Haftonu meşəsində sovet hərbçiləri ilə qanlı atışma
Çağdaş tariximizin qürur, qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 36 il ötür. O ağır, müdhiş şənbə gecəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. Sovet hərbçiləri Bakıdan 6 gün sonra Lənkəran ərazisində də ağır qırğın törətmişdilər.
Əvvəlcə qeyd edək ki, Azərbaycan paytaxtındakı dinc əhaliyə qarşı kütləvi qırğınlarda lənkəranlılardan Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Azad Mirzəyev və Əflatun Kazımov şəhidlik zirvəsinə ucalıb.
Hər biri ailənin çırağı, bir elin dayağı idi. Telmanın cəmi 30 yaşı vardı. Liman şəhərində dünyaya göz açmışdı, 4 bacının yeganə qardaşı idi. Bakı şəhərində mühafizə polisində işləyirdi. Şuşanın Malıbəyli kəndindən növbəti xidmətdən qayıtmışdı. 20 Yanvar gecəsi vəhşicəsinə qətlə yetirilərək şəhid oldu.
Mircamal Əbülfətov isə Lənkəranda tikinti idarəsində fəhlə işləyirdi. Təzə ailə qurmuşdu. Bir qızı vardı.Tez-tez Qarabağ bölgəsinə soydaşlarımıza yardım aparırdı. 20 Yanvar faciəsində əbədiyyətə qovuşdu. Asif Əsədullayev Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmışdı. Bakı fəhləsi adına maşınqayırma zavodunda işləyirdi. İstehsalatdan ayrılmadan ali təhsil almışdı. İki uşaq atası idi. Gələcəyə böyük ümidlərlə baxır, sonsuz arzularla yaşayırdı. 20 Yanvarda ömrü qırıldı, arzuları yarımçıq qaldı.
Lənkəran şəhərində boya-başa çatmış Azad Mirzəyevin yanvarın 22-də 29 yaşı olacaqdı. Azərbaycan Dövlət İqtisad Universitetini bitirsə də, ixtisasına uyğun iş tapa bilməmişdi. Bakıda fəhlə işləyirdi. Ən böyük arzusu Azərbaycanı müstəqil, suveren dövlət kimi görmək idi. Arzusuna çatmadı. Qanlı şənbə gecəsində namərd gülləsinə tuş gəldi, ad günündə torpağa tapşırıldı.
...Yanvar şəhidlərinin izdihamlı dəfn mərasimini respublika televiziyası ilə izləyəndə bir epizod diqqətimi həmişə cəlb edib. Təxminən 5-6 yaşlı oğlan şəhid şəklini ürəyinə sıxaraq qəbrinin yanında dayanıb. Şəkildən üz-gözündən qəm, kədər yağdığı, dərin sarsıntı keçirdiyi hiss olunur. Xeyli axtarışlardan sonra həmin məsum uşağın 20 Yanvar şəhidi Əflatun Kazımovun oğlu Surac olduğunu öyrəndim.
Əflatunun uşaqlıq və məktəb illəri Lənkəranda keçib. Girdəni kəndində orta məktəbi, sonra Lənkəran şəhərindəki 34 nömrəli texniki peşə məktəbini bitirib. Ordu sıralarında xidmətdən sonra Bakıda metro tikintisində işləyib. Əflatun sovet rəhbərliyinin Azərbaycana qarşı birtərəfli, qərəzli mövqeyi ilə bir vətəndaş olaraq barışmırdı. Azadlıq hərəkatının fəallarından idi. İşdən sonra mitinqlərə gedir, Kremlin Qarabağ məsələsinə qeyri-obyektiv münasibətinə kəskin etiraz edirdi.
Yanvarın 19-dan 20-ə keçən gecə azğınlaşmış ordu tərəfindən odlu silahdan açılan atəş nəticəsində Əflatun Kazımov döş qəfəsindən və qarın boşluğundan 4 ağır yara aldı. O gecə azadlıq aşiqi ölkəmizin azadlığı, suverenliyi yolunda əbədiyyətə qovuşdu. İki oğlan, iki qız uşağı atasız qaldı. Ailənin böyük övladı Vüsalənin 7, Suracın 5, sonbeşik Vüsalın isə cəmi iki yaşı var idi. Atasının iş yoldaşları dəfn mərasimində Suracı Şəhidlər xiyabanına gətiriblər. Bu gün Suracın ocağında şəhid babanın adını daşıyan 13 yaşlı Əflatun Kazımlı böyüyür.
Yaxşı xatırlayıram. 1990-cı ilin yanvarı Lənkəranda da çox kədərli, ağır, üzüntülü keçdi. SSRİ məkanında ilk dəfə olaraq 1990-cı il yanvar ayının 11-də Lənkəranın partiya, sovet, inzibati orqnlarının fəaliyəti müvəqqəti dayandırılmışdı. Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsi tərəfindən yaradılmış müvəqqəti müdafiə şurası nəzarəti, məsuliyyəti öz üzərinə götürmüşdü. Şuranın yaydığı bəyanatda deyilirdi ki, Moskva Dağlıq Qarabağ məsələsini müsbət həll edənə qədər aksiya davam etdiriləcək.
Lənkəran hadisələri o vaxt Kremlə qədər gedib çatmışdı. Sov.İKP MK-nın fevral (1990-cı il) plenumunda Ermənistanın birinci katibi S.Arutunyan çıxışında həqiqəti təhrif edərək Lənkəran hadisələrini hakimiyyət davası adlandırmışdı.
Bakıda yanvar qırğınını törədənlər, Azərbaycanı matəmə bürüyənlər Lənkəranı da hədəf seçdilər. Qanlı Yanvarın sərt küləkləri cənub bögəsinin də başı üstündən əsdi. Lənkəranın tarixinə qanlı bir səhifə yazıldı.
...Yanvarın 26-da təpədən dırnağadək silahlanmış sovet ordusunun desant dəstələri qırğın törətmək, azadlıq mücahidlərini cəzalandırmaq məqsədilə Lənkərana daxil oldu. Azadlıq hərəkatının fəalları cəllad xislətli qüvvələrin bəd niyyətini başa düşüb üzü dağlara – Haftonu meşəliyinə çəkildilər.
Hadisələrin canlı şahidi, Lənkəran rayonundakı Haftonu qəsəbə tam orta məktəbinin direktor müavini Baləddin Calalov o günü belə xatırlayır:
– Gənc müəllim idim. 1990-cı ilin 26 yanvarı çox dəhşətli tarix kimi yaddaşımda qalıb. Gündüz saat 11 radələrində keçmiş sovet ordusuna məxsus 3 helikopter kəşfiyyat məqsədilə qəsəbəmizin üstündə 15-20 dəqiqəlik uçuş etdi. Günorta təxminən saat 14-də desantçılar tank, zirehli texnika ilə qəsəbəyə daxil oldular. Giriş-çıxış yollarını bağlayaraq hər küçəyə 10-15 əsgərin iştirakı ilə nəzarət qoydular. Əhali nə baş verəcəyini bilmirdi. Hamı təşviş, qorxu, həyəcan içində nə baş verəcəyini gözləyirdi. Desantçılar sakinləri qorxutmaq məqsədilə odlu silahlardan atəş açaraq ağır texnika ilə meşəyə tərəf qalxdılar. Onların atdıqları güllə evimizin birinci mərtəbəsində pəncərəyə dəyib şüşələri qırdı. Yaxşı ki ailəmiz zirzəmidə gizlənmişdi.
Baləddin müəllim sonra dedi ki, saat 16 radələrində 4 helikopter qəsəbənin yuxarısında “İbadi istisu” deyilən ərazidə yerə endi. BTR-lər, tanklar və helikopterlərlə silahlanmış quldur dəstəsi azadlıq mücahidlərinə qarşı hücuma keçdi. Yerdən, göydən sanki od yağırdı. Alovsaçan silahların səsi, vahiməsi müharibə səhnəsini xatırladırdı. Əməliyyat 2 saatdan çox çəkdi.
...Havadan qan iyi gəlirdi. Desantçılar beş igid, qeyrətli gənci qətlə yetirdi. Hərəkatın digər üzvlərini vəhşicəsinə döyərək vertolyotla Bakıya, istintaq təcridxanasına apardılar. Tariyel Abdullayevin qollarını arxadan bağlayıb məftili boğazına keçiriblər. Yolda boğaraq amansızlıqla qətlə yetiriblər. Cinayətin izini itirmək üçün Bakıda meyidini gizlədblər.
Dəhşətli qətliamın qurbanı olmuş 6 Vətən mücahidi nəsillərə örnək həyat yolu keçib. Azadlıq hərəkatının fəal üzvü Şahin Məmmədov Lənkəranda texniki peşə məktəbində oxuyurdu. İki bacının tək qardaşı idi. Əqidə dostu Rövşən Bədəlov avtomobil məktəbində işləyirdi. İdmanı çox sevirdi. Motosiklet yarışlarında idman ustalığına namizəd dərəcəsini qazanmışdı. Minsk şəhərində keçiriləcək çempionata hazırlaşırdı. Desantçılar hər ikisini amansızlıqla qətlə yetirib getdikləri motosikleti yandırmışdı.
Vaqif Məmmədov isə tikintidə fəhlə işləyirdi. Evli idi. Üçüncü-sonbeşik övladı bir ay əvvəl dünyaya gəlmişdi. Xalq hərəkatının fəallarından idi. 21 yaşlı Rahim Məmmədov isə peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Hər iki gənc ölkəmizin azadlığı, müstəqilliyi uğrunda gedən mübarizədə ön sıralarda idi.
Salman Baxşiyev yaşca onlardan böyük idi. Dörd övladını, ailəsini halal zəhmətlə dolandırırdı. MTS-də çilingər işləyirdi. Oğlu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Faiq Baxşiyev o dəhşətli günü belə xatırlayır:
– O vaxt 7 yaşım var idi. Atam bütün varlığı ilə doğma Azərbaycana bağlı əsl vətənpərvər idi. 20 Yanvar faciəsi baş verəndə milləti nahaqdan qırdılar, - deyib evdə hönkür-hönkür ağlamağı yadımdan çıxmır. O günlər heç yerdə qərar tutmurdu.
Sovet ordusunun qaniçən cəza dəstəsi Lənkəran üçün xüsusi plan hazırlamışdı. Hər an nəsə baş verəcəyi gözlənilirdi. Yanvarın 26-da atam, əmim Əliqismət, bibim oğlu Hicran azadlıq hərəkatının digər fəal üzvləri ilə şəhərdə və ətraf kəndlərdə qırğın olmasın deyə Haftonu meşəliyinə çəkildilər. Həmin gün atam desantçılar tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Əmim və bibim oğlunu helikopterlə Bakıya, oradan Rusiyanın Ulyanovsk şəhərinə həbsxanaya aparıblar. Onlara çoxlu işgəncələr veriblər. Müvafiq orqanların köməyi ilə 40 gündən sonra azadlığa çıxıblar. O qanlı faciəni ailəmiz, doğmalarımız daim kədərlə, həm də qürurla xatırlayır.
25 yaşlı Tariyel Abdullayev Lənkəran cihazqayırma zavodunda işləyirdi. Xocavənd rayonunun Muğanlı kəndinə tez-tez yardım aparır, soydaşlarımıza arxa-dayaq olurdu. Yanvarın 26-da Haftonu meşəsində desantçılar Tariyeli və azadlıq hərəkatının fəallarını Lənkəran şəhərindəki hərbi hissəyə gətiriblər. Burada onları möhkəm döyüb ağır işgəncələr veriblər. Hadisə şahidlərinin dediyinə görə Tariyel Abdullayev onların suallarına çox sərt cavablar verib, Vətənin azadlığı yolunda canımızı qurban verməyə hazırıq, - deyib.
Bacısı Nəzakət Ağayeva deyir:
– Ailəmiz həyəcan, təlaş içində idi. Hara müraciət edirdiksə Tariyel haqqında məlumat ala bilmirdik. Qardaşlarım, yaxın qohumlar Bakı şəhərində xəstəxanaları, ölüxanaları gəzir, Tariyelin nəşini axtarırdı. Dörd gündən sonra qardaşımın şəhadət xəbərini aldıq. Yanvar ayının 31-də Tariyel Bakı şəhərində Şəhidlər xiyabanında torpağa tapşırıldı. Sevdiyi, könül verdiyi bir qız da var idi. Novruz bayramında nişan aparacaqdıq. Faciəli qətl arzularımızı yarımçıq qoydu.
...Beləcə, 1990-cı ilin yanvarın 26-da Qanlı Yanvarın Lənkəran səhifəsi yazıldı. Qədirbilən lənkəranlılar azadlıq mücahidlərini heç vaxt unutmurlar. Faciənin ildönümündə şəhidlərin məzarları ziyarət olunur, ehsanlar verilir və əziz xatirələri böyük ehtiramla yad edilir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



