Ukraynada davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün səylər davam edir. Doğrudur, hələ konkret nəticələrə gəlinməsi mümkün olmayıb, amma məsələ ətrafında dialoq və səfərlər intensiv xarakter alıb. Hətta son zamanlar Ukrayna mövzusu ilə bağlı ABŞ və Avropa İttifaqı arasında müəyyən ziddiyyətlər də yaranıb. ABŞ-ın təklif etdiyi sonuncu sülh təklifi istər Ukrayna, istərsə də avropalı müttəfiqlər tərəfindən birmənalı qarşılanmamış, ciddi fikir ayrılıqları ilə müşayiət olunmuşdu.
Son günlərdə aparılmış intensiv ABŞ-Aİ-Ukrayna danışıqları ziddiyyətləri bir qədər aradan qaldırmağa imkan vermiş olsa da, yenə də konkret qərarların qəbuluna nail olunmayıb. Məsələni çətinləşdirən sülh təkliflərində Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı sualların qalmasıdır. Bu, Ukrayna rəhbərliyinin başlıca narahatlığı olaraq qalır.
Avropa İttifaqında hesab edirlər ki, məqsəd təkcə Ukraynadakı müharibəyə son qoymaq deyil, bununla yanaşı, bu ölkə üçün ədalətli və davamlı sülh təmin edilməlidir. Aİ hazırda bu istiqamətdə səylərini davam etdirir. Bu barədə dünən Aİ Komissiyasının sözçüsü Paula Pino da gündəlik mətbuat konfransında danışıb.
O, jurnalistlərin ABŞ Prezidenti Donald Trampın “Miladdan əvvəl” sülh razılaşmasına nail olmaq istəyi ilə bağlı sualına cavabında deyib: “Hamımız bunu istəyirik və sadəcə arzulamırıq. Hamımız çox uzun müddətdir bu dəhşətli müharibəyə son qoymaq üçün çox konkret addımlar atırıq. Buna görə də nə qədər tez bitsə, bir o qədər yaxşıdır”.
P.Pino sülh sazişi üzrə danışıqların davam etdiyinə diqqət çəkərək, Aİ nümayəndələrinin Ukrayna və ABŞ ilə danışıqlar apardığını və bu zaman Aİ-nin mövqeyinin də nəzərə alındığını qeyd edib. Onun sözlərinə görə, Ukrayna, Aİ və ABŞ-ın bu müharibəyə son qoymaqda ortaq maraqları var: “Bundan əlavə, məqsədimiz təkcə müharibəyə son qoymaq deyil, həm də həqiqətən ədalətli və davamlı sülhə nail olmaqdır. Biz bu məqsədə çatmaq üçün çox fəal şəkildə çalışırıq”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin ərazi güzəştlərinə getməsi ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, bu məsələ Ukrayna xalqı tərəfindən yalnız seçkilər və ya referendum yolu ilə həll edilə bilər.
V.Zelenski Kiyevin Rusiya qoşunları tərəfindən ələ keçirilmiş bəzi ərazilərdən imtina etməsini münaqişənin həlli üçün davam edən səylərdə “ən çətin” məqam adlandıraraq, sülh planının bu bəndində heç bir kompromis həll yolunun olmadığını iddia edib. O, dekabrın 11-də jurnalistlərlə görüşündə ABŞ-ın guya Donbasda “azad iqtisadi” və ya alternativ olaraq “silahsızlaşdırılmış” zona yaratmağı təklif etdiyini açıqlayıb. Həm də Ukrayna qoşunlarının bu ərazidən çıxarılması tələb olunur.
Ukrayna lideri qeyd edib ki, bu məsələ ilə bağlı dialoq davam edir və Kiyev bərabərlik və təhlükəsizlik zəmanətlərinə əsaslanan həll yolları axtarır. Ərazilərlə bağlı isə son qərar xalqın mövqeyinə əsaslanmalıdır: “İnanıram ki, Ukrayna xalqı bu suala cavab verəcək. İstər seçkilər, istərsə də referendum yolu ilə olsun, Ukrayna xalqı mövqe bildirməlidir. Amerikalılar da uyğun bir format axtarırlar”.
Zelenski referendumun formatını və ya vaxtını dəqiqləşdirməyib. O, əvvəllər bildirmişdi ki, Kiyevin tərəfdaşları təhlükəsizlik məsələlərini təmin edə bilsələr, Ukraynada seçkilər 60-90 gün ərzində keçirilə bilər.
Ukrayna prezidenti qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyasının statusu da mübahisəlidir və sülh müqaviləsinin son versiyası Ukrayna ordusunun hazırkı sayının təxminən 800 000 əsgər həddində saxlanılmasını nəzərdə tutur.
Zelenski bildirib ki, Ukrayna və ABŞ sülh müqaviləsinin bir hissəsi olaraq iqtisadi və yenidənqurma, eləcə də təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilələr imzalayacaqlar. Ukrayna tərəfi Amerika təhlükəsizlik zəmanətləri qrupu ilə konstruktiv müzakirə aparır: “Təhlükəsizlik zəmanətləri bütün gələcək addımlar üçün ən vacib məsələlərdən biridir. Biz artıq Budapeşt Memorandumunun mənfi təcrübəsini yaşamışıq. Buna görə də təhlükəsizlik zəmanətləri ilə bağlı bu sənəddə ukraynalıları ən çox narahat edən məsələlərə konkret cavabların olması vacibdir. Bunlar paralel proseslər ola bilər. Bəlkə də Ukrayna üçün Marşal Planına bənzər bir şey olacaq”.
P.ƏMİRCANOV
XQ

