TikTok 2025: Azərbaycanda ilham mənbələri, trendlər və önə çıxan yaradıcılar

post-img

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platformalardan olan TikTok 2025-ci ilin yekunlarını açıqlayıb. Platformanın paylaşdığı rəsmi icmalda Azərbaycanda il ərzində seçilən kreatorlar, populyar məzmun istiqamətləri və mühüm təşəbbüslər yer alıb.

Məlumata görə, 2025-ci il TikTok üçün Azərbaycanda yeni kəşflər və yaradıcılıq ili olub. İlhamverici hekayələr, kulinariya videoları, maarifləndirici layihələr, daxili turizmi və milli mədəniyyəti təbliğ edən kontentlər istifadəçilərin xüsusi marağına səbəb olub. Platforma bir daha sübut edib ki, TikTok təkcə əyləncə deyil, eyni zamanda bilik paylaşımı, biznesin inkişafı və mədəni irsin təbliği üçün də effektiv məkandır.

Kulinariya kontenti yenə zirvədə

2025-ci ildə də yemək mövzulu videolar TikTok-un ən çox izlənən kateqoriyalarından biri olub. @dadlidir.az, @jeyhunabadov, @coookholic, @shabi_faraj və digər yaradıcılar sadə, əlçatan və maraqlı reseptlərlə geniş auditoriya toplayıblar. Ev mətbəxi, kənd həyatı və peşəkar aşpaz təqdimatları izləyicilərin sevimlisinə çevrilib.

Maarifləndirici kontentə maraq artıb

İl ərzində dil öyrədilməsi, riyaziyyat və nitq mədəniyyəti mövzularında videolar xüsusilə diqqət çəkib. @lingoaz, @vugar_mammadov, @aidaaydin və digər müəlliflər əyləncəli və kreativ formatlarla bilik paylaşımını populyarlaşdırıblar.

Səyahət və daxili turizm ön planda

Azərbaycanda daxili turizmin təşviqi də TikTok-un əsas trendlərindən biri olub. @dailybaku, @ayaz__kara, @kampinist.az və @orkhanhu kimi hesablar ölkənin təbiətini, istirahət məkanlarını və səyahət imkanlarını yeni rakursdan təqdim ediblər.

Milli mədəniyyət və irs müasir formatda

Milli musiqi, rəqs, poeziya və sənətkarlıq mövzulu kontent 2025-ci ildə geniş auditoriya qazanıb. Gənc tarzənlər, rəssamlar və sənətkarlar milli irsi müasir vizual üslubla təqdim edərək gənc nəsildə marağı artırıblar.

Yerli bizneslər üçün effektiv platforma

TikTok 2025-ci ildə də azərbaycanlı sahibkarlar üçün mühüm marketinq və inkişaf platforması rolunu oynayıb. Stilzlər, dizaynerlər, restoranlar və əl işi ilə məşğul olan sənətkarlar platforma vasitəsilə öz məhsul və xidmətlərini tanıdıblar.

İlin əlamətdar layihələri

2025-ci ildə TikTok Azərbaycanda ilk dəfə Novruz bayramına həsr olunmuş genişmiqyaslı onlayn festival keçirib. #Novruz2025 həştəqi ilə 12 mindən çox video paylaşılıb. Bundan başqa, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan #AzərbaycanMüəllimləri müsabiqəsi çərçivəsində 4 mindən çox maarifləndirici video yayımlanıb.

TikTok-un regional əməliyyatlar üzrə rəhbəri Melis Çağların sözlərinə görə, 2025-ci il platformada biliklərin yayılması, mədəni irsin qorunması və müsbət rəqəmsal mühitin formalaşdırılması baxımından əlamətdar olub. Şirkət gələcəkdə də yaradıcıları, müəllimləri və sahibkarları dəstəkləməyə davam edəcəyini bildirib.

XQ



















Sosial həyat