dəqiq məlumat yoxdur, hətta dəfn olunduğu yer də bilinmir. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra bütün mülkləri kimi, məktəbi də əlindən alınmış, xeyriyyə cəmiyyəti bağlanmışdır.

Lakin Mirzə Məhəmmədin maarifçilik yolu onun ailəsində davam etmişdir. Övladları Xurşud və Qafar Zamanovlar da müəllim olmuşlar. Qafar müəllim Naxçıvan Pedaqoji Texnikumunda ümummilli lider Heydər Əliyevə dərs demişdir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat