Konstitusiya Məhkəməsi
Dekabrın 12-də, anım günündə Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqilliyə qovuşmasında böyük pay sahibi olub. Qeyd olunub ki, Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil və suveren Azərbaycanın dinamik inkişafı, beynəlxalq miqyasda sarsılmaz mövqeyi və böyük nüfuzu dahi rəhbərin arzularının çiçək açması, həyata keçməsidir.
Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” kitabının təqdimatı olub. Kitabda dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, dövlətçilik fəlsəfəsi və Azərbaycan tarixində həlledici rolu sistemli şəkildə təhlil edilib.
Baş Prokurorluq
Azərbaycan Respublikasının Baş Prokurorluğunda dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi rəhbərliyin müstəqil və müasir Azərbaycanın qurucusunun büstünü ziyarət etməsi və önünə gül dəstələri qoyması ilə başlanıb.
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir. Ulu öndərin həm sovet dövründə respublikamızı böyük inkişaf yoluna çıxarması, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsi, həm də 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdaraq siyasi xaosu aradan qaldırması müasir Azərbaycanın taleyində həlledici rol oynayıb. 1994-cü il atəşkəsi, “Əsrin müqaviləsi”nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaratmışdır.
Baş prokuror vurğulayıb ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırlanması və qəbul olunması ümummilli lider Heydər Əliyevin tarixi dövlətçilik xidmətlərinin ən mühüm mərhələlərindən biridir. Bu gün ölkədə hüququn aliliyinin təmin olunması və institusional islahatların uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın verdiyi möhkəm hüquqi baza üzərində qurulub.
Eyni zamanda, Heydər Əliyev irsinin prokurorluq orqanlarının fəaliyyətində daim əsas istiqamət kimi rəhbər tutulduğu və hüququn aliliyinin təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirildiyi diqqətə çatdırılıb.
Mərasimdə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov “Ümummilli liderin konstitusiya quruculuğu irsi, müstəqil və suveren Azərbaycan modeli” mövzusunda çıxış edib.
Sonda Ulu öndərin xatirəsinə həsr olunmuş “Xalqın Adamı: Xalqını zülmətdən işığa çıxaran böyük xilaskar” sənədli filmə baxılıb.
Maliyyə Nazirliyi
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən Maliyyə Nazirliyinin kollektivi möhtəşəm abidə önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramını bildirib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycanda milli dövlət quruculuğunda, cəmiyyət və dövlətin bütün sahələrində qazanılan nailiyyətlər Ulu öndərin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının və maliyyə sisteminin davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük sevgi və ehtiramla yad ediləcək!
ADNSU
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin bir zaman tələbəsi olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) unudulmaz dahi şəxsiyyətin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tələbələrin iştirakı ilə reallaşan “Heydər Əliyev Həftəsi”ndə “Ümummilli lider Heydər Əliyev və gənclərin inkişafında rolu” mövzusunda dəyirmi masa yaddaqalan olub. Çıxışlarda vurğulanıb ki, Ulu öndər hər zaman gəncləri ölkənin gələcəyi hesab etmiş, onların bilikli, dünyagörüşlü və vətənpərvər yetişməsi üçün fundamental dövlət siyasəti formalaşdırmışdır.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetində (UFAZ) təşkil olunan geniş formatlı tədbirlərdə hər iki təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli inkişaf strategiyasının formalaşdırılmasındakı misilsiz tarixi xidmətləri xüsusi vurğulanıb. Çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin siyasi irsi yalnız bir dövrün deyil, müasir Azərbaycanın davamlı inkişaf modelinin ideya əsasını təşkil edir. Onun müəyyən etdiyi dövlət quruculuğu kursu, enerji siyasəti, iqtisadi tərəqqi və güclü ordu strategiyası Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərin təməlində dayanır.
Anım mərasimi çərçivəsində universtetin Kitabxana İnformasiya Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş ənənəvi sərgi təşkil edilib. Sərgidə Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, elmi və mədəni tərəqqisinə verdiyi mühüm töhfələri əks etdirən kitablar, sənədlər və fotomateriallar nümayiş etdirilib.
Bakı Sağlamlıq Mərkəzi
Heydər Əliyevin anım günü ilə bağlı Bakı Sağlamlıq Mərkəzində keçirilən mərasimin əvvəlində Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin icraçı direktoru, dosent Asiman Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və başqaları mərasimdə çıxış ediblər. Natiqlər bildiriblər ki, Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Mərasimin sonunda Ulu öndərin qurucusu olduğu YAP-ın sıralarına yeni qəbul edilmiş Bakı Sağlamlıq Mərkəzi həkimlərinə üzvlük vəsiqələri təqdim olunub.
Əqli Mülkiyyət Agentliyi
Ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda onun məzarını ziyarət edib.
Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov başda olmaqla, ziyarətçilər dünya şöhrətli siyasət və dövlət xadiminin əziz xatirəsinə sonsuz ehtiram duyğularını ifadə edib, abidəsi önünə gül dəstələri düzüblər.
Eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyeva, ictimai-siyasi xadimlər Əziz Əliyev və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad olunub, abidələri önünə gül dəstələri qoyulub.
Nəsimi
“Zamanın sınağından keçən böyük şəxsiyyət” – Paytaxtın Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi bu adı daşıyırdı.
Mərasimdən öncə gənc rəssam İsmayıl Hacıyevin Ulu öndərə və Qarabağa həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, millət vəkili Ziyad Səmədzadə və YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış ediblər. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, xatirəsinə həsr olunmuş musiqi nömrələri səsləndirilib.
Binəqədi
H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndərin izi ilə – nəsildən nəsilə” adlı gecə təşkil olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd edib ki, müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdən idi. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu öndərin adı ilə sıx bağlıdır.
Məktəbin tarix müəllimi Fatma Abbasəliyeva dahi şəxsiyyətin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışıb, Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.
Gecədə şagirdlərin ifasında Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri səsləndirilib.
Qaradağ
Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Ümummilli liderin əziz xatirəsi böyük ehtiramla anılıb.
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün göstərdiyi əvəzsiz xidmətləri, apardığı islahatları və ölkəmizin müstəqilliyini qoruma yolundakı yorulmaz mübarizəsini yad etmək məqsədilə keçirilən mərasimdə yüzlərlə rayon sakini, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər ictimaiyyət üzvləri iştirak edirdi. Dünya şöhrətli dövlət xadiminin abidəsi önünə əklil və gül dəstələri qoyulub, ruhuna minnətdarlıq duyğuları ifadə olunub.
Eyni zamanda, mərasim çərçivəsində rayonun bütün qəsəbələrində yerləşən məscidlərdə Ulu öndərin ruhuna dualar oxunub, Heydər Əliyevin bu gün də yalnız tarixdə deyil, hər birimizin gündəlik həyatında, düşüncələrində və ruhunda yaşadığı vurğulanıb.
YAP Qaradağ Rayon Təşkilatı və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – müasir Azərbaycanın memarı” mövzusunda dəyirmi masa da yaddaqalan olub. YAP rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verib. “Heydər Əliyev – müasir Azərbaycanın memarı” adlı videoçarx nümayiş etdirilib.
Dəyirmi masa ətrafında söz alan natiqlər böyük inamla bildiriblər ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs üzrə uğurla addımlayan Azərbaycan gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq.
Suraxanı
Bu rayonda “Bir millətin işığına çevrilmiş lider” adlı anım mərasimi keçirilib.
İştirakçılar ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər. Mərasimin əvvəlində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, “Mədəniyyət kanalı” tərəfindən hazırlanmış “Yadigarlar” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Sonra çıxışlar olub.
Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidməti Suraxanı rayon idarəsinin rəisi, polkovnik Rauf Məmmədov ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə ehtiramla nəzər salıb və qeyd ediblər ki, adını XX əsrin siyasi tarixinə qızıl hərflərlə yazdırmış dahi lider Azərbaycan dövlətçiliyini ideoloji, institusional və hüquqi əsaslar üzərində formalaşdırıb, məhz onun qətiyyətli siyasi iradəsi nəticəsində müstəqil Azərbaycan parçalanma və xaos təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub. Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycanın regional və qlobal müstəvidə artan nüfuzu Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübut edir.
Mərasim Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Yasamal
Rayon ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anım günündə onun əziz xatirəsini dərin ehtiramla yad edib.
Bununla əlaqədar dünən rayon ictimaiyyəti üçün Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Mərasimdə Ulu öndərin ruhuna dualar oxunub, Qurandan surələr səsləndirilib. Mərasimdə rəsmi şəxslər, ziyalılar, şəhid ailələri və qazilər, aztəminatlı şəxslər iştirak ediblər.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə RİH aparatının kollektivi, hüquq-mühafizə orqanları və YAP Yasamal rayon təşkilatı Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib. Burada Ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Pirallahı
Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi təşkil olunub.
Şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi məclisdə rayon icra hakimiyyətinin başçısı Vasif İmanov ümummilli lider Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etdiyini bildirib. O qeyd edib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi inkişafında, beynəlxalq arenada nüfuzunun artmasında Ulu Öndərin misilsiz xidmətləri olub.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Heydər Əliyev müasir dünya tarixinə böyük dövlət xadimi, fitri istedad sahibi və müdrik lider kimi daxil olmuşdur. N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Vasif Eyvazov və Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova Ulu öndərin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan minnətdarlıq duyğuları ilə söz açıblar.
Səhifəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ









