Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına yekun vurulub. Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) finalda Bəhreyn idmançısı Xıdır Saypudinova 5:1 hesabı ilə qalib gələrək Oyunların çempionu olub.
Sərbəst güləşçilərimiz İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) finalda məğlub olaraq gümüş medal qazanıblar.
Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal qazanıb. Onun bəhreynli rəqibi Əhməd Tajudinov üçüncü yer uğrunda görüşə çıxmayıb.
Qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) finalda nigeriyalı Ester Kolavole ilə görüşdə son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
Nigar Mirzəzadə (68 kq) indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb – 1:12. Üçüncü yer uğrunda mübarizədə banqladeşli Həlimə Akter xalçaya çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Zəhra Kərimzadə (76 kq) 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə uduzub – 0:10.
Qabil YUSİFOĞLU
XQ

