Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
30 yanvar 2026-cı il tarixində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən tədbir təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca 2 Fevral – Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri cənab Azər Süleymanov Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən və YAP-ın gənclərə verdiyi önəmdən danışıb.
Sonra çıxışlar dinlənilib. Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü cənab Asif Əsgərov, YAP Gənclər Birliyinin sədri cənab Bəxtiyar İslamov və Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü xanım Gülüstan Mirzəyeva çıxış edərək gənclərin inkişafı, onların intellektual və liderlik potensialının artırılması istiqamətində görülən işlərdən bəhs ediblər.
Tədbir gənc partiya üzvləri ilə sual-cavab formatında davam etdirilib, gənclərin maraq doğuran sualları cavablandırılıb.
Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub, partiyanın siyasi həyatında fəal iştirak edən gənc fəallara isə təşəkkürnamələr verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.















