Vicdanlı əmək layiqli qiymətini alır

post-img

Əmək Məcəlləsinə edilmiş dəyişikliklər dövlətin humanist siyasətini əks etdirir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial islahatların mərkəzində layiqli əməyin təmin edilməsi, əmək hüquqlarının etibarlı qorunması və əmək münasibətlərində şəffaflığın artırılması dayanır”. Bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçirdiyi mətbuat konfransında qurumun rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusuna həsr olunmuş mətbuat konfransında deyib.

Qeyd edilib ki, 16 yanvar 2026-cı ildə dövlət başçısı tərəfindən əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişikliklər təsdiqlənib. Qəbul edilən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, daha çevik və sosialyönlü tənzimləmə mexanizmlərinin tətbiqinə, eləcə də işçi hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir.

Bildirilib ki, 2025-ci il Dövlət Əmək Müfəttişliyi Xidməti üçün institusional inkişaf və əmək münasibətlərinin rəqəmsallaşdırılması baxımından mühüm mərhələ olub. İl ərzində vətəndaşlardan daxil olmuş 21 min 897 müraciət araşdırılıb, dövlət və özəl sektordan daxil olan 21 min 675 sorğu cavablandırılıb. Aparılan araşdırmalar nəticəsində 6 min 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.

Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi vurğulanaraq bildirilib ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb. Əmək və Məşğulluq Alt Sistemi platformasında tətbiq edilən yeni funksionallıqlar, eləcə də 2025-ci ilin may ayından elektron audit mexanizminin istifadəyə verilməsi nəzarətin və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradıb.

2025-ci ilin may ayından elektron auditin tətbiqinə başlanılıb. Bu, bizə imkan yaradır ki, işçilərini istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta etdirməyən, minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri sistem üzərindən müəyyən edək, onlar barəsində inzibati məsuliyyət tədbirləri görək.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 16 yanvar 2026-cı il tarixindən etibarən bir sıra mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsində anlayışların dəqiqləşdirilməsini, müasir iş formalarının hüquqi əsaslarının yaradılmasını və işçilərin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir.

Bəzi dəyişiklikləri diqqətə çatdıran V.Quliyev bildirdi ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir. Bildiyiniz kimi, bu anlayış Əmək Məcəlləsində mövcud idi, sadəcə, ödənişli deyildi. Yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Əmək Məcəlləsində edilən dəyişikliklərin ən vaciblərindən biri isə saatlıq əməkhaqqı anlayışının tətbiqidir. Xüsusilə qeyri-iş günlərində və əlavə saatlarda çalışan işçilər üçün yeni qaydalar nəzərdə tutulub. Artıq bayram və qeyri-iş günlərində çalışan vətəndaşlara, ən azı, ikiqat əməkhaqqı ödəniləcək. Əgər işçi həmin gün bütün günü deyil, yalnız bir neçə saat işləyibsə, ödəniş məhz həmin saatlara uyğun hesablanacaq.

Əmək Məcəlləsinə edilən yeniliklərdən biri də 46 günlük əmək məzuniyyətidir. 46 günlük əmək məzuniyyəti anlayışı tamamilə yeni deyil və Əmək Məcəlləsinin 120-ci maddəsində bu barədə maddə nəzərdə tutulub. Lakin Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib. Yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər; Döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər; Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər. Dəyişikliklərdən biri də hərbi xidmətə çağırılana ödəniləcək müavinətlə bağlıdır.

Əmək Məcəlləsinə edilən bu dəyişiklik sosial baxımdan müsbət qiymətləndirilə bilər. Hərbi və ya alternativ xidmətə çağırılan işçi faktiki olaraq əmək bazarından müvəqqəti kənarlaşır və bu müddətdə onun gəlir imkanları ciddi şəkildə məhdudlaşırdı. Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinətin müəyyən edilməsi həmin dövr üçün işçinin və ailəsinin maliyyə yükünü qismən də olsa yüngülləşdirir. Bu dəyişiklik dövlətin hərbi xidmətə gedən vətəndaşın sosial təminatına daha məsuliyyətli yanaşmasının göstəricisi kimi qəbul edilməlidi.

Qeyd olunan dəyişikliklər sosial ədalətin təmin edilməsinə, xüsusilə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərin əmək hüquqlarının daha güclü şəkildə qorunmasına xidmət edir.

Yeni dəyişikliklərdən biri işçilər tərəfindən əmək funksiyasının elektron, proqram-texniki və s. vasitələrlə distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasına xidmət edir. Bu məqsədlə Məcəlləyə "Məsafədən (distant) iş" anlayışı da daxil edilib. Distant işlə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən olunacaq. Bu çərçivədə distant işin hüquqi əsasları müəyyən edilib, ailə vəzifələri olan, hamilə və valideyn işçilər üçün əlavə təminat və məzuniyyətlər genişləndirilib, əmək müqaviləsinə xitam və ödəniş mexanizmləri daha ədalətli şəkildə tənzimlənib, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tələblər gücləndirilib, eləcə də beynəlxalq standartlara uyğun yeni anlayış və yanaşmalar qanunvericiliyə daxil edilib.

Xidmət rəisi sonda bildirib ki, 2026-cı il üçün əsas hədəfimiz fəaliyyətimizi daha çox preventiv nəzarət və proaktiv yanaşma üzərində qurmaqdır. Bu baxımdan, əmək hüquqlarının pozulmasının qarşısının alınması, şikayətlərin sayının azalması, məsələlərin mümkün qədər səmərəli həlli diqqət mərkəzində olacaq.

Digər mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyə nəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır. Bu çərçivədə kadr kargüzarlığının tam elektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinin tətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

Mustafa KAMAL
XQ

Sosial həyat