Gürcüstanın ikinci ən böyük şəhəri olan Rustavidə Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri, valideynlər şəhərdəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Raida Dərziyeva Ulu öndərin həyat və fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, dünya ölkələri arasında layiqli yer tutmasına həsr etmişdir. Onun yürütdüyü müdrik və uzaqgörən siyasəti bu gün uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır.
Raida Dərziyeva daha sonra deyib ki, xalqımız 12 dekabrı ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir: “Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub”.
Ə.PAŞA
XQ

