Slovakiya ilə əməkdaşlıq Azərbaycanı Avropaya daha da yaxınlaşdırır

post-img

Siyasətdə böyük işlər görmək üçün hər incə detalı düşünmək lazımdır. Əsrlərdən bəri indiyə qədərki hadisələr göstərir ki, siyasi proseslərdəki incə detallar böyük uğurların və qələbələrin başlanğıcı olur. Çünki bu sahədəki hər bir addım, hər bir söz və hər bir qərar gələcək hadisələrin istiqamətini müəyyənləşdirir.

Bratislavada imzalanan sənədlər, keçirilən görüşlər onu sübut etdi ki, Azərbaycan artıq Avropanın tam mərkəzindədir. Son 5 il ərzində, ələlxüsus Vaşinqton sazişinə qədər Fransa və Makronistlərin Avropa ilə Azərbaycanın əlaqələrini pozması cəhdləri fonunda Şərqi Avropa ölkələrinin ardından artıq Mərkəzi Avropa istiqamətində Azərbaycan öz müttəfiqlərinin sayını durmadan artırmaqdadır. Bu, kiçilən dünyada böyük dövlət olmaq deməkdir!

Avropa siyasəti uzun illərdir ki, ideyalar və maraqlar arasında tarazlıq axtarışı üzərində qurulub. Bu məkan təkcə iqtisadi və siyasi ittifaqların coğrafiyası deyil, həm də qlobal sivilizasiya yönümlü düşüncənin laboratoriyasıdır. Məhz bu səbəbdən Avropaya edilən hər diplomatik səfər özündə siyasi məna ilə yanaşı, daha dərin fəlsəfi məzmun da daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri Avropanın yeni təhlükəsizlik arxitekturası formalaşdığı bir dövrdə baş verdi. Bu dəyişən sistemin fəlsəfəsində iki əsas çalar önə çıxır. Müasir Avropa siyasi düşüncəsində güc anlayışı yenidən şərh olunur. Artıq yalnız iri dövlətlərin diktəsi deyil, etibarlı, proqnozlaşdırıla bilən və funksional tərəfdaşlıq təklif edən dövlətlər də strateji mərkəzə çevrilir. Azərbaycan enerji sabitliyi, nəqliyyat arteriyalarının açılması və regional sülhün təşviqi ilə Avropanın yeni güc konseptinə uyğun gəlir.

Avropa postsənaye dövrünün enerji asılılığını azaltmaq, təchizatı şaxələndirmək, siyasi fraqmentasiyadan qaçmaq kimi çağırışlarını yaşayır. Bu mənada, Azərbaycanla əməkdaşlıq sadəcə siyasi qərar deyil, Avropanın öz siyasi - fəlsəfi seçiminin nəticəsidir – əsaslı, dayanıqlı və etik tərəfdaş seçimi.

2020-ci ilin 44 günlük müharibəsindən və 2023–cü ilin payızında antiterror tədbirlərindən sonra Azərbaycan xarici siyasətinin paradiqmalarında suverenlik fəlsəfəsi, funksional tərəfdaşlıq modeli kimi istiqamətlər ön plana çıxdı. Azərbaycan postmüharibə dövründə xarici siyasətini heç bir blokdan asılı olmayan, lakin bütün qütblərlə əməkdaşlığa açıq model əsasında qurur.

Slovakiya Mərkəzi Avropa regionunda yeri və enerji təhlükəsizliyinə artan tələbatı ilə Azərbaycan üçün yeni siyasi meydan açır. Bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də Azərbaycan–Aİ əlaqələrinin dərinləşməsi üçün körpü rolunu oynayır.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Səfər zamanı Slovakiya rəhbərliyinin ölkəmizə göstərdiyi yüksək siyasi diqqət, aparılan danışıqların məzmunu və imzalanan sənədlər tərəflərin əməkdaşlığı dərinləşdirmək iradəsini açıq şəkildə ortaya qoydu.

Təsadüfi deyil ki, Slovakiyanın aparıcı media orqanları – TASR xəbər agentliyi, “TA3” telekanalı, “Dennik“, “Slovak Spectator“, “Hospodarske noviny” qəzetləri və digər mətbu orqanları rəsmi səfər, keçirilən görüşlər və imzalanan sənədlərlə bağlı geniş silsiləli xəbərlər yayıblar. Yerli media orqanları və ekspertlər səfər zamanı keçirilən görüşləri və imzalanan sənədləri Azərbaycan–Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım kimi qiymətləndiriblər.

Vurğulanıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini və Baş nazir Robert Fitso ilə danışıqlar dostluq və qarşılıqlı hörmət ruhunda keçib.

Görüşlərdə enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi məsələləri əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bəyan edib ki, “ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər”. Prezident İlham Əliyevin Slovakiyaya istənilən vaxt əlavə qaz tədarük etməyə hazır olması barədə bəyanatı Avropada enerji xəritəsinin yenilənməsində Azərbaycanın davamlı rolunun təsdiqidir.

Bu, həm də Slovakiyanın gələcək enerji strategiyasında Azərbaycanın xüsusi yer tutacağını göstərir. Tərəflər “yaşıl enerji” layihələri, elektrikötürmə xətləri və logistika zəncirinin genişləndirilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Danışıqlar zamanı hər iki ölkənin müdafiə sənayesi müəssisələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Qeyd edilib ki, Azərbaycan və Slovakiya birgə istehsal sahələrini inkişaf etdirməklə beynəlxalq bazarlara yeni məhsullar çıxara bilərlər. Hərbi–texniki əməkdaşlıqda yeni meyillər Azərbaycanın postmüharibə dövründə müdafiə sənayesinin modernləşdirmə strategiyasının davamıdır və bu aspektsən Slovakiya təcrübəsi də kifayət qədər maraq kəsb edir.

Görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, ticarət dövriyyəsinin və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Beləliklə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri təkcə ikitərəfli münasibətlərdə yeni səhifə açmadı, həm də Azərbaycan–Avropa münasibətlərinin strateji dərinliyini bir daha nümayiş etdirdi. Enerji, nəqliyyat, müdafiə sənayesi və iqtisadiyyat sahələrində əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığın çoxşaxəli inkişafını təmin edən möhkəm siyasi baza formalaşdırır.

Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı xarici siyasət xətti təkcə praktiki diplomatiyanın deyil, həm də geosiyasətin fəlsəfəsi nəzəriyyəsi kimi dəyərləndirilməlidir. Bu yanaşmanın mahiyyətində bir neçə təməl dayanır: suverenlik prinsipi, funksional tərəfdaşlığın praqmatik konstruksiyası və çoxtərəfli münasibətlər sistemində tarazlıq yaratmaq bacarığı.

Nəticə etibarilə, Azərbaycanın postmüharibə dövrü xarici siyasəti artıq regional siyasət çərçivəsindən çıxaraq müəyyən fəlsəfi-ideoloji məktəb formalaşdırır. Bu məktəb suverenliyə söykənən dövlətçilik modelinin, funksional əməkdaşlıq platformalarının inşası ilə seçilir. Bu mənada, Azərbaycan Respublikasının xarici siyasətdə əldə etdiyi son uğurlar yalnız diplomatik nailiyyətlər toplusu kimi deyil, həm də ölkənin müasir beynəlxalq sistemdə öz strateji mövqeyini ideoloji, fəlsəfi və konseptual əsaslar üzərində möhkəmləndirdiyini göstərən siyasi-fəlsəfi manifest kimi dəyərləndirilə bilər.

Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri

Siyasət