Azərbaycanlı QHT sədri BMT-nin konfransında çıxış edib

post-img

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən konfransının 12-ci plenar iclasında “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva interaktiv dialoq zamanı “Qadınların səslərinin təşviqi: Mədəni ifadədən ədalətə çıxışa” mövzusunda danışıb.

XQ xəbər verir ki, ictimai birliyin sədri təmsil etdiyi ölkənin şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olduğunu vurğulayaraq, müasir Azərbaycan qadınının keçdiyi tarixi yoldan, Azərbaycan qadınının qazandığı uğurlardan bəhs edib.

O, bütün bunlarla yanaşı, indi dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda qadınların səsinin daha geniş şəkildə eşidilməsinin vacibliyindən, mədəni ifadə vasitələrinin qadın hüquqlarının müdafiəsində və ədalətə çıxış imkanlarının artırılmasında xüsusi rolundan söhbət açıb. Professor, həmçinin mədəniyyət, təhsil və ictimai təşəbbüslərin qadınların cəmiyyətdə fəallığının artırılmasına töhfə verdiyini diqqətə çatdırıb.

Natiq rəhbərlik etdiyi ictimai birliyin yaradıcı qadınların ictimai həyatda daha fəal iştirakını təmin etmək üçün gördüyü konkret işlərdən söhbət açıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, müxtəlif ölkələrin qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə birgə fəaliyyətinin vacibliyini ön plana çəkib.

Qeyd edək ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının konfransı qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təmsilçisinin belə bir mötəbər tədbirdə iştirakı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mümkün olub.





Sosial həyat