D-8 Media Forumu

post-img

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirildi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə çıxış edən D-8 təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam təşkilata üzv ölkələrin əməkdaşlığının təkcə iqtisadiyyatda deyil, həmçinin media və kommunikasiya sahəsində böyük önəm daşıdığını deyib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Keçən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub".

Baş katibin sözlərinə görə, D-8 təşkilatı öz mövqeyini, həmçinin medianın nüfuzunu və təsir gücünü artırmalıdır. “Təşkilatımızın tutduğu mövqeyi beynəlxalq səviyyəyə çatdırmalıyıq. Planlarımızda ümumi yayım assosiasiyasını yaratmaq var. Həmçinin təşkilata üzv ölkələrdə jurnalistika məktəblərinin yaradılmasını və təqaüdlərin ayrılmasını təklif etmək istərdik. Bu tədbirin hər il keçirilməsi medianın inkişaf etdirilməsinə kömək ola bilər. D-8 ölkələrinin birgə əməkdaşlıq edərək fərqlənmə mərkəzi ərsəyə gətirmələri üçün vəsait ayrılmasını təklif edirik", - deyə İsiaka Abdulqadir vurğulayıb.

Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar Azərbaycanın D-8-in tamhüquqlu üzvü olduqdan sonra bu təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir. Artıq ənənəvi çap mediasından rəqəmsal mediaya keçid sürətlə baş verir və bu sahə dinamik şəkildə inkişaf edir. “Təklif edirəm ki, D-8 təşkilatına üzv dövlətlərin media peşəkarları və media nazirlikləri arasında işçi qrupu yaradılsın. Bu qrup mütəmadi görüşlər keçirərək fikir mübadiləsi aparsın”, - deyən pakistanlı nazir, həmçinin media mühitində dezinformasiyanın qarşısını almaq məqsədilə D-8 üzvləri üçün vahid platformanın yaradılmasını təklif edib.

Banqladeşin Məlumat və Yayım Nazirliyinin baş katibi Noor Md. Mahbubul Haq öz növbəsində deyib: "Bu gün biz ənənəvi elektron mediadan deyil, artıq təkamül etmiş yeni mediadan - sosial şəbəkələrdən danışırıq. Sosial şəbəkələr ənənəvi medianın sərhədlərini aşaraq informasiyanın son dərəcə sürətlə yayılmasına imkan yaradır".

Misir Ərəb Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil D-8 təşkilatına üzv dövlətlər arasında dialoqun, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi naminə sıx əməkdaşlığa böyük ehtiyac olduğunu qeyd edib. Bu təşkilat böyük insan resursu, iqtisadi potensialı və zəngin mədəni müxtəlifliyi ilə təkcə regional platforma deyil, həm də qlobal təsir gücünə malik birlik kimi çıxış edə bilər.

İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə baş siyasi məsləhətçisi Agustaviano Sofjan D-8 Media Forumunun ilk dəfə Azərbaycanda keçirildiyi üçün məmnunluğunu ifadə edərək deyib: “Rəqəmsal platformaların inkişaf etdiyi dövrdə biz bu sahəyə ciddi şəkildə nəzarət yetirməliyik və öz töhfələrimizi verməliyik”.

İranın Xarici İşlər Nazirliyinin xarici media üzrə baş direktoru və sözçünün müavini Alireza Miryusefi Aval D-8 təşkilatının, ilk növbədə, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə yaradığını diqqətə çatdırıb: "Lakin bu gün biz hamımız yaxşı anlayırıq ki, üzərimizdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, daha geniş ölçülü məsuliyyət mövcuddur. Bu məsuliyyət, ilk növbədə, informasiya məkanında aydınlıq, şəffaflıq və etibarlılığın təmin edilməsindən ibarətdir. Bu isə hər bir ölkənin ictimai rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə xidmət edən strateji hədəfdir".

Malayziya Milli Xəbər Agentliyinin (BERNAMA) Baş direktoru Nur-ul Afida Kamaludin tədbirin dinamik inkişaf edən tarixi Bakı şəhərində keçirildiyini vurğulayaraq bu gün mədəniyyət, tarix və digər məsələlərdən danışarkən, əlaqələrimizin möhkəmlənməsində medianın ortaq dəyərlərimizi birləşdirən mühüm vasitə olduğunu söyləyib.

Nigeriya Mətbuat Şurasının Baş direktoru Dili Ezughah Azərbaycana ilk səfəri olduğunu və hava limanından tədbir məkanına qədər gördüyü mənzərənin onda böyük təəssürat yaratdığını deyib. O qeyd edib ki, D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Dayanıqlı həllər isə hər bir ölkənin öz reallıqlarından irəli gəlir. Məhz buna görə də medianın inkişafı sahəsində əməkdaşlıq bizim üçün strateji önəm daşıyır.

Türkiyə Prezidentinin Rabitə, Strateji Rabitə və Böhran İdarəetmə İdarəsinin rəisi Bora Bayraktar bu gün ölkələrin hibrid təhdidlərlə üzləşdiyini söyləyib: “Süni intellektlə hazırlanan xəbərlərin sürətlə yayılması cəmiyyətin dövlət təsisatlarına inamına zərbə vura bilər”.

Forum panel sessiyalarla davam edib.

***

D-8 Media Forumu çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktor müavini Orxan Amaşovun moderatorluq etdiyi panel sessiyada müasir media mühitində məsuliyyətli informasiya istehsalı və rəqəmsal transformasiyanın yaratdığı imkanlar barədə müzakirələr aparılıb.

Banqladeş Mətbuat İnstitutunun Baş direktoru Faruk Vasif Omar qeyd edib ki, ölkələr arasında əməkdaşlıq, təcrübə mübadiləsi və birgə texnoloji həllərin hazırlanması zəruridir. Biz real və saxta məzmunu ayırd edən sistemləri inkişaf etdirməli, süni intellektlə yaradılmış videoların aydın şəkildə etiketlənməsini təmin etməliyik. Bu, həm ictimai etimadın qorunması, həm də məlumat təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Misirin “Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və “Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim Azərbaycanın D-8 təşkilatına verdiyi önəmi yüksək qiymətləndirərək deyib: “Bu gün Media Mükəmməllik Mərkəzinin yaradılması isə xüsusilə təqdirəlayiq addımdır. Çünki ənənəvi media sisteminə rəhbərlik edən qurumlar bu gün çox ciddi bir çağırışla üzləşiblər. Süni intellekt sənayesinin sürətli inkişafı mövcud vəziyyəti tamamilə dəyişib. Artıq ənənəvi media orqanları əvvəlki kimi tək mənbə və ya əsas istiqamətverici rolunu asanlıqla qoruya bilmir. AI həm məzmun istehsalını sürətləndirir, həm məlumat axınını dəyişir, həm də müxtəlif platformalar vasitəsilə ənənəvi medianın təsir gücünü azaldır. Bu reallıq mediaya yeni yanaşmalar, yeni strategiyalar və yeni öyrənmə prosesləri tələb edir. D-8 çərçivəsində yaradılan mərkəz isə məhz bu çağırışlara kollektiv cavab vermək üçün böyük imkan yaradır”.

İndoneziyadan rəqəmsal biznes və media innovasiyası üzrə ekspert Ferdian vurğulayıb ki, jurnalistlər süni intellekt əsaslı texnologiyalardan həddindən artıq asılı vəziyyətə düşə bilərlər. Bu isə peşəkar qərarvermənin, mənbəyi yoxlama mədəniyyətinin və redaksiya məsuliyyətinin zəifləməsinə səbəb ola bilər. “Süni intellekt bəzən həqiqi mənbələri şübhə altına ala və ya yanlış izahlar yarada bilər. Bu problem xüsusilə media sahəsində işləyənlərə daha aydın görünür, çünki onlar real məlumatın, faktların və etibarlı mənbələrin nə qədər vacib olduğunu dərindən bilirlər. Ancaq mühüm məsələ bu sahədə işləməyən geniş ictimaiyyətin düzgün məlumatlandırılmasıdır. Bu, hamımızın üzərinə düşən məsuliyyətdir. Media nümayəndələri, ekspertlər, dövlət qurumları və akademik dairələr birlikdə çalışaraq ictimaiyyət üçün maarifləndirici təlimlər, sadə izahlarla təqdim olunan məzmunlar və asan başa düşülən qaydalar hazırlamalıdır. İnsanlara süni intellektdən istifadə qaydaları, məlumatın doğruluğunu yoxlama üsulları və dezinformasiya ilə mübarizə üçün praktik metodlar izah edilməlidir”, - deyə indoneziyalı ekspert vurğulayıb.

İranlı jurnalist, “Press TV”nin Beynəlxalq əlaqələr üzrə direktoru Elham Abedini isə bildirib ki, süni intellektlə bağlı etik aspektlər mütləq nəzərə alınmalıdır. Biz bu gün, əlbəttə, süni intellektdən geniş şəkildə istifadə edirik. Lakin digər tərəfdən qarşımızda çoxsaylı çağırışlar dayanır və onların ən əsası məhz etik məsələlərdir, faktların yoxlanılmasıdır. Çünki faktların hansısa məqsəd naminə dəyişdirilməsi və ya manipulyasiya olunması ciddi təhlükə yaradır. Məsuliyyətli jurnalistika isə bu baxımdan çox çətin, eyni zamanda, olduqca vacib bir vəzifədir. “Media nümayəndələri, xəbər istehsalçıları və texnologiya qurumları etik prinsipləri qorumağı özünün əsas missiyası kimi qəbul etməlidirlər. Süni intellektdən istifadə bizi sürətləndirə bilər, lakin etika və faktların doğruluğu unudularsa, informasiya mühitinin bütövlüyü zərər görər”, - deyə E.Abedini əlavə edib.

Panel sessiya müzakirələrlə davam edib.

***

Forum çərçivəsində “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzusunda ikinci panel sessiya da təşkil edilib.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel müzakirədə Malayziya Milli Xəbər Agentliyinin Kommersiya Departamentinin rəhbəri Mastura Hassan, Nigeriyanın informasiya və milli istiqamət nazirinin tədqiqat və strategiya üzrə köməkçisi Saidu Ahmed, Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar isə spiker qismində çıxış edərək dövlət qurumlarının kommunikasiya strategiyalarının yenilənən informasiya mühiti ilə uyğunlaşdırılması barədə fikirlərini bölüşüblər.

Panel sessiya zamanı iştirakçılar böhran vəziyyətlərində operativ, şəffaf və dəqiq məlumatlandırmanın ictimai etimadın qorunmasındakı rolunu vurğulayıblar. Müzakirələrdə rəsmi qurumların kommunikasiya fəaliyyətinin koordinasiyası, vahid informasiya axınının idarə olunması, sosial media platformalarında böhran kommunikasiya alətlərindən istifadə imkanları və informasiya risklərinin qiymətləndirilməsi kimi məsələlər geniş şəkildə təhlil edilib.

Proqram çərçivəsində media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffany J.Bell tərəfindən “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop keçirilib. Vörkşop zamanı media etikasının yeni texnoloji reallıqlarda qarşılaşdığı çağırışlar, rəqəmsal platformalarda məsuliyyətli davranış qaydaları və innovativ kommunikasiya tendensiyaları haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.

***

Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

D-8 Media Forumunun Bakı Bəyannaməsi

“Biz - İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvlərinin - Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci D-8 Media Forumu üçün Azərbaycanın Bakı şəhərində görüşdük.

Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə informasiya nazirliklərinin, milli media orqanlarının və media agentliklərinin forumun işinə verdikləri fəal və dəyərli töhfələri yüksək qiymətləndiririk.

D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən qlobal media mühitində daha fəal əməkdaşlığın getdikcə artan əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:

Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

D-8 Media Forumunun inklüzivliyi və ortaq məsuliyyəti təmin etmək üçün D-8 üzv dövlətləri tərəfindən təşkil olunan bir platforma kimi institutlaşdırılması təklifini qəbul edirik.

Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda fəaliyyətə başlamasına çağırış edirik.

D-8-in üzv dövlətlərdə institusional və insan resursları imkanlarını gücləndirmək üçün D-8 Media Mükəmməlliyi Mərkəzi vasitəsilə strukturlaşdırılmış potensialın artırılması proqramları, seminarlar və peşəkar mübadilələrin inkişaf etdirilməsi.

İnformasiya mübadiləsini möhkəmləndirmək, strategiyaları uyğunlaşdırmaq və birgə məzmunla bağlı təşəbbüsləri dəstəkləmək üçün milli media orqanları, xəbər agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın gücləndirilməsi.

Proqram mübadiləsi, birgə istehsal, həmçinin mədəniyyət və təhsil sahəsi ilə bağlı məzmunun paylaşılmasını asanlaşdırmaq üçün D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təşəbbüsünün nəzərə alınması.

D-8-in birgə istehsal və ölkələrarası məlumatların yayılması üçün D-8 rəqəmsal platformaların yaradılmasının təşviq edilməsi və bununla da qlobal miqyasda D-8-lə bağlı məlumatlaırn ictimaiyyətə çatdırılmasının təmin olunması.

Paylaşılan fakt yoxlama mexanizmləri, ortaq yoxlama vasitələri və sürətli kommunikasiya kanalları vasitəsilə yanlış məlumatlandırma, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə aparmaq məqsədilə əlaqələndirilmiş səylərin təşviqi.

Zərərli rəqəmsal məzmuna və qarşıya çıxan risklərə qarşı kollektiv dayanıqlığın təmin edilməsi üçün beynəlxalq media təşkilatları, tədqiqat qurumları və qlobal kommunikasiya şəbəkələri ilə tərəfdaşlığın gücləndirilməsi.

Jurnalistikanın etik standartlarının təmin olunması və bütün media formatlarında peşəkarlığı, məsuliyyəti və dəqiqliyi özündə ehtiva edən vahid D-8 davranış kodeksinin hazırlanmasının dəstəklənməsi.

Üzv dövlətlərdə rəqəmsal baxımdan məlumatlı vətəndaşlığı və daha təhlükəsiz onlayn mühiti təşviq etmək məqsədilə xüsusilə gənclər və müəllimlər üçün media savadlılığı təşəbbüslərinin inkişaf etdirilməsi.

Media texnologiyalarında məsuliyyətli innovasiyanı, həmçinin məzmun yaradılması, yoxlanılması və idarə olunmasında süni intellektdən şəffaf və etik istifadənin təmin edilməsinin dəstəklənməsi.

Jurnalistika institutları və məktəbləri arasında əməkdaşlığın gücləndirilməsi, təqaüdlərin, akademik mübadilələrin və jurnalistlər üçün peşəkar inkişafın təşviq edilməsi.

D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv öhdəliyimizi bir daha vurğulayırıq.

Biz inanırıq ki, bu bəyannamənin səmərəli şəkildə həyata keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək.

İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk.

Bəyannamə 2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Bakı şəhərində qəbul edilib”.

XQ







Son xəbərlər