Mingəçevir şəhər prokurorluğunda “Açıq Qapı” günü keçirilib

post-img

Baş Prokurorluqdan XQ-yə verilən məlumatda bildirilir ki, dekabrın 23-də Mingəçevir şəhər prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub.

Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər.

“Açıq Qapı” gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər prokuroru Pərvin Quliyev çıxış edərək, bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın və ictimaiyyətlə açıq dialoqun əsas prioritetlərdən olduğunu vurğulayıb.

Şəhər prokuroru iştirakçılara prokurorluğun səlahiyyətləri, fəaliyyət mexanizmləri və gündəlik iş istiqamətləri barədə ətraflı məlumat verib, eyni zamanda qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov da çıxış edərək, respublika üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə çıxış edib. O, aparılan islahatların əsas hədəfinin vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.

Kənan Zeynalov, həmçinin prokurorluq orqanlarının media və ictimaiyyətlə əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə nəzərdə tutulan gələcək planlardan bəhs edib.

Tədbirdə iştirak edən digər peşəkar prokurorluq əməkdaşları da öz fəaliyyət sahələri üzrə məlumat verərək, praktiki təcrübələrini iştirakçılarla bölüşüblər. İştirakçılar hüquqi prosedurlar və prokurorluğun iş prinsipləri ilə bağlı suallarına ətraflı cavablar alıblar.

Tədbir zamanı iştirakçılar “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlarla yaxından tanış olub, onların istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı izahatlar alıblar.

Sonda tədbir iştirakçıları üçün maarifləndirici film nümayiş etdirilib, daha sonra prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub. “Açıq Qapı” günü xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.

Tədbirin sonunda iştirakçılarla birgə xatirə şəkli çəkilib.

XQ















Sosial həyat