Qədim diyarın tarixi elmi mənbələrdə

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin qədim diyarın tarixinə dair “Naxçıvan tarixi mənbələr işığında” və “Naxçıvam Muxtar Respublikasının yaranması və inkişaf tarixi” adlı 2 yeni kitabı işıq üzü görüb. Bu nəşrlərdə muxtar respublikanın son 25 ildə keçdiyi ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişaf mərhələləri barədə elmtutumlu, mənbə sayılan müxtəlif materiallar toplanıb.

Birinci kitabda müəllifin ötən illərdə müxtəlif əsərlərə yazdığı ön sözlər, resenziyalar və müsahibələr verilib. Nəşrə akademikin çap olunmuş əsərləri barədə yazılmış resenziyalar da əlavə edilib. “Apostrof-A” nəşriyyatında işıq üzü görən 472 səhifəlik mənbənin elmi redaktoru, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, naşiri isə Akif Dənzizadədir. “Naxçıvan tarixi mənbələr işığında” kitabı “Giriş” və 3 fəsildən ibarətdir.

I fəsildə müəllifin “Heydər Əliyevin tariximizdə və taleyimizdəki yeri və rolu”, “Heydər Əliyev: bəşəri müdrikliyi özündə əks etdirən tarixi şəxsiyyət”, “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi”, “Naxçıvan diyarının siyasi tarixi”, “Naxçıvan tarixi yeni tədqiqatda”, “Naxçıvan tarixi və abidələri”, “Kəngərli elinin soy kitabı”, “Qədim türk yurdu haqqında həqiqətlər”, “Vətənin əbədi harayı” 30-dək kitaba yazdığı ön sözlər yer alıb.

II fəsildə isə İsmayıl Hacıyevin “Heydər Əliyev irsi–əbədiyaşar təlim”, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)”, ”Əlincəçay mahalına həsr edilmiş dəyərli əsər” kimi kitab və kitab və monoqrafiyalar barədə 8 resenziyası toplanıb. Bu bölmədəki “Yeni dövrün yeni Naxçıvanı”, “Naxçıvanın müstəqillik dövrü salnaməsi”, “Naxçıvanşünaslıq elmi xəzinəsinə dəyərli töhfə”, “Ümummilli liderin yubileyinə həsr olunan dəyərli monoqrafiya”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına həsr olunmuş monoqrafiya naxçıvanşünaslığa dəyərli töhfədir” və s. 25 resenziya isə alimin öz əsərləri barədə dövri nəşrlərdə çap olunmuş məqalələrdir.

Kitabın III fəslində isə “Elmə olan diqqətin təzahürü”, “AMEA Naxçıvan Bölməsi fəaliyyət dairəsini genişləndirir”, “Ölkə Prezidentinin bəyanatı erməniləri təşvişə salıb”, “Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası” və s. mövzularda “Xalq qəzeti”, “AZƏRTAC”, “Yeni Azərbaycan”, “Şərq qapısı”, “İki sahil”, “Azad Azərbaycan”, “Naxçıvan”, “Tələbə press”, “Nuh yurdu”, “Azərbaycan diasporu”, “Səs”, “Kaspi”, “525-ci qəzet” və s. media qurumlarına verdiyi müsahibələri təqdim edilib.

Akademik İsmayıl Hacıyevin “Naxçıvam Muxtar Respublikasının yaranması və inkişaf tarixi” (rus dilində) adlı monoqrafiyası isə tarixi həqiqətlərimizin beynəlxalq aləmdə tanıdılması məqsədilə orijinal nəşrdən sonra rus dilində çap edilib. Əsərdə XX əsrin əvvəllərində Naxçıvan diyarının ictimai-siyasi və hərbi vəziyyəti araşdırılmış, Naxçıvanda baş vermiş hadisələr təhlil edilmiş, ermənilərin Naxçıvan iddiaları və soyqırımı törətmələri, Naxçıvanın qəhrəman əhalisinin mübarizəsi faktik materiallar əsasında öyrənilmişdir. Türkiyənin köməyi ilə Naxçıvanın qorunub saxlanılması, Moskva və Qars beynəlxalq müqavilələri sayəsində Azərbaycanın protektoratlığında Naxçıvana muxtar respublika statusunun verilməsi, Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi xronoloji ardıcıllıqla işlənilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 447 səhifəlik monoqrafiyanın elmi redaktorları tarix elmləri doktoru, professor Nikolay Dyakov, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Fərzəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, tarix elmləri doktoru, professor Oktay Sultanov, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir.

Bu monoqrafiya “Giriş”, 7 fəsil və “Nəticə”dən ibarətdir. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı I fəsildə Türkiyənin Naxçıvan bölgəsinə siyasi-hərbi yardımı, İngiltərə və ABŞ-ın Naxçıvan bölgəsinə dair ikili siyasəti, ermənilərin Naxçıvan bölgəsinə ərazi iddiaları kimi məsələlərdən bəhs olunur.

Monoqrafiyanın “Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu” adlı II fəslində Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturlarının yaradılması, ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizə kimi məsələlərə yer verilib. “Naxçıvanda Sovet hakimiyyətinin qurulması, muxtariyyət statusu və Naxçıvan MSSR-in təşkili” adlı III fəsildə Qars konfransı, Qars müqaviləsi, Azərbaycanın himayəsində Naxçıvan statusu, Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu və MSSR-in təşkili barədə məsələlərdən bəhs edilib.

“Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində” adlı IV fəsildə Naxçıvan sənayesinin bərpası, inkişafı, Naxçıvan MSSR-də mədəni quruculuq işlərindən bəhs olunub. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikası 1941–1945-ci illər müharibəsi dövründə” adlı V fəsli Naxçıvan əhalisinin müharibə cəbhələrində, həmçinin arxa cəbhədəki fəaliyyətlərinə aydınlıq gətirilir.

“Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı (1946-1990)” və “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1990-2024)” adlı fəsillərdə isə Naxçıvan tarixində Heydər Əliyev dövrü, müstəqilliyin möhkəmləndirilməsi, Naxçıvan Muxtar Respublikasının inkişaf dinamikasına nəzər salınıb. Monoqrafiyada şəxsi və coğrafi adların göstəricilərinə də yer verilib.

S.HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat