Heydər Əliyevin ümummilli liderlik salnaməsi

post-img

(əvvəli qəzetin ötən saylarında)

9. Azərbaycana ikinci rəhbərlik
(Bakı, 1993–2003)

Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası dünyanın əsas neft istehsalı mərkəzlərindən birinə çevrilmişdir.

Neftlə bərabər, sənayenin digər sahələri, xüsusilə qabaqcıl texnika və texnologiyaya əsaslanan sahələrin inkişafı diqqət mərkəzində olmuşdur. Bunun üçün sənayenin əsas göstəricilərinə və sahələr üzrə sənaye məhsullarının həcminə dair məlumatlara nəzər salmaq kifayətdir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən Azərbaycan Respublikasında olan sənaye müəssisələrinin sayı 2 min 306 idisə, 2002-ci ildə bu rəqəm 5 min 202, yaxud 2 min 896 (55, 67 faiz) müəssisə çox idi. Sənaye sahələri üzrə məhsulun həcmində də irəliləyişlər çox idi. Mədənçıxarma sənayesi üzrə bu göstərici 1993-cü ildəki 9,4 milyard manatdan artaraq 9,7 milyard manata çatmışdı. Emal sənayesində bu göstərici müvafıq olaraq 99,2 faiz və 8,3 milyard manat olmuşdu.

Sənaye ilə birgə kənd təsərrüfatının ümumi məhsulunda da ciddi artım müşahidə edilmişdi. Əgər 1993-cü ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 52,3 milyard manat idisə, 2002-ci ildə bu rəqəm 6,4 milyard manata yüksəlmişdi.

Respublika iqtisadiyyatının əsaslı tikinti, rabitə-nəqliyyat və digər sahələri də sabit inkişaf yoluna qədəm qoymuşdu. Heydər Əliyev iqtisadi siyasətinin ən uğurlu cəhətlərindən biri də planlı-sosialist təsərrüfatından azad bazar iqtisadiyyatina keçilməsinin təmin edilməsi olmuşdu. Özəlləşdirmə siyasəti uğurla həyata keçirilmiş, yeni sahibkarlar təbəqəsi təşəkkül tapmış, istehsalın strukturunda özəl bölmənin payı artmışdı.

Heydər Əliyevin idarəetmə siyasətində xalqın rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması, bir sözlə, bütün tədbirlərin sosialyönümlü olması həmişə önəmli yerə malik olmuşdur. Bu, ilk növbədə, dövlət büdcəsindən sosial məsələlərin həlli üçün ayrılan vəsaitin ildən-ilə artırılmasmda əksini tapmışdır. Digər tərəfdən, əhalinin pul gəlirləri də yüksələn xətlə çoxalmışdır. Əgər 1993-cü ildə hər nəfərə düşən pul gəlirləri 18,4 manat olmuşdusa, 2002-ci ildə bu rəqəm 2 min 629 manat olmuşdur. Əhalinin pul gəlirlərinin əsasını təşkil edən əmək haqqı, pensiya təminatı artırılmışdır. Bununla birgə, pul gəlirlərinin yüksəlməsində sahibkarların rolu genişlənmişdir. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır. Bunun üçün 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Yoxsulluğun azaldılması da əsas istiqamətlərdən biri idi. Bunun üçün dövlətin sosial sahədə tədbirlərinin genişləndirilməsi ilə birgə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə xüsusi fıkir verilirdi.

Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti qurulması sahəsində uğurlu addımlar atılmışdır.

O, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi çoxpartiyalı sistemin təşəkkülünə diqqət yetirirdi. Partiya quruculuğu sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın cəmiyyətdə mövqe və nüfuzu artmağa başladı. YAP müxalifət partiyasından hakim partiyaya çevrildi. YAP-ın aparıcı qüvvə olduğu çoxpartiyalı sistem yarandı.

Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranması və fəaliyyətinin genişlənməsində də yeniliklər özünü göstərmişdi. Ölkədə qeydiyyatdan keçmiş 1400-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsi bunun bariz nümunəsi idi.

Heydər Əliyev cəmiyyət həyatının inkişafında söz və mətbuat azadlığına böyük önəm vermişdir. Bu sahədə ardıcıl və kompleks tədbirlər həyata keçirilmişdir. Onların içərisində “Azərbaycan Respublikasında söz, fıkir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman xüsusi yer tutur. Bu fərmanla, faktiki olaraq, senzura qurumu olan Mətbuatda Dövlət Sirlərini Mühafızə edən Baş İdarə ləğv olunmuşdur.

Heydər Əliyev Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsini daim diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə milli təhlükəsizlik orqanları möhkəmləndirilmiş, Azərbaycan xalqına qarşı yönəlmiş terror və casusluq fəaliyyətinin üstünün açılması üzrə işlər gücləndirilmişdir. Azərbaycanda əsl ordu quruculuğu, bilavasitə, Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin əməli fəaliyyəti nəticəsində ordudakı başıpozuqluq aradan qaldırıldı. 1993-cü il noyabrın ortalarından Ermənistanın yeni hücumlarının qarşısı alındı. 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Horadiz qəsəbəsilə birgə 22 kənd düşməndən təmizləndi. Cəbrayıl və Kəlbəcər rayonunun bir sıra yaşayış məskənləri azad edildi.

Azərbaycana alçaldıcı müqaviləni qəbul etdirmək üçün düşmən aprelin 10-da güclü hücuma keçdi. Azərbaycan ordusu bunun qarşısını ləyaqətlə alıb, düşmənin planını boşa çıxardı. 1994-cü il mayın 8-də atəşkəs haqqında Bişkek (Qırğızıstan) protokolu imzalandı. Azərbaycan vəziyyətdən istifadə edərək nizami ordu hissələrini möhkəmləndirdi, onun professional zabit kadrları ilə möhkəmləndirilməsini, hərbi texnika ilə təchizatını yaxşılaşdırdı. Azərbaycan ordusunun beynəlxalq əlaqələri də fəallaşmağa başladı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə olduğu kimi, bu dövrdə də milli-mənəvi inkişafa xüsusi qayğı göstərilmişdir. Elm və təhsil sahəsində yeni uğurlar əldə edilmişdir. Bazar iqtisadiyyatına keçidin elm və təhsil sahəsində yaratdığı problemlərin həllinə xüsusi diqqət yetirilmişdir.

Yeni cəmiyyət formalaşması mədəniyyətin inkişafında daha dərin dəyişikliklərlə müşahidə edilmiş, mədəniyyətin bütün sahələrinə dövlət qayğısı artırılmışdır. Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli-mənəvi inkişafın əsas zəmini olmuşdur.

Ulu öndər bu barədə demişdir: “Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq...

Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli–mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının xarici siyasət xəttini hazırlaması və həyata keçirməsi olmuşdur. Heydər Əliyev xarici siyasət xəttinin əsas istiqaməti haqqında demişdir: “Azərbaycan öz coğrafi və coğrafi-siyasi mövqeyinə görə Avropa ilə Asiyanın qovşağındadır, lakin həm Avropa, həm Asiya, həm də Qərb yarımkürəsinin ölkələri ilə, dünyanın bütün ölkələri ilə xoş münasibətlər yaratmağa çalışır... Əlbəttə, bu zaman Azərbaycan qonşu ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir, şimal qonşumuz Rusiya ilə, habelə bizimlə həmsərhəd olan Türkiyə və İranla aramızda normal münasibətlər var. Biz Gürcüstanla normal münasibətlər yaratmışıq, lakin aramızda böyük sərhəd olan Ermənistanla müharibə vəziyyətindəyik”.

Xarici siyasətin mərkəzi məsələsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət təşkil edirdi. Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamış, respublika ərazisinin 20%-ni işğal etmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında 822, 853, 874 və 884-cü qətnamələr qəbul etmişdir. ATƏM-in (sonralar ATƏT) Nazirlər Şurası isə problemi həll etmək məqsədilə Minsk qrupu yaratmışdır. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq planlarının qarşısını ala bilməmişdir.

Heydər Əliyev vəziyyəti nəzarət altına almaq məqsədilə atəşkəs haqqında razılaşmaya nail oldu. ATƏM və onun Minsk qrupu çərçivəsində fəaliyyət gücləndirildi. Heydər Əliyevin səyi nəticəsində ATƏT-in Lissabon sammitində (1996-cı il) Ermənistan istisna olmaqla, 53 dövlət onun ərazi bütövlüyünü tanıdı. Bu sammitdə Minsk qrupu yeni formatda təşkil edildi. 1999-cu ilin aprelindən başlayaraq münaqişənin həlli üçün Azərbaycan və Ermənistan prezidentlərinin dialoqları keçirilməyə başladı. Heydər Əliyev bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafıə etmiş, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Azərbaycanın xarici siyasətinin sülh və mehriban dostluq prinsipinə əsaslanması digər qonşular ilə münasibətdə özünü daha aydın göstərmişdir. Heydər Əliyev ilk xarici səfərini Rusiya Federasiyasına etmiş, şimal qonşusu ilə səmərəli münasibətlər yaratmağa nail olmuşdur.

Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlər Heydər Əliyev tərəfindən tarixdə analoqu olmayan bir səviyyəyə qaldırılmış, “bir millət, iki dövlət” aforizmi münasibətlərin sadə və aydın ifadəsinə çevrilmişdir.

Heydər Əliyev Gürcüstanla münasibətləri də strateji əməkdaşlıq səviyyəsinə qaldırmağa nail olmuşdur. Azərbaycan dövlətinin xarici siyasət xəttində ABŞ-la əməkdaşlığa böyük diqqət verilirdi. Bunun nəticəsi idi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş, Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından birinə çevrilmişdir.

Heydər Əliyev uğurlu diplomatik fəaliyyəti nəticəsində 1992-ci ildə ABŞ Konqresinin “Azadlığı Müdafıə Aktına 907-ci əlavənin” fəaliyyətinin dayandırılmasına nail oldu. Azərbaycan həm Avropa, həm də Asiyanın nüfuzlu dövlətləri ilə yüksək ikitərəfli münasibətlər yaratdı. Heydər Əliyevin xarici siyasət xətti Azərbaycanın dünya birliyində nüfuzunu artırmış, beynəlxalq təşkilatlarla əlaqələrini yeni səviyyəyə yüksəltmişdir. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına (AŞ) üzvlüyə qəbul olunmuşdur.

Heydər Əliyevin unudulmaz dövlətçilik fəaliyyəti ona ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də böyük nüfuz qazandırmış, yüksək mükafatlara, orden və medallara layiq görülmüşdür.

Heydər Əliyev, demək olar ki, həyatının bütün dövrlərində onun miqyasına uyğun olaraq, müəyyən maneələr ilə rastlaşmış, onları dəf etməyə və daim irəliləməyə nail ola bilmişdir.

Məhz bu maneələr, onların dəf edilməsi naminə aparılan mübarizələr onun siyasi iradəsinə təsir edə bilməsə də, tədricən səhhətində problemlər yarada bilmişdir. Moskvada keçirdiyi infarktın nəticələri də özünü göstərməkdə idi. O, 2003-cü il aprelin 19-da öz yetişdirməsi olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyi münasibətilə tədbirdə iştirak etmişdir. Aprelin 21-də isə Respublika Sarayında hərbi liseyin 30 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq söyləmişdir. Kürsüdə nitq söyləyən zaman geniş infarkt keçirmiş, buna baxmayaraq, yenidən səhnəyə qayıtmış və nitqini tamamlamışdır. Bu iki ziddiyyətli proses onun həyatının daha bir mərhələyə qədəm qoyduğunun əksi idi.

Heydər Əliyev ömrünün son, bu dəfə həyat uğrunda mübarizəsinə qədəm qoymuşdur. O, bu hadisədən sonra yenilməz iradə nümayiş etdirərək, may ayının 5-dək fəaliyyətini davam etdirmişdir. O, bu dövrdə (22 aprel–5 may) 3 dəfə - ABŞ-ın Azərbaycandakı səfiri, İranın xarici işlər naziri Kamal Xarrazini və Ukraynanın səfiri Boris Aleksenko ilə görüşlər keçirmiş, 13 dəfə müxtəlif ölklələrin rəhbərlərinə və digər şəxslərə məktub və ya müraciət ünvanlamışdır.

Heydər Əliyev yalnız mayın 5-də müayinə olunmaq üçün Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasına (5–12 may) getmişdir. Heydər Əliyev 10 mayda anadan olmasının 80 illiyini də məhz burada qeyd etməli olmuşdur. Həmin gün Türkiyənin prezidenti, baş naziri və müavini, doqquzuncu prezident Süleyman Dəmirəl və Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Heydər Əliyevi ziyarət etmişdir.

May ayının 12-də müayinəsini başa çatdıraraq fəaliyyətini yenidən (13 may–8 iyul) davam etdirmişdir. Müayinədən qayıdan Heydər Əliyev aktiv fəaliyyətini davam etdirmiş, bu müddət ərzində 17 görüş keçirmişdir. Son görüş Kiyev vilayəti administrasiyasının sədri Anatoli Zasuxanın başçılıq etdiyi nümayəndə heyəti ilə olmuşdur. Heydər Əliyev bu dövrdə müxtəlif ünvanlara qırx altı dəfə müraciət etmişdir.

Heydər Əliyev iyulun 8-dən müayinə olunmaq üçün yenidən Gülhanə Hərbi Tibb Akademiyasına getmişdir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat vermişdir. Məlumatda deyilirdi ki, “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 8-də Gülhanə Tibbi Akademiyasında tibbi müayinədən keçmək üçün Ankaraya getmişdir”. O, iyulun 8-dən-avqustun 6-dək müalicəsini burada davam etdimişdir. Bu dövrdə Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Heydər Əliyev avqustun 2-də İlham Əliyevin Baş nazir təyin edilməsi üçün Milli Məclisə müraciət etmiş, Milli Məclisin razılığından sonra İlham Əliyev avqustun 4-də baş nazir təyin edilmişdir. Beləliklə, çox qısa olsa da, gələcək prezidentin həyatında baş nazirlik təcrübəsi də yaranmışdır.

Bu dövrdən başlayaraq, Heydər Əliyev üçün məktub və müraciətlər əsas ünsiyyət vasitəsinə çevrilmişdir. Qeyd edilən müddətdə iyirmi bir belə məktub və müraciət qeydə alınmışdır. Heydər Əliyev Gülhanə Hərbi Tibb Akademiyasından sonra müalicəsini ABŞ-ın Klivlend klinikasında (6 avqust–12 dekabr) davam etdirmişdir. Qeyd edilən müddətin birinci dövründə (6 avqust–31 oktyabr) Heydər Əliyev prezidentlik fəaliyyətini davam etdirmiş, əlli bir dəfə müxtəlif ünvanlara məktub və müraciətlər göndərilmişdir.

Bu dövr eyni zamanda, Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi ilə əlamətdar idi. Heydər Əliyev oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək, İlham Əliyevə səs verməyə çağırmışdır. Müraciətdə deyilirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

O, oktyabrın 10-dakı ikinci müraciətində isə prezident seçkilərində namizədliyini özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Baş nazir İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdir. İlham Əliyev 15 oktyabrda Azərbaycan Respublikasının yeni prezidenti seçilmişdir. Oktyabrın 20-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolu təsdiq edilmiş, oktyabrın 28-də Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinin təsdiq etmiş və İlham Əliyevin prezident seçilməsini rəsmən elan edilmişdir.

Oktyabrın 31-də Heydər Əliyevin fərmanı ilə İlham Əliyevin Baş nazir vəzifəsindən azad edilmiş, elə həmin gün onun andiçmə mərasimi keçirilmişdir. İlham Əliyev andiçmə mərasimində demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Beləliklə, Heydər Əliyevin Azərbaycan Respublikasında ikinci hakimiyyəti ən yüksək dövlətçilik ənənəsinə uyğun olaraq başa çatmış, hakimiyyət Konstitusion yol ilə Prezident İlham Əliyevə keçmişdir. Bu siyasi nailiyyət Azərbaycan dövlətçiliyinin tərəqqisi üçün möhkəm baza yaratmışdır.

10. Post-prezidentlik dövrü
(ABŞ, 2003, 31 oktyabr–12 dekabr)

İlham Əliyevin prezident fəaliyyətinə başlaması ilə Heydər Əliyevin həyatında yeni bir dövr – post-prezidentlik dövrü başlamışdır. Bu dövrdə (31 oktyabr–12 dekabr) görkəmli dövlət xadiminin Klivlend klinikasında müalicəsi davam olunmuşdur. Bu müalicə istənilən nəticəni verməmiş, Heydər Əliyev 2003-cü il dekabrın 12-də gözlərini həyata əbədi yummuşdur.

Bu barədə rəsmi məlumatda deyilirdi: “Azərbaycan xalqı bu günlər sonsuz kədər hissi içərisindədir. Otuz ildən artıq bir dövrdə ölkəmizə rəhbərlik etmiş görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əlirza oğlu Əliyevin əbədiyyətə qovuşması Vətənimiz və xalqımız üçün əvəzsiz itkidir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır”.

Heydər Əliyevin cənazəsi dekabrın 14-də Bakıya gətirilmiş, Ümumxalq matəm günü keçirilmişdir. Bu gündə dünyanın bir sıra dövlətlərinin başçıları və nümayəndə heyətləri Azərbaycanın böyük oğlunun vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdir. Heydər Əliyev dekabrın 15-də Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Təqdim edilən bioqrafik icmal Heydər Əliyevin ümummilli liderlik tarixinin əsas istiqamətlərini göz önündə canlandırır. Lakin Ümummilli liderin həyat bioqrafiyası onun əbədiyyətə qovuşmasından sonra da yolumuza işıq salan irsi ilə davam edir. Bu baxımdan müasir Azərbaycanın bütün uğurlarında bu irsin xüsusi payı var.

Kərim ŞÜKÜROV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor



Sosial həyat