Şəhid ailələri və qazilər “YAŞAT” Fondunun himayəsində

post-img

Azərbaycanda şəhid və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir.

Dövlət davamlı olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.

5 illik fəaliyyətinə dair mətbuat konfransında “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib. Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və müharibə əlilləri üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub. Bildirilib ki, yarandığı beş il ərzində “YAŞAT” Fondunun büdcəsindən dörd fəaliyyət istiqaməti üzrə 93 milyon 622 min manat vəsait xərclənib.

E.Hüseynovun sözlərinə görə, bu günədək 18 min 566 şəxsin 93 min 897 müraciəti təmin edilib. İndiyədək “YAŞAT” Fondu tərəfindən 67 layihə həyata keçirilib. Həmin layihələrdə 29 min 136 nəfər iştirak edib.

2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı “YAŞAT” Fondu tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Hər iki valideynini itirən 7 şəhid övladının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Bunlara Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.

Fond rəhbəri daha sonra qeyd edib ki, beş il ərzində “YAŞAT” Fondunun büdcəsindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 milyon 246 min 250 manat vəsait xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla, ümumilikdə, 12 min 606 müraciət təmin edilib.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqamətində xərclərin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 5 milyon 952 min 970 manat təşkil edib. Həmin vəsaitin 1 milyon 381 min 242 manatı yaradıcı potensialın inkişafı üzrə həyata keçirilən layihələr üçün tərəfdaşlar tərəfindən ödənilib.Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 1 450 və yaralıların 280 müraciəti olmaqla, ümumilikdə, 1 730 müraciət təmin edilib.

Akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2 min manat təsis edilərək, ümumilikdə, 266 şəxsin (187 şəhid ailə üzvü və 79 müharibə əlili) hesabına vəsait köçürülmüşdür. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 37 milyon 911 min 765 manat təşkil edib. Belə ki, bu istiqamət üzrə şəhid ailə üzvlərinin 51 min 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 min 934 müraciəti olmaqla, ümumilikdə, 77 min 263 müraciət təmin olunub.

193 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyə Respublikasında davam edir.

Fond tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə xərclənən vəsait 7 milyon 11 min 408 manat təşkil edib. İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla, ümumilikdə, 2 min 300 müraciət təmin edilib.

Sözsüz ki, bütün bunlar “YAŞAT” Fondu tərəfindən dövlətimizin humanizm prinsiplərinə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin növbəti əyani təzahürüdür.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat