Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, respublikamızın bütün bölgələrində olduğu kimi, Goranboy rayonunda da əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm və ardıcıl tədbirlər həyata keçirilir.
Qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında məskunlaşmış sakinlərin təhlükəsiz və rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə Goranboy şəhərində 2 ədəd dörd mərtəbəli, 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd dörd mərtəbəli, 16 mənzilli yeni yaşayış binasının tikintisinə 2023-cü ilin sentyabr ayında başlanılıb. Hazırda tikinti işləri başa çatmaq üzrədir və son tamamlama mərhələsi icra olunur.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun aidiyyəti rəhbər şəxsləri ilə birgə, Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 4 mərtəbəli, 16 mənzilli yaşayış binasında aparılan son tamamlama işləri ilə yerində tanış olub.
Baxış zamanı icra başçısı tikinti işlərinin keyfiyyətlə və qısa müddətdə başa çatdırılmasının, binaların bütün mühəndis-kommunikasiya xətləri ilə tam təmin olunmasının, eləcə də obyektlərin tezliklə sakinlərin istifadəsinə verilməsinin vacibliyini vurğulayıb. Bununla bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, həyata keçirilən bu layihələr Goranboy rayonunda sosial rifahın yüksəldilməsinə, əhalinin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunmasına, eləcə də şəhər mühitinin daha da abadlaşdırılmasına xidmət edir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri








