"20 Yanvar 1990-cı il Azərbaycan tarixində sadəcə bir tarix deyil. Bu gün, bir millətin yaddaşına qanla yazılmış, acısı nəsillər boyu daşınacaq bir faciədir".
Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Həmin gecə sovet-rus ordusunun Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi qətliam, silahsız mülki əhaliyə qarşı həyata keçirilmiş açıq bir zorakılıq, insanlığa qarşı ağır bir cinayət idi. Küçələrdə axan günahsız qan, yarımçıq qalan gənc ömürlər, anaların fəryadı, atasız qalan uşaqlar Azərbaycan xalqının yaddaşına silinməz izlər buraxdı. 20 Yanvarı unutmadıq, unutmayacağıq!
Bu qətliam yalnız Azərbaycanın deyil, bütün türk dünyasının vicdanını sarsıtdı. O gecə Bakıda səslənən silahlar, əslində, min kilometrlərlə uzaqda da eşidildi. 20 Yanvar faciəsinin acısı Azərbaycanın sərhədlərini aşaraq Türkiyənin ürəyinə qədər çatdı. Ankarada, İstanbulda, İzmirdə, Bursada, Adanada, Diyarbəkirdə, Kırşəhərdə, Yozqatda, Qarsda qardaş Azərbaycan üçün ürəklər yandı. Sanki tanklar yalnız Bakının küçələrinə deyil, bu şəhərlərə də girmişdi. Sanki paletlərin səsi Anadolunun vicdanında əks-səda verdi. Türkiyə türkləri ekran başında donub qaldı, xəbərləri izlədikcə kədərləndi, qardaşına edilən bu vəhşiliyi öz qəlbində hiss etdi.
O gecə Türkiyədə analar anaların ağrısını anladı, atalar atasız qalan uşaqların dərdini öz ürəyində yaşadı. Küçələrdə sükut vardı, ürəklərdə isə kədər və qəzəb bir-birinə qarışmışdı. Çünki bu, uzaqda baş verən yad bir hadisə deyildi. Bu, bir millətin iki dövlətdə eyni anda yaşadığı ortaq bir faciə idi. Azərbaycana sıxılan güllələr, Türkiyədə vicdanlara sıxılmışdı.
20 Yanvar gecəsi Anadoluda hiss edilən kədər “bir millət, iki dövlət” sözünün sadəcə bir şüar deyil, qanla və göz yaşı ilə möhürlənmiş bir qardaşlıq həqiqəti olduğunu bir daha sübut etdi.
20 Yanvar gecəsi Azərbaycan xalqının əzmini sındırmağa çalışdılar. Lakin tarix başqa cür yazıldı. Tanklar bədənləri əzdi, canlar aldı, amma milli ruhu sındıra bilmədilər. Şəhidlərin qanı ilə müstəqillik yolunun ilk böyük bədəli ödənildi. Məhz bu səbəbdən 20 Yanvar yalnız matəm günü deyil, ağır olduğu qədər, hürriyyətin və milli oyanışın rəmzi olaraq qanlı-qara tarixin səhifələrinə yazıldı.
Azərbaycan xalqının sınaqları bununla bitmədi. Xocalı qətliamı insanlığın vicdanında dərin bir yara açdı. Günahsız körpələrin, qadınların, qocaların amansızcasına qətlə yetirilməsi bütün dünyaya utanc yaşatdı. Qarabağın uzun illər işğal altında qalması isə bir millətin yurd həsrəti ilə yaşamasına səbəb oldu. Minlərlə şəhid, yüz minlərlə məcburi köçkün bu ağır tarixin canlı şahidinə çevrildi.
Lakin bütün bu travmatik hadisələr Azərbaycan xalqını sındıra bilmədi. Azərbaycan yıxıldı, amma diz çökmədi. Ağrı ilə yanaşı səbr, itkilərlə yanaşı iradə böyüdü. Hər şəhid torpağa deyil, gələcəyə tapşırıldı. Hər göz yaşı bir gün qürura çevriləcək ümidlə axdı.
Tarix gec də olsa öz ədalətini göstərdi. Qarabağ Zəfəri ilə Azərbaycan sübut etdi ki, haqq gecikir, amma əsla itmir. İşğal altındakı torpaqlar azad edildi, illərlə yarımçıq qalan ədalət bərpa olundu. Bu zəfər təkcə hərbi uğur deyildi. Bu zəfər 20 Yanvardan Xocalıya, oradan Qarabağa uzanan şərəflə yazılmış bir xalq mübarizəsinin təntənəsi idi. Şəhidlərin ruhu şad oldu, millətin başı dik durdu.
Bu gün Azərbaycan müstəqil, güclü və öz taleyinə sahib çıxan bir dövlətdir. Keçmişin ağrıları unudulmur. Amma bu ağrılar Azərbaycanı zəiflətmir, əksinə, onu daha ayıq, daha güclü və daha birlik içində saxlayır. Azərbaycan artıq yalnız çəkdiyi acılarla deyil, qurduğu güclü dövlətlə, ortaya qoyduğu iradə ilə tanınır.
Bu yol asan olmadı, lakin bu yol şərəfli oldu. Azərbaycan xalqı tarixə göstərdi ki, azadlıq təsadüfən verilmir, qanla, səbrlə və əzmlə qazanılır. Bu gün dalğalanan bayraq, 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının və Qarabağ uğrunda can verənlərin müqəddəs əmanətidir.
Bu duyğularla 20 Yanvar şəhidlərini dərin ehtiram və sonsuz rəhmətlə anır, ailələrinə və bütün Azərbaycan xalqına ürəkdən başsağlığı veririk. Bilinməlidir ki, bu acılar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq dərdidir. Dünən olduğu kimi bu gün də, sabah da Türkiyə hər zaman Azərbaycanın yanındadır. Mən də bir qardaş olaraq, hər şəraitdə Azərbaycan xalqının yanında olduğumu səmimi və qürurla ifadə edirəm.
20 Yanvar şəhidləri azadlıq yolunun ilk böyük məşəlləri oldu.
Onların yandırdığı işıq bu gün müstəqil və güclü Azərbaycanın yolunu aydınladır.
Gələcək ümidlidir. Çünki bu millət tarixə bir daha əsla boyun əyməyəcəyini yazıb", - deyə S.Karakılıç əlavə edib.

